Bakı Mühəndislik Universitetində (BMU) “Tədqiqatçılar üçün Scopus və SciVal” mövzusunda təlim təşkil edilib.
AzEdu.az xəbər verir ki, “Elsevier” şirkətinin rəsmi nümayəndəsi Saide Sak tərəfindən keçirilən təlimin əsas məqsədi beynəlxalq elmi bazaların istifadəsi, xüsusilə Scopus və SciVal platformalarının imkanlarının təqdim edilməsi olub.
Tədbirin açılışında BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov çıxış edərək belə təlimlərin tədqiqatçıların elmi fəaliyyətinin inkişafı və beynəlxalq elmi resurslardan səmərəli istifadəsi baxımından əhəmiyyətini vurğulayıb.
Təlim zamanı Scopus bazasında məqalə və jurnallar üzrə axtarışların aparılması, istinad göstəricilərinin təhlili və elmi jurnalların reytinqinin müəyyən edilməsi ətraflı izah olunub. Eyni zamanda SciVal platforması vasitəsilə tədqiqat nəticələrinin qiymətləndirilməsi, elmi fəaliyyətin analizi, beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılması və prioritet tədqiqat istiqamətlərinin müəyyən edilməsi barədə məlumat verilib.
İştirakçılara platformaların funksionallıqları praktiki şəkildə nümayiş etdirilib. Ardınca mövzu ilə bağlı suallar cavablandırılıb və tədqiqatçılara bu resurslardan daha səmərəli istifadə etmələri tövsiyə olunub.
Qeyd edək ki, bu cür təşəbbüslər tədqiqat potensialının gücləndirilməsi, elmi fəaliyyətin keyfiyyətinin artırılması və innovasiya imkanlarının genişləndirilməsi baxımından BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4 (keyfiyyətli təhsil) və 9-cu (innovasiya) istiqamətlərinin hədəflərinə töhfə verir.