Hər il minlərlə gəncin iştirak etdiyi buraxılış imtahanları təkcə bilik yarışı deyil, həm də təhsil sistemindəki müəyyən boşluqların göstəricisidir. Dövlət İmtahan Mərkəzinin (DİM) illik hesabatları və imtahan nəticələrinin təhlili göstərir ki, abituriyentlərin əksəriyyəti bəzi fənlər və spesifik mövzular qarşısında çətinlik çəkir.
Bəs şagirdlərin ən zəif tərəfləri hansılardır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Hədəf kurslarının tədris işləri üzrə müavin Şakir Hüseyn qeyd edib ki, ilkin olaraq Riyaziyyat fənninə diqqət yetirsək görərik ki, imtahanında əsas problem fundamental biliklərdən çox, həmin biliklərin məntiqi tətbiqi ilə bağlıdır:

"Statistikaya görə, ən aşağı göstəricilər məhz həndəsə bölməsində qeydə alınır. Xüsusilə fəza fiqurları və fiqurların sahəsi mövzularında vizuallaşdırma qabiliyyəti aşağıdır.Həmçinin mətni riyazi modelə çevirmək tələb olunan suallar şagirdlərin çətinlik yaşadığı digər bir problemdir.
Burada həm oxuyub-anlama, həm də tənlik qurma bacarığı eyni anda tələb olunur. Bunla bərabər qrafiklərlə işləmək və düsturları praktik tətbiq etmək də abituriyentlərin çətilik yaşadığı sahələr sırasındadır.
Sonda qeyd etmək istəyirəm ki, şagirdlər əsasən riyaziyyatı əzbər yanaşma ilə öyrənirlər. Şagirdlər çox zaman düsturları yadda saxlasalar da, onların hansı hallarda və necə tətbiq olunacağını tam mənimsəmirlər. Bu isə şagirdlərdə yeni tip suallar qarşısında çaşqınlıq yaradır".
Cari tədris ilində keçirilən buraxılış imtahanlarının nəticələri göstərir ki, builki imtahanın ən böyük "sürprizi" məhz Azərbaycan dili fənni üzrə tərtib olunmuş qrammatika sualları oldu:
"Sualların gözləniləndən daha mürəkkəb olması şagirdlərin zamanının böyük hissəsini məhz bu fənnə sərf etməsinə səbəb olub. Bu isə birbaşa digər fənlərə (Riyaziyyat və Xarici dil) ayrılan vaxtın ixtisarına və ümumi imtahan nəticələrində ciddi geriləmələrə yol açıb. Əvvəlki illərin statistikası ilə müqayisə apardıqda aydın olur ki, tədris dilində əsas çətinlik hələ də mətn testləri ilə bağlıdır. Abituriyentlərin ən çox səhv etdiyi məqamlar bunlardır: Verilmiş mətndən məntiqi nəticə çıxarmaq, müəllifin "sətiraltı" mesajını (alt-mənasını) tapmaq, sözün kontekstə uyğun mənasını müəyyənləşdirmək və s.
Xüsusilə publisistik mətnlərdə hadisələr arasındakı səbəb-nəticə əlaqələrinin qurulması çox vaxt yanlış interpretasiya edilir.Bu uğursuzluğun kökündə iki fundamental səbəbi götürmək olar: Birincisi, mövcud hazırlıq sisteminin şagirdləri təhlil etməkdən çox, şablon qaydaları əzbərləməyə sövq etməsi. İkincisi isə şagirdlərin bədii ədəbiyyatdan uzaq qalması onların söz ehtiyatını məhdudlaşdırır və mətni sürətli qavrama qabiliyyətini zəiflədir.
Son olaraq xarici dil imtahanı üçün qeyd edə bilərəm ki, ənənəvi qrammatika suallarında şagirdlər yüksək nəticə göstərsələr də, tətbiqi dil bacarıqları bölməsində mənzərə kəskin şəkildə dəyişir. Statistika göstərir ki, abituriyentlərin əksəriyyəti sürətli danışıq tempini izləməkdə, eyni zamanda həm dinləyib, həm də qeydlər aparmaqda çətinlik çəkirlər".
Lakin problem təkcə şagirdlərin hazırlıq səviyyəsi ilə bağlı deyil
"Bəzi hallarda imtahan zallarındakı səs gücləndiricilərdə yaranan texniki nasazlıqlar və səsin aydın eşidilməməsi nəticələrə birbaşa mənfi təsir göstərən amillər sırasındadır. Nəzərə alsaq ki, növbəti tədris ilindən etibarən imtahan strukturunda dəyişikliklər gözlənilir. Yeni formata əsasən: Dinləmə və oxu mətnləri üzrə açıq suallar tamamilə qapalı (test) və ya True/False (Doğru/Yanlış) tipli tapşırıqlarla əvəz olunacaq. İki mətnin təqdim olunacağı bu bölmədə əsas çağırış sualların çətinliyi deyil, vaxtın düzgün bölüşdürülməsi olacaq.
Bu dəyişikliklərin şagirdlərin yükünü müəyyən qədər yüngülləşdirəcəyi gözlənilsə də, yazı bacarığı ilə bağlı vəziyyət fərqlidir. Abituriyentlərin ən zəif nöqtəsi hələ də öz fikirlərini strukturlaşdırılmış, qrammatik və leksik cəhətdən düzgün şəkildə ifadə edə bilməmələridir. Yeni qaydalara əsasən, şagirdlərdən ən azı 100 sözdən ibarət esse yazmaq tələbi, yazı vərdişləri zəif olan abituriyentlər üçün yeni və daha ciddi problemlərin ortaya çıxmasına səbəb ola bilər".