https://www.zirve.edu.az/
06.04.2018 09:53
“Bakıda nüfuzlu universitetin filialını açmaq istəyirik, amma nazirlik şərait yaratmır” - Ekspertdən etiraz
Çap et

Bir çox ölkələrdə başqa dövlət universitetlərinin filialları fəaliyyət göstərir. Azərbaycanda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan-Fransız Universitetinin adını çəkmək olar. Lakin gənclərin təhsil üçün xarici ölkələrə axışdığı bir zamanda bu sayın azlığı maraq doğurur.

Bu problemlə bağlı AzEDU.az-a danışan təhsil eksperti Fuad Hacıyev bildirib ki, Təhsil Nazirliyi bu işdə  çox maneələr yaradır:

“Məsələn, bizim əməkdaşlıq etdiyimiz, Türkiyənin çox nüfuzlu bir universiteti illərdir Azərbaycanda filial açmaq istəyir. Nazirlik isə heç cür buna şərait yaratmır. Bağçaşəhər Universiteti Batumda belə bir filial açıb. Rektorun dəfələrlə mətbuat vasitəsi ilə müraciətinə baxmayaraq, bizim nazirlik buna bir müsbət cavab vermir. Əgər belə şərait  yaratsalar, özümüz bir çox UK (Birləşmiş Krallıq) universitetləri və ya orta məktəblərin Azərbaycana gətirə bilərik. Onları razı sala bilərdik”.

Onun sözlərinə görə,  bir tələbənin təhsil haqqından əlavə xaricdə qalması üçün xeyli vəsait tələb olunur, buna isə hər kəsin gücü yetmir: “Burda olduqda isə güclü rəqabət yaranacaq.Fikrimcə, nazirlik ya danışıqlar masasına oturmur, yaxud bir çox bürokratik əngəllər yaradırlar”.

F.Hacıyev deyir ki, belə universitetlər açılsa, orada  xaricdə təhsil alan  gənclər, dərs deyən professorlar olacaq: “Bundan başqa həmin universitetlərə xarici mütəxəssislər də gətiriləcək. Hətta pilot layihələrə görə Harvard, Kembric kimi nüfuzlu universitetlərdən peşəkarlar dəvət oluna bilər”.

Əsmər Qabil