Kanadalı alimlər uşaqlarda qida allergiyalarının inkişafı ilə bağlı indiyə qədər mövcud olan məşhur mifi təkzib ediblər. Məlum olub ki, uşaqlarda allergiya halları yalnız genetikadan asılı deyil.
AzEdu.az xəbər verir ki, tədqiqatın nəticələri "JAMA Pediatrics" jurnalında dərc olunub.
Elm adamlarının qənaətinə görə, erkən ətraf mühit amilləri - antibiotiklərin istifadəsi və allergen qidaların qəbul vaxtı da daxil olmaqla uşaqlarda allergiyaların yaranmasında mühüm rol oynayır.
Müəlliflər 40 ölkədən 2.8 milyon insanın iştirak etdiyi 190 tədqiqat məlumatlarını təhlil ediblər. Onların hesablamalarına görə, uşaqların təxminən 5%-ində altı yaşına qədər qida allergiyası inkişaf edir. Bu, fıstıq, yumurta və ya süd kimi normal təhlükəsiz qidalara qarşı immun sisteminin anormal reaksiyasıdır.
Daha sonra alimlər 340-dan çox mümkün risk faktorunu sistematik şəkildə araşdırıblar.
Məlum olub ki, bir yaşa qədər uşaqlarda atopik dermatit (ekzema) qida allergiyasının inkişaf ehtimalını üç-dörd dəfə artırır. Toz allergiyası riski üçqat, xırıltılı tənəffüs epizodları isə ikiqat çoxaldır. Əgər hər iki valideyndə allergiya varsa, uşağın xəstəliyinin inkişaf ehtimalı iki dəfədən çox artır.
Tədqiqatçılar allergen qidaların qəbul vaxtına xüsusi diqqət yetiriblər. Əgər bir yaşdan sonra fıstıq, qoz və ya yumurta rasiona daxil edilərsə, allergiya riski ikiqat çox olur. Bir aya qədər körpələrdə antibiotik istifadəsi riski dörd dəfə artırıb, hamiləlik dövründə və ya bir yaşa qədər uşaqlarda antibiotik istifadəsi isə riski 32-39% çoxaldır.
Ananın qidalanması və hamiləlik dövründə stres kimi amillər isə allergiyanın inkişafı ilə əhəmiyyətli bir əlaqə göstərməyib.