“Növbəti ildən magistraturaya qəbul səviyyəsində xarici dil imtahanında danışıq bacarıqları da yoxlanılacaq”.
Bu barədə Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında məlumat verib.
Son illərdə Azərbaycanda magistraturaya sənəd verənlərin sayında azalma müşahidə olunduğunu nəzərə alsaq, maraq doğuran suallardan biri də budur: bu yenilikdən sonra müraciət edənlərin sayında daha da azalma ola bilərmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, strateji baxımdan belə bir yeniliyə ciddi ehtiyac var idi:
“Xarici dil imtahanına danışıq blokunun əlavə edilməsi təhsil mühitində ciddi müzakirələrə səbəb olan bir addımdır. Bu məsələyə həm təhsil keyfiyyəti, həm də namizədlərin psixoloji və texniki hazırlığı baxımından yanaşmaq lazımdır.
Müraciət edənlərin sayında azalma, təbii ki, mümkündür. Hətta düşünürəm ki, qısa müddətli perspektivdə bu ehtimal kifayət qədər yüksəkdir. Bunun bir neçə səbəbi var. İlk növbədə, illərdir test sisteminə alışmış tələbələr üçün şifahi imtahan daha böyük stress yarada bilər. Eyni zamanda, danışıq bacarığı yalnız qrammatikanı öyrənməklə deyil, davamlı praktika ilə formalaşır və bir çox namizəd bu mərhələdən çəkinərək sənəd verməkdən imtina edə bilər. Digər tərəfdən, danışıq blokuna hazırlaşmaq üçün əlavə kurslara və ya repetitorlara ehtiyac yarana bilər ki, bu da maddi baxımdan hər kəs üçün əlçatan olmaya bilər. Bununla belə, hesab edirəm ki, strateji baxımdan belə bir yeniliyə ciddi ehtiyac var”.
Yeni yanaşma keyfiyyətin artmasına xidmət edəcək və bunun nəticələri gələcək illərdə daha aydın görünəcək:
“Hazırkı sistemdə bir çox tələbə ingilis dilində mətni oxuyub anlayır, lakin beynəlxalq konfranslarda, xarici auditoriyalarda və ya elmi mühitdə fikirlərini ifadə etməkdə çətinlik çəkir. Magistratura pilləsi elmi mərhələ olduğu üçün tədqiqatçının ünsiyyət qura bilməsi olduqca vacibdir. Bu baxımdan beynəlxalq standartlara yaxınlaşmaq da mühüm əhəmiyyət daşıyır.
"TOEFL" və "IELTS" kimi qlobal imtahanlarda danışıq hissəsinin mütləq olduğunu nəzərə alsaq, Dövlət İmtahan Mərkəzinin bu addımı milli imtahan sisteminin beynəlxalq standartlara yaxınlaşması deməkdir. Mən bu yeniliyi gecikmiş, lakin zəruri addım kimi qiymətləndirirəm. Lakin onun effektivliyi tətbiq formasından asılı olacaq. Əgər qiymətləndirmə meyarları şəffaf olarsa və tələbələrə bu keçid üçün kifayət qədər vaxt və resurslar təqdim edilərsə, bu yenilik təhsilin keyfiyyətini mütləq artıracaq.
Digər tərəfdən, xüsusilə bölgələrdə yaşayan və danışıq praktikası imkanları məhdud olan tələbələr üçün müəyyən çətinliklər yarana bilər. Buna baxmayaraq, hesab edirəm ki, bu qərar müraciət edənlərin sayına müəyyən təsir etsə belə, daha hazırlıqlı kadrların yetişməsinə xidmət edəcək. Mən bu qərarı yüksək qiymətləndirirəm və düşünürəm ki, orta məktəbdən başlayaraq bakalavr pilləsinə qədər tətbiq olunan yeniliklərlə birlikdə, yaxın gələcəkdə özünü xarici dillərdə ifadə edə bilən, elmi yeniliklərini beynəlxalq səviyyəyə çıxara bilən daha bacarıqlı gəncləri magistratura pilləsində görəcəyik. Hesab edirəm ki, bu yeni yanaşma keyfiyyətin artmasına xidmət edəcək və biz bunun nəticələrini gələcək illərdə daha aydın şəkildə müşahidə edəcəyik”.
Ekspert əlavə edib ki, bu qərar müsbət olmaqla yanaşı, müəyyən riskləri də özündə ehtiva edir:
“Qeyd etdiyim kimi, bakalavr pilləsində xarici dilin tədrisi və metodologiyası köklü şəkildə dəyişməlidir. Ümid edirəm ki, universitetlər də bu istiqamətdə müvafiq addımlar atacaq və xarici dilin tədrisində yeni yanaşmalar tətbiq olunacaq.
Əgər bu proses düzgün həyata keçirilərsə, biz həm magistratura pilləsinin elmi nüfuzunun gücləndirilməsi, həm də magistraturanı sadəcə diplom almaq mərhələsindən çıxarıb real akademik platformaya çevirmək baxımından müsbət nəticələr əldə edə bilərik.
Bu baxımdan, bu yanaşmanı ali təhsil sistemində passiv bilikdən aktiv tətbiqə keçid cəhdi kimi qiymətləndirmək olar. Ümumilikdə isə mövqeyim müsbətdir. Hesab edirəm ki, bu cür yanaşmalar əslində daha əvvəl tətbiq olunmalı idi”.