Azedu.az

İmtahanlardan yüksək bal toplamaq üçün vacib QAYDALAR

Xəbərlər

27 Aprel 2026, 14:07
İmtahanlardan yüksək bal toplamaq üçün vacib QAYDALAR

Keçdiyimiz günlərdə 15 mart tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan edildi. Həm 300 bal toplayanların, həm də yüksək nəticə göstərənlərin sayı 9 mart tarixli imtahanla müqayisədə daha çox olub.

Yüksək nəticələr arasında “İlin gənc müəllimi”, Azərbaycan dili və ədəbiyyat müəllimi, həmçinin repetitor Xəzri Muradovun şagirdləri də var.

Xəzri müəllimin şagirdləri sualların qəliz olduğu iddia edilən Azərbaycan dili fənnindən 90%, hətta 100%-lik nəticə toplayıblar.

AzEdu.az bu münasibətlə Xəzri müəllimlə həmsöhbət olub, onun şagirdlərinin yüksək nəticə əldə etməsinin səbəblərini və hazırlıq taktikasını öyrənib.

182078O bildirib ki, uzun illərdir şagird hazırlayan müəllim kimi qeyd etməlidir ki, bu ilki imtahan sualları əvvəlki illərlə müqayisədə daha düşündürücü idi:

“Bildiyiniz kimi 15 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri artıq elan olunub. Ümumi mənzərəyə baxdıqda hesab edirəm ki, imtahanlar arasında bərabər imkanlar qorunub saxlanılmışdı və suallar eyni səviyyədə idi. Sadəcə olaraq, ilk imtahanı verənlər ikinci imtahanın daha rahat olduğunu düşünür, 15 martda imtahan verənlər isə əksini deyir. Bu, tamamilə təbiidir; kənardan hər zaman ‘döyüş’ daha asan görünür.

Diqqət çəkən məqamlardan biri 15 mart imtahanında 300 bal toplayanların sayının çox olmasıdır. Məncə, bunun əsas səbəblərindən biri lisey şagirdlərinin məhz bu tarixdə imtahan verməsidir. Siyahıya baxdıqda da görürük ki, yüksək nəticə göstərənlərin böyük əksəriyyəti lisey şagirdləridir. Bu isə illərdir müşahidə etdiyimiz bir tendensiyadır və qeyri-adi hal deyil.

Uzun illərdir şagird hazırlayan müəllim kimi qeyd etməliyəm ki, bu ilki imtahan sualları əvvəlki illərlə müqayisədə daha düşündürücü idi. Mən bunu çox müsbət hal hesab edirəm. Çünki biz şagirdləri sadəcə qayda əzbərləməyə yox, düşünməyə öyrətməliyik. Maraqlıdır ki, imtahanı çətin hesab edən şagirdlər belə həmin sualları imtahandan sonra daha rahat həll edə bilirlər. Bu isə göstərir ki, əsas problem sualların çətinliyi deyil, zaman faktorudur".

Mən hazırlıq prosesində məhz zamanla mübarizəyə xüsusi önəm verirəm:

"İlk 5 ay ərzində şagirdlərə mətnləri zaman məhdudiyyəti olmadan işləməyə imkan yaradıram. Bu, vərdiş mərhələsidir. Şagird mətnə alışır, strukturu anlayır. Daha sonra isə zaman mərhələsinə keçirik. Hər məşğələdə geri sayım başlayır və mətni işləmə müddətini tədricən azaldırıq. 30 dəqiqədən başlayaraq son dərslərdə 6 dəqiqəyə qədər endiririk. Nəticədə şagird artıq həm düzgün, həm də sürətli işləməyi bacarır.

Digər mühüm məqam dərsin quruluşudur. Mən “25 dəqiqə qaydası”na əməl edirəm. Şagirdin diqqət müddəti təxminən 25 dəqiqə olduğu üçün ən vacib məlumatları bu zaman ərzində təqdim edirəm. Daha sonra 5 dəqiqəlik fasilə veririk və növbəti mərhələyə keçirik.

Metodik yanaşmada isə fərqli düşüncə tərzinə üstünlük verirəm. Şagirdlərə testləri klassik üsulla yox, “tərs düşüncə” ilə həll etməyi öyrədirəm. Məsələn, cavabı tapmaq əvəzinə, yanlış variantları analiz edib aradan qaldırırlar. Bu yanaşma nəticəyə daha sürətli çatmağa kömək edir.

Bundan əlavə, “tərs dərs modeli” tətbiq edirəm. Mövzunu izah etməzdən əvvəl şagirdlərə həmin mövzu üzrə testlər təqdim edirəm. Onlar çətinlik çəkirlər və bu çox yaxşıdır, çünki nəyi bilmədiklərini görürlər. Daha sonra izah mərhələsi başlayır və dərsin sonunda yenidən test verilir. Bu dəfə nəticə xeyli yaxşı olur.

Qeyd edim ki, bu il əsas məşğələlərdən əlavə 57 əlavə dərs keçmişik. Bu, təxminən əlavə 6 aylıq hazırlıq deməkdir. Çünki düşünürəm ki, bu tip suallar qarşısında yalnız standart dərs saatı kifayət etmir.

Ev tapşırıqlarına gəlincə, həddindən artıq test verməyin tərəfdarı deyiləm. Bu, şagirdi yükləyir və nəticədə keyfiyyət aşağı düşür. Maksimum 50 test kifayətdir. Əsas işi dərs zamanı görmək lazımdır".

Heç vaxt “mən müəlliməm, daha çox bilirəm” mövqeyindən çıxış etmirəm:

"Ən böyük problem eyni metoddan uzun müddət istifadə etməkdir. Şagird monotonluqdan yorulur. Dərs daim yenilənməli, fərqli yanaşmalar tətbiq olunmalıdır. Mən özüm də daim araşdırıram, müxtəlif ölkələrin tədris metodlarını izləyir və tətbiq edirəm.

Şagirdlə münasibətə gəldikdə isə heç vaxt “mən müəlliməm, daha çox bilirəm” mövqeyindən çıxış etmirəm. Əksinə, şagirdlə eyni səviyyədə, tərəfdaş kimi işləməyi üstün tuturam. Bu, onların özünə inamını artırır və nəticəyə birbaşa təsir edir.

Sonda repetitor məsələsinə toxunmaq istərdim. Düşünürəm ki, repetitorsuz da yüksək nəticə əldə etmək mümkündür. Lakin düzgün istiqamət, plan və nəzarət çox vacibdir. Repetitor bu prosesi sürətləndirən və daha sistemli edən bir vasitədir. Amma əsas məsuliyyət yenə də şagirdin öz üzərində işləməsindən asılıdır.

Əsas prinsipim budur: suallar çətin olanda şikayət etmək yox, “bu sualın öhdəsindən necə gələ bilərəm?” deyə düşünmək lazımdır. Çünki istənilən sualın mütləq bir həll yolu var".

Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox