Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
İmtahan iştirakçıları arasında 8 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Onlardan biri də Həsən Məhərrəmlidir.
AzEdu.az bu münasibətlə Həsən ilə əlaqə saxlayıb.
O qeyd edib ki, hazırlıq prosesində əlavə kurs və ya repetitor dəstəyi almayıb:
"Nəticələri yoxlayanda dostumla telefonda danışırdım. Həmin an birlikdə ballarımıza baxırdıq. Öz nəticəmi görəndə çox sevindim, hətta yerimdən qalxıb qışqırdım. İlk paylaşdığım insan da dostum oldu. Daha sonra isə anamla əlaqə saxladım. Həmin vaxt evdə tək idim, valideynlərim isə rayonda idi.
Düzünü desəm, yüksək nəticə gözləyirdim. İmtahanda sualları necə cavablandırdığımı bilirdim və özümə inanırdım. Xüsusilə açıq tipli suallarla bağlı bir az tərəddüdüm vardı, amma onların da düzgün çıxması məni daha çox sevindirdi. İmtahanda mənim üçün ən çətin fənn riyaziyyat oldu. Vaxtın böyük hissəsini məhz riyaziyyata sərf etmişdim. Təxminən bir saat yarım həmin suallar üzərində işlədim. Ən rahat yazdığım fənn isə ingilis dili oldu.
Gələcəkdə II ixtisas qrupu üzrə hazırlaşmağı düşünürəm. Tarix və coğrafiya məktəbdə ən çox sevdiyim və güclü olduğum fənlərdir. Buna görə də Bakı Ali Neft Məktəbində iqtisadiyyat üzrə təhsil almağı düşünürəm".
Sosial şəbəkələrdən uzaq biri olmamışam, əksinə, həmişə aktiv istifadə etmişəm:
"Sadəcə imtahana hazırlaşdığım dövrdə diqqətimi daha çox dərslərə yönəltmək üçün müəyyən məhdudiyyətlər qoydum. Doqquzuncu sinifdə imtahana hazırlaşarkən Instagram hesabımı silmişdim. Yalnız “WhatsApp” istifadə edirdim və gün ərzində təxminən 4-5 saat dərslə məşğul olurdum. Bununla yanaşı, məktəb dərslərimi də davam etdirirdim. Məncə, əsas məsələ sosial şəbəkədən tam uzaq olmaq deyil, vaxtı düzgün idarə etməkdir.
Hazırlıq prosesində əlavə kurs və ya repetitor dəstəyi almamışam. Bu uğurda məktəb müəllimlərimin böyük əməyi var. Mən onlara xüsusi təşəkkür edirəm. Dərslərdə bizə çox dəstək olublar. Mən də evdə mütəmadi şəkildə çalışmışam və xüsusilə təkrara çox vaxt ayırmışam. Son bir ay ərzində daha intensiv hazırlaşırdım. Düşünürəm ki, nəticə əldə etmək üçün davamlılıq və nizam-intizam çox vacibdir. Mən artıq 9 ildir məktəbdə əlaçıyam və bu da müəyyən baza formalaşdırıb.
Gələcəkdə 700 bal toplamağı planlaşdırıram. Daha sonra isə universitetdə yaxşı göstəricilər əldə edə bilsəm, magistratura təhsilini xaricdə davam etdirmək istəyərəm. Hələlik konkret ölkə ilə bağlı qərar verməmişəm, amma bu barədə düşünürəm".
300 ballıq uğurun sirri çalışmaqdan keçir:
"Gündəlik oxumaq, mövzuları mütəmadi təkrar etmək və məqsədə fokuslanmaq çox önəmlidir. Qısa müddətdə yüksək nəticə əldə etmək çətindir. Bunun üçün illərlə formalaşan məsuliyyət və davamlı zəhmət lazımdır. Bundan əlavə, RFO-da informatika üzrə olimpiadada yarımfinal mərhələsinədək yüksəlmişəm.
Yaşıdlarıma tövsiyəm odur ki, məqsədlərindən yayınmasınlar və daim çalışsınlar. İnsan əgər həqiqətən istəyir və zəhmət çəkirsə, nəticə əldə edə bilər. Xüsusilə təkrara çox vaxt ayırmaq vacibdir. Məncə, uğurun əsas açarı davamlı çalışmaq və diqqəti hədəfdən yayındırmamaqdır".