2026-cı ildə keçiriləcək sertifikasiya prosesində ilk dəfə tarix, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə və musiqi fənlərini tədris edən müəllimlər iştirak edəcəklər.
Bununla yanaşı, kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, eləcə də xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili - rus bölməsi, alman dili, fransız dili və s.) müəllimləri də sertifikasiyaya cəlb olunacaqlar. Məlumdur ki, imtahanda 60 yaşdan sonra müəllimlər könüllü şəkildə iştirak hüququna malikdirlər.
Maraqlıdır, bu il region üzrə neçə müəllimin iştirakı nəzərdə tutulur?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.
İdarədən sorğumuza cavab olaraq bildirilib ki, Cari ildə region üzrə 60 yaş və yuxarı müəllimlər könüllü olaraq sertifikasiya imtahanında ümumilikdə 27 müəllim imtahanda iştirak edəcək:
"Belə ki, Kimya üzrə 1 müəllim, Texnologiya üzrə 2 müəllim, Tarix üzrə 7 müəllim, Fiziki tərbiyə üzrə 11 müəllim, Coğrafiya üzrə 1 müəllim, Təsviri incəsənət üzrə 1 müəllim, Rus dili üzrə 1 müəllim, İnformatika üzrə 1 müəllim və İbtidai sinif fənnindən 2 müəllim iştirak edəcək.
Rayonlar üzrə iştirakçılar isə belə paylanıb: Şirvan rayonundan 6 müəllim, Biləsuvar rayonundan 11 müəllim, Salyan rayonundan 5 müəllim və Neftçala rayonundan 5 müəllim sertifikasiya imtahanına qatılacaq. Hacıqabul rayonundan iştirakçı yoxdur.
Beləliklə, regionda ən çox iştirak Fiziki tərbiyə və Tarix müəllimləri arasında müşahidə olunur.
Qeyd edək ki, ötən ildə ümumilikdə sertifikasiyada 60-dan yuxarı yaşı olan 962 nəfər müəllim iştirak edib.