Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-01 09:26:00
Təhsil sahəsinin QHT-ləri necə işləyir?– “Qoca ekspertlər dəvət olunmasın”

 

Ölkəmizdə bir çox qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.

Təhsil sahəsində isə onların sayı olduqca çoxdu. Bəs görəsən, bu gün fəliyyətdə olan QHT-lərin gördüyü işlər qənaətbəxşdirmi? Onlar hansısa təhsil probleminin həllində məqbul sayılacaq addımlara imza ata bilirlərmi?

AzEdu.az əməkdaşı bu suallara cavab tapmaq üçün təhsil sahəsində öz yerini tutan  ziyalıların fikirlərini öyrənib:

Təhsil eksperti Almaz Həsrət təhsil sahəsində olan bir çox QHT-lərin fəaliyyətini yaxından izlədiyini və onlarla bərabər bir çox işlərə imza atdığını vurğulayıb:

“Bir çox QHT-lər məni ekspert olaraq layihələrinə dəvət ediblər. Bu da onların fəaliyyətlərini daha yaxından tanımağıma imkan yaradıb.

Mən QHT-lərin fəaliyyətindən razıyam. Çünki onlar dövlətin təhsil siyasətinə dəstək verir. Həmçinin, Təhsil Nazirliyinin prioritet məsələlərinin  reallaşdırılmasında  çox böyük fəallıq nümayiş etdirirlər.

Tanıdığım QHT-lərə misal olaraq, Asiya Güney Qafqaz Söz Azadlığı Cəmiyyəti, Təhsil Cəmiyyəti, Yeni Həyat, Yaşıl Patronu deyə bilərəm. Bu təşkilatlar müxtəlif istiqamətlərdən təhsilə dəstək verirlər.

Yaşıl Patro Cəmiyyəti  ekoloji istiqamətdə şagirdlərin təbiətə olan  sevgisinin artırılmasına kömək edir. Rəhbəri Mənzurə Rəsulzadə  respublika üzrə şagirdlərin  ekoloji biliklərinin artırılmasında  böyük fəallıq göstərir. Bu gün orta məktəblərdə təbiətə sevgi, heyvanlara mərhəmət  və qayğı hissləri  aşılanmır. Lakin bu cür təşkilatların köməyi ilə  belə  işlərə xüsusi diqqət ayrılır.

Təhsil cəmiyyəti  orta məktəblərdə müəllim və şagirdlərdə vətənpərvərlik hissinin artırılması  istiqamətində bir çox işlərə imza atır.

QHT-lər bacardıqları qədər mükəmməl fəaliyyət göstərməyə çalışırlar.

Nazir Ceyhun Bayramovun əmri ilə  İctimai Şuranın yaradılması qərara alındı. Bu təşəbbüsə həqiqətən də ehtiyac var. Mən çox istərdim ki, belə şuralarda köhnə ekspertlər yer almasın. Yeni nəfəs olsun.

Bir çox müəllimlərin fəaliyyətini izləyirəm. Xüsusən də, rayonda olan müəllimlər çox fəallıq nümayiş etdirirlər. İctimai Şuraya belə müəllimlər seçilməlidi. Hər bir bölgədən  müəllim təmsil olunmalıdı və o bölgədə təhsillə bağlı problem yaşanarsa, onu işıqlandırmalıdı.

QHT-lərin imkanları genişləndirilməlidi.Onlar bizim xeyrimizə tədbirlərə əl atırlar. Sivil qaydada baş verən problemlərin aidiyyatı qurumlara çatdırılmasına kömək edirlər.

Yeni QHT-lərin yaradılmasına ehtiyac yoxdu. Var olanların  fəaliyyətləri genişləndirilməlidi.

Təklif edərdim ki, QHT-lərin məktəblərdə fəaliyyət göstərmələri üçün imkanları olsun. Onlara xüsusi otaq ayrılsın və kadr kimi yer verilsin.

QHT-lərin olduğu məkanlarda nümayəndəliklər yaradılsın. Onlar  daima nöqsan, qüsur, təklif və rəylərini yuxarı instansiya orqanlarına  ötürülsünlər. Belə sistem qurulanda gözəl işlərə imza atmaq olar”.

Təhsil eksperti Etibar Əliyev  isə təhsil və elm sahəsində olan QHT-lərin sayının məhdud olduğunu vurğulayıb:

“Təhsil sahəsində olan QHT-lərin fəaliyyətləri məhdud şəkildədi. Bunun bir sıra səbəbləri var. İndiki şəraitdə təhsil ekspertlərinin əksəriyyəti QHT-lər çərçivəsində fəaliyyət göstərirlər.

Mən “XXI əsr Təhsil Mərkəzi İctimai Birliyi” QHT-ni yaratmışam. Çox mühüm layihələrin həyata keçirilməsinə nail olmuşuq. Təəssüf edirəm ki,  təşkilatımın üzvləri  qrant layihələrin ekspertiza və monitorinqinə dəvət edilmirlər. Bu, etinasızlıq əlamətidi.

Düşünürəm ki, təhsilin spektoru çox genişdi. Təklif edirəm ki, Təhsil Nazirliyinin yanında İctimai Nəzarət şurasında QHT-lərin çoxu  iştirak etsin.

Təhsilin bir çox sahələrində QHT-lərin yaradılmasına ehtiyac var.

Son dövrlərdə təhsil sahəsində olan QHT-lərin yaradılmasına ehtiyac duyulmur. Daha çox başqa sahələrdə olan  QHT-lər yaradılır və inkişaf etdirilir”.

Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı QHT-lərin  və müstəqil orqanların vətəndaş cəmiyyətinin subyektləri olduğunu qeyd edib:

“QHT-lər olmadan müasir cəmiyyətin inkişafını təsəvvür etmək olmaz. Xüsusən də, təhsil hər bir ölkənin mühüm fəaliyyət sahəsidi.

Təhsil hazırda yeni dövrün tələb və trendlərinə cavab verməyə çalışır. Buna görə də cəmiyyətin həm rəsmi qurumlara, həm də  vətəndaş cəmiyyətlərinə ehtiyacı var.

Həmçinin, ölkəmizə  təhsil sahəsində peşəkar, müstəqil ekspertlərin  və onların qurmuş olduğu təşkilatların inkişafı lazımdı.

Ölkəmizdə QHT-lər haqqında konsepsiya mövcuddu.Bu da dövlətin QHT-lərin inkişafına göstərdiyi dəstəyin nəticəsidi.

QHT-lərin fəaliyyətində razı və narazı qaldığım bir sıra məqamlar var. Bu tək təhsil sahəsində deyil, bir çox sahələrdə olan QHT-lərə aiddi. Bizdə QHT-lərin formatı son illərdə dizayn olunub. Onların fəaliyyəti yüksək səviyyədə deyil, amma   hələ ki inkişaf prosesindədilər. Müəyyən təşkilatlar var ki, onlar müstəqilliyimizin yaşı qədər tarixə malikdi.Ümid edirəm ki, zaman keçdikcə daha da püxtələşən təşkilatların fəaliyyətini izləmiş olarıq.

QGT-lər müəyyən boşluqları doldurmaq üçün fəaliyyət göstərirlər. Çünki dövlət orqanları hər yerə  çatmaqda çətinlik çəkir. Onlar hər kəsə fərdi şəkildə nüfuz edə bilmirlər, amma vətəndaş cəmiyyətləri dövlət orqanlarına həm kömək edir, həm də dəstək verirlər”.

Şükufə Süleymanlı