Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-01 10:00:00
Bu gündən tələbələrin təqaüdü artırıldı  
Bu gündən etibarən Azərbaycanda tələbələrin təqaüdü artırılıb. 
 
AzEdu.az xəbər verir ki, fevralın 14-də Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncam imzalayıb. 

Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilib: 

1.1. Doktorantura pilləsi üzrə: 

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat 

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat 

1.2. ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında: 

adlı təqaüd alan tələbələrə – 170 manat 

magistratura səviyyəsi üzrə: 

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat 

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat 

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat 

bakalavriat səviyyəsi üzrə: 

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat 

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat 

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat 

1.3. orta ixtisas təhsili müəssisələrində: 

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat 

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat 

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat 

1.4. Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat. 

Sərəncamda qeyd olunub ki, təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir. 

Bundan başqa Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 (iki yüz on) manat müəyyən edilib. Bu Fərman da bu gündən qüvvəyə minib. Bundan əvvəl Prezidenttəqaüdü 185 (yüz səksən beş) manat olub. 

Qeyd edək ki, dövlət başçısının tələbələrin təqaüdünün artırılması ilə bağlı sərəncamı 110 minə yaxın tələbəyə şamil olunacaq. Dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər orta hesabla 20%-ə yaxın artıb. Həmçinin, təqaüd yerlərinin sayı 16000 vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti hazırkı 31 faizdən 45 faizə çatdırılıb.