Azedu.az

Azərbaycan Universitetində 28 May- Müstəqlillik Gününə həsr olunmuş tədbir keçirilib

Ali təhsil

26 May 2026, 14:46
Azərbaycan Universitetində 28 May- Müstəqlillik Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Universitetində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələlərindən biridir. Onun ideyaları, dövlətçilik prinsipləri və rəmzləri müasir Azərbaycan dövlətinin  formalaşmasında mühüm  rol oynayıb. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi isə hazırda Müstəqillik Günü kimi qeyd olunur.

AzEdu.az xəbər verir ki, informasiya- kommunikasiya texnologiyaları (İKT) fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov açıb. Prorektor qeyd edib ki, AXC-nin qurulması ilə Azərbaycan xalqının milli azadlıq mübarizəsinin möhkəm təməli qoyulub. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq o, müstəqillik ideyasını xalqın genetik yaddaşına bir amal kimi həkk edib. Məhz həmin amal sayəsində Azərbaycan xalqı onilliklər boyu müstəqillik uğrunda mübarizə əzmini qoruyub, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edib. 

İKT fakültəsinin dekanı Asif Paşayev “Müsəlman Şərqində ilk demokratiya” mövzusuna həsr olunan təqdimatında AXC-nın qısa zaman kəsiyində həyata keçirdiyi islahatlarla tarixdə dərin iz qoyduğunu diqqətə çatdırıb. Dekan qeyd edib ki, AXC dövründə demokratik dövlət quruculuğu, qadınlara seçki hüququnun verilməsi, xarici siyasət, təhsil və hüquq sistemində atılan mütərəqqi addımlar müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında əsas ideoloji baza rolunu oynayıb. 

Tədbirin qonağı, cümhuriyyət tarixinin tədqiqatçısı, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyev “AXC qurucularının və liderlərinin mühacir həyatı” mövzusunda geniş məruzə ilə çıxış edib. O, məruzəsində AXC-nin ideoloji əsasları və elan olunması, dövrün siyasi vəziyyəti, Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşü və Bakının işğaldan azad edilməsi, AXC-nin dövlətçilik tarixində rolu, AXC qurucularının və liderlərinin mühacir həyatı haqqında kitablarında qələmə almadığı mühüm məqamlara toxunub.

Qeyd edib ki, 1920-ci il aprelin 28-də AXC-nin  süqutu zamanı parlament binasından endirilən tarixi üçrəngli bayraq uzun illər Türkiyədə yaşayan azərbaycanlı mühacirlər tərəfindən qorunaraq ona əmanət edilib. Türkiyədə təhsil aldığı dövrdə böyük etimadla qəbul etdiyi bu müqəddəs əmanəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində doğma Vətənə və Azərbaycan dövlətinə təqdim etmək onun həyatının ən qürurlu anlarından biri olub. Bu əmanətin qorunaraq Vətənə qaytarılması yalnız tarixi bir hadisə deyil, həm də milli yaddaşın, dövlətçilik ənənələrinin və istiqlal ideyasına sədaqətin sarsılmaz sübutudur. 

Prezidentdən TƏCİLİ TAPŞIRIQ - Bu problem həll edilməlidir!
Son xəbərlərDaha çox