Məktəblərdə zorakılıq halları getdikcə daha çox ölkədə sistemli problem kimi qəbul edilir. Bu hadisələr təkcə məktəb daxilindəki intizam boşluğunun deyil, eyni zamanda ailə nəzarətinin zəifləməsinin və uşaqların nəzarətsiz rəqəmsal mühitə buraxılmasının nəticəsi kimi dəyərləndirilir.
Məhz bu səbəbdən Avropa İttifaqı, Böyük Britaniya, Avstraliya və İspaniya və başqa ölkələrdə məktəb zorakılığına və uşaqların rəqəmsal təhlükəsizliyinə dair ya artıq qüvvədə olan qanunlar tətbiq edilir, ya da sərt məhdudiyyətlər aktiv şəkildə müzakirə olunur.
Avropa İttifaqında məktəb zorakılığına yanaşma əsasən qanunvericiliklə dəstəklənən sistemli nəzarət modeli üzərində qurulub. Aİ səviyyəsində sosial mediaya konkret yaş qadağası hələ qəbul edilməsə də, uşaqların qorunması istiqamətində məcburi hüquqi mexanizmlər artıq qüvvədədir.
Bunun ən mühüm nümunəsi Digital Services Act (DSA) adlı qanundur. Bu qanun Aİ-də fəaliyyət göstərən bütün böyük platformalara uşaqlar üçün zərərli ola biləcək kontentin yayılmasının qarşısını almaq, risk qiymətləndirməsi aparmaq və alqoritmlərin aqressiv və zorakı məzmunu təşviq etməməsini təmin etmək öhdəliyi qoyur. Bu artıq tövsiyə yox, icrası məcburi olan hüquqi tələbdir.
Eyni zamanda Avropa Parlamenti və Avropa Komissiyası sosial mediadan istifadə üçün minimum yaş həddinin 16 olması məsələsini açıq şəkildə müzakirəyə çıxarıb və bunu tövsiyə edən qətnamələr qəbul edib. Bu sənədlər hələ birbaşa qadağa yaratmasa da, Aİ-nin gələcək siyasətinin hansı istiqamətdə formalaşacağını açıq göstərir.
Böyük Britaniyada uşaqların qorunması sahəsində ən mühüm sənəd Online Safety Act qanunudur və bu qanun artıq qüvvədədir. Qanun sosial media, oyun və video platformalarına uşaqlar üçün zərərli məzmunun qarşısını almaq, yaşa uyğun filtrasiya tətbiq etmək və riskləri azaltmaq öhdəliyi qoyur. Bu nəzarət mexanizminə əməl etməyən platformalar ciddi cərimələrlə üzləşə bilər.
Sosial mediaya konkret yaş qadağası hələ qanunla təsbit edilməsə də, Britaniya hökuməti və parlament səviyyəsində bu məsələ aktiv şəkildə müzakirə olunur. Xüsusilə yeniyetmələrin psixi sağlamlığı və məktəb zorakılığı ilə əlaqəsi bu debatların mərkəzindədir.
Bununla yanaşı, Britaniyada məktəblərin böyük əksəriyyətində dərs vaxtı smartfon istifadəsi faktiki olaraq qadağandır. Bu, milli qanun olmasa da, Təhsil Nazirliyinin tövsiyələri və məktəblərin daxili qaydaları ilə geniş tətbiq edilir və real nəticə verən praktiki tədbir kimi qəbul olunur.
Avstraliya bu sahədə artıq müzakirə mərhələsini geridə qoymuş ölkədir. Burada 16 yaşdan aşağı uşaqların əsas sosial media platformalarında hesab açması qanunla məhdudlaşdırılıb və bu norma qüvvəyə minib. Qanun texnologiya şirkətlərini uşaqların yaşını real şəkildə yoxlamağa və qaydalara əməl etmədikdə milyonlarla dollar cərimə ödəməyə məcbur edir.
Avstraliya hökuməti bu qərarı açıq şəkildə belə əsaslandırır: uşaqların psixoloji sağlamlığı, davranış modeli və zorakılıq riski sosial media alqoritmlərinin təsiri altında ciddi şəkildə zədələnir. Buna görə də dövlət bu sahədə sərt müdaxiləni zəruri hesab edir.
Eyni zamanda Avstraliyada məktəblər üçün milli anti-zorakılıq standartları mövcuddur. Zorakılıq halları məktəbin daxili işi kimi gizlədilmir, rəsmi qeydiyyata alınır və valideynlərlə birgə həll mexanizmi tətbiq olunur.
İspaniya hazırda məktəb zorakılığı və uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı yeni sərt mərhələyə keçidi müzakirə edən ölkələrdəndir. Hökumət sosial mediadan istifadə üçün 16 yaş həddi tətbiq etməyi, yaş təsdiqi mexanizmlərini məcburi etməyi və texnologiya şirkətlərinin məsuliyyətini artırmağı planlaşdırır.
Bu təşəbbüslər hələ qanun kimi qəbul edilməsə də, artıq rəsmi dövlət siyasəti səviyyəsində elan olunub və parlament müzakirəsindədir. İspaniya hökuməti açıq şəkildə bildirir ki, uşaqların aqressiv davranışlarının artmasında nəzarətsiz rəqəmsal mühit mühüm rol oynayır və bu sahədə neytral qalmaq mümkün deyil.
Avropa İttifaqı, Böyük Britaniya, Avstraliya və İspaniyanın təcrübəsi göstərir ki, məktəb zorakılığına qarşı mübarizə artıq ayrı-ayrı insidentlərə reaksiya vermək mərhələsindən çıxıb, sistemli və dövlət səviyyəli siyasət mərhələsinə keçib. Bu ölkələr ya artıq hüquqi mexanizmlər tətbiq edir, ya da açıq şəkildə sərt məhdudiyyətləri müzakirəyə çıxararaq gələcək risklərin qarşısını almağa çalışırlar.
Maraqlıdır bəs Azərbaycanda sosial şəbəkələrə yaş məhdudiyyəti ilə bağlı hər hansı bir qadağa tətbiq olunarsa, bu, praktik baxımdan nə dərəcədə effektiv ola bilər?
AzEdu.az-a mövzu ilə bağlı IT mütəxəssisi Fərhad Mirəliyev danışıb.
Məsələ qanun qəbul etmək deyil, o qanunu evlərin içinə necə daxil etməkdir:
‘’Sosial media şəbəkələrinin qadağan olunması məsələsi birmənalı şəkildə həlli olan bir məsələ deyil. Belə desək, bu sahədə qanunvericiliyin təsdiqlənməsi və qəbul olunması bir məsələdir, onun real həyatda işlək olması isə tamamilə başqa bir məsələdir.
Açığı, mən o qədər də inanmıram ki, qanun səviyyəsində müəyyən addımlar atılsa belə, onun icrası ilə bağlı ciddi müsbət irəliləyiş əldə olunsun. Çünki praktikada görürük ki, valideynlər müxtəlif səbəblərdən övladlarına mobil telefon alıb verirlər. Əgər övlad məktəblidirsə, əsasən əlaqə saxlamaq və hazırlıqlara gedərkən kommunikasiya qurmaq üçün telefon alınır. Daha azyaşlı uşaqların əylənməsi məqsədilə isə valideynlər ya planşet təqdim edir, ya da öz mobil telefonlarını onlara verirlər".
Çıxış yolu qadağalarda deyil, valideynlərin maarifləndirilməsi və övladları ilə profilaktik söhbətlərindədir.
''Bu cihazların əksəriyyəti smartfondur və arzuolunmaz kontentə çıxış an məsələsidir. Hətta istəmədən belə, azyaşlı və ya həddi-büluğa çatmayan bir şəxs xoşagəlməz məzmunla qarşılaşa bilər. Buna görə də düşünürəm ki, burada sosial şəbəkələrin özləri valideyn nəzarəti funksionallığını daha da təkmilləşdirməli, eyni zamanda valideynlər övladlarını gözləyən risklər barədə məlumatlandırılmalı və onlarla profilaktik söhbətlər aparılmalıdır.
Sırf qanunvericilik məsələsinə gəldikdə isə, məsələn, 16 yaşından aşağı uşaqlara sosial şəbəkələrdən istifadənin qadağan olunması real şəraitdə necə tətbiq edilə bilər? Əgər mən öz telefonumu övladıma verirəmsə, faktiki olaraq həmin telefon sosial şəbəkələrə mənim hesabım vasitəsilə daxil olacaq. Bu səbəbdən qanunvericiliklə bağlı çox da nikbin deyiləm. Amma maarifləndirmə işlərinin gücləndirilməsi və sosial şəbəkələrdə valideyn nəzarəti funksiyalarının inkişaf etdirilməsi daha məqsədəuyğun yanaşma olardı".
Əsas problem uşağa kompüter vermək deyil, o kompüteri verəndən sonra nəzarəti necə təmin etməkdir:
''Kompüterlə bağlı bir məsələni də qeyd etmək istəyirəm. Bildiyimiz kimi, hazırda dərslər məktəblərdə kompüter vasitəsilə keçirilir və ev tapşırıqlarının yerinə yetirilməsində də kompüterə ehtiyac yaranır. Xüsusilə STEAM, alqoritmika və bu kimi fənlər üçün kompüterdən istifadə zəruridir.
İndi isə düşünək: hansı valideyn kompüteri övladına təqdim edərkən onun sosial şəbəkələrə daxil olmaması üçün konkret bir tədbir görə bilir? Ümumiyyətlə, birincisi, valideyn bu barədə düşünürmü? İkincisi, düşünsə belə, real olaraq nə edə bilər? Yəni evdəki kompüteri uşağa verərkən hansı addımları ata bilər ki, o, sosial şəbəkələrə daxil olmasın?
Müəyyən sosial şəbəkələrdə qeydiyyat tələb olunur. Amma məsələn, TikTok kimi platformalarda sadəcə brauzerdə tiktok.com yazmaq kifayətdir - hətta hesabla daxil olmadan belə məzmunu görmək və izləmək mümkündür. Bu kimi problemlərin həlli isə yenə də bir az əvvəl qeyd etdiyim məsələlərlə sıx şəkildə bağlıdır".