Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-08 20:15:00
Təhsil naziri Neftçalada məktəb direktorlarını dinlədi

Təhsil naziri Ceyhun Bayramov Neftçala şəhəri M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın binasında rayonun ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirib. Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, görüşdə son illər təhsil sahəsində aparılan islahatlardan danışılıb, ümumi təhsil müəssisələrinin qarşısında duran həlli vacib məsələlər və nəzərdə tutulan hədəflərə çatmaq üçün məktəb rəhbərlərinin vəzifələri vurğulanıb.

 

Daha sonra nazir M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın yeni təmir olunmuş binasında təlim-tərbiyə üçün yaradılan şəraitlə tanış olub. Nazirə məlumat verilib ki, gimnaziyanın 380 şagird yerlik binası 1960-cı ildə inşa edilib. 2 mərtəbəli bina 5 korpusdan ibarətdir. Məktəbdə təhsil alan 439 şagirdin təlim-tərbiyəsi ilə 60 müəllim və 39 texniki işçi məşğul olur. Bu şagirdlərdən 63 nəfəri məktəb binasında gecələyir.

 

2016-cı ildən məktəb binasında əsaslı təmir-tikinti işlərinə başlanılıb. Gimnaziyanın yataqxana və yeməkxana  binaları təmir olunaraq 2018-ci ilin sentyabr ayından, əsas tədris korpusu, idman və akt zalları isə cari ilin yanvar ayından istismara verilib. Hazırda yeni tədris korpusunda tikinti-quraşdırma işləri yerinə yetirilir. Binanın 90 nəfərlik akt zalında təmir-tikinti işləri başa çatdırılıb, mebel və inventarlarla təchiz olunub.

 

Qeyd edək ki, görüşdən öncə təhsil naziri Ceyhun Bayramov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərini, həmçinin həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.