https://www.zirve.edu.az/
21.04.2018 09:32
Azərbaycandakı gizli elmi mərkəzlər - “Uzaq yaşıl ada”dan “Şuşanın dağları”na...

Sovet dövründə SSRİ tabeliyindəki  bir sıra respublikalarda gizli elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərib. Bu mərkəzlərdə elmi araşdırmalar və tədqiqatlar məxfi üsullarla həyata keçirilirdi.

Azərbaycanın da vaxtilə SSRİ-yə daxil olduğunu nəzərə alsaq, belə elmi-tədqiqat mərkəzlərinin ölkəmizdə fəaliyyət göstərib-göstərməməsi  maraq doğuran məsələdir.

Mövzuyla bağlı təhsil eksperti Etibar Əliyev Az.EDU.az-a açıqlamasında bildirib ki,  sovet dövründə Azərbaycanda da gizli fəaliyyət göstərən elmi-tədqiqat mərkəzləri olub:

“Məxfi fəaliyyət göstərən təşkilatlardan olan Nüvə Tədqiqat Mərkəzinin rəhbəri Velixov idi. Azərbaycanda isə  vaxtilə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyi gizli fəaliyyət göstərib. İnstitut kosmik tədqiqatlarla məşğul olub. Bundan başqa, Ozon Elmi Tədqiqat Mərkəzinin də fəaliyyəti gizli idi. Hazırda onların heç biri mövcud deyil.

Bu gün dövlətin müdafiə strategiyası üçün əhəmiyyətli  sahələr  üzrə gizli tədqiqat mərkəzlərinə  ehtiyac qalmayıb. Nüvə mərkəzləri, nüvə tədqiqatları  müəyyən ölkələrdə mərkəzləşib. Biz informasiya cəmiyyətində yaşayırıq. İnternet vasitəsilə hər şey haqqında məlumat əldə etmək mümkündür. Sovet dönəmində isə hər hansı məlumatı  əldə etmək çox çətin idi. Bütün informasiyalar internet məkanında olduğu üçün hamının bu məlumatlarla tanış olma imkanı var. Ola bilsin ki, indi də belə məxfi mərkəzlər var və biz məlumatsızıq. Əgər Azərbaycanın kosmik sahədə tədqiqatı varsa, bunlar müəyyən mənada gizli ola bilər, amma bu gizli fəaliyyət sovet dönəmində olduğu kimi deyil”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin sözlərinə görə, Sovet İttifaqında elmi-tədqiqat mərkəzləri olmasa da, Kommunist Partiyası Siyasi Bürosu üzvləri üçün xüsusi olaraq məxfi məruzələr, xidməti materiallar ayrıca institutlarda, hərbi akademiyalarda hazırlanırdı:

“Həmin məruzələr məxfi qrifi ilə geniş tədqiqatçılardan gizlədilirdi. O zaman gizli elmi müəssisələrdə çalışanların çoxu ictimaiyyətdə tanınan adamlar olub. Buna elmi dildə dissitdentlər deyirlər. Xudu Məmmədov, Bəxtiyar Vahabzadə kimi tanınan simalar da dissident olublar. Heydər Əliyev 1997-ci ildə Azərbaycan yazıçılarının X qurultayında çıxışında onlara müraciət edərək:  “Yaxşı ki, dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhval-ruhiyyəni qaldıra bilməzdiniz”- deyib.

Alim açıqlamasında gizli elmi mərkəzlə yanaşı, o zaman üçün aşkar ifadə edilməyən  elmi-ictimai ideyalar və onların təbliğindən də danışıb:

“Sovet dövründə Vaqif Səmədoğlunun “Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada” misralı məşhur lirik şeirində yaşıl rəngə müəyyən mənalar verir, çapına qadağalar qoyulurdu. Onlar bunu Cümhuriyyətin bayrağının sətiraltı təbliğatı kimi izah edirdilər. Yaxud Xan Şuşinski sovet illərində bəslədiyi "Şuşanın dağları" mahnısı ilə o illərdə Azərbaycanın dövlət rəmzini musiqi ilə vəsf edib: “Mavi səması dumanlı, qırmızı koftaya bürünən ətəyi yaşıl Azərbaycan”. Bu ideoloji mübarizənin bu gün də dinlənilən, unudulmayan nümunəsidir.

Zaur Əliyev qeyd edib ki,  elm, ədəbiyyat, poeziya və musiqi sahələrində gizli olaraq təbliğatlar aparılırıb:

“Sabir Əhmədlinin əsərlərin  mahiyyətində antisovet təbliğatı dururdu. İsa Muğannanın 1959-cu ildə yazdığı “Yanar ürək” romanında kommunist rəhbərlər tənqid olunub.  “İdeal” romanı isə antisovet ruhunda yazılıb. O dövrdə  alimlər, tanınan simalar Moskvadan gətirilən sovet hökuməti əleyhinə ədəbiyyatı geniş yayır, gizli yığıncaqlar keçirir, mübahisəyə hazırlaşır, partiyaya yad olan, dövlət siyasətindən narazı olan adamlardan istifadə edirdilər. Gizli birliklərin ən uğurlu işlərindən biri də Cahid Hilaloğlunun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə Cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancmağı oldu”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları