Azedu.az

“İzlədiklərini normal qəbul etməyə başlayırlar” - Psixoloqdan sosial media XƏBƏRDARLIĞI

Xəbərlər

6 Fevral 2026, 13:59
“İzlədiklərini normal qəbul etməyə başlayırlar” - Psixoloqdan sosial media XƏBƏRDARLIĞI

Son dövrlərdə yeniyetmələr tərəfindən törədilən ağır cinayətlərdə artım müşahidə olunur. Məsələn, 7 yaşlı uşağın yeniyetmə tərəfindən 19 dəfə bıçaqlanması və bu gün “İdrak” liseyində bir şagirdin müəllimini ov tüfəngi ilə yaralaması cəmiyyətdə ciddi narahatlıq doğurub.

Bəs, yeniyetmələrin belə ağır cinayətləri törətməsində hansı psixoloji amillər rol oynayır?

AzEdu.az- a mövzu ilə bağlı psixoloq Gülnar Orucova açıqlama verib.

Sosial şəbəkələrdə şərin bu qədər əlçatan olması, yeniyetmələrin şüurunda qeyri-normalı mümkünə çevirir. Gözün alışdığı dəhşət, zehnin planladığı reallığa çevrilə bilər:

"Son dövrlərdə görürük ki, insanların sosial şəbəkələrə aludəçiliyi artıb. Yeniyetmələrə yaş həddi qoyulmur, onlar sosial şəbəkələrdən istənilən qədər istifadə edirlər və bu platformalara daxil olurlar. Sosial şəbəkədə isə cinayətkarlar öz əməllərini necə törətmiş olurlarsa, bu barədə də məlumatlar yayımlanır. Məsələn, 2-3 gün öncə Epşteynin törətdiyi cinayətlərin necə və kimlərlə həyata keçirildiyi barədə məlumatlar yayımlanmağa başladı. İnsanlar bunu izləyir, eyni zamanda yeniyetmələr də görürlər: bir insanın nələr etdiyini, hansı şəbəkəni qurduğunu və uşaqlara, yeniyetmələrə hansı zülmləri etdiyini.

Bu məlumatları gördükcə, “toplum psixologiyası” adlanan bir fenomen ortaya çıxır. Kütlə bunu izlədikdə normal qəbul etməyə başlayır. Kütlə bunu normal hesab edirsə, artıq özü də belə bir şeyi həyata keçirəndə onu qeyri-normal saymır. Beləliklə, bir insan bunu düşünəndə və planlayanda sanki gələcək üçün hazır olur".

Yaxşı lisey, ev və avtomobil övladı düzgün insan kimi tərbiyə etməyə yetmir; vaxtında göstərilməyən sevgi və diqqət yetirilməyən aqressiya, gec-tez ailəsinə qarşı bir cinayətkar yaradır:

"İndiki yeniyetmələr arzularını və istəklərini daha tez həyata keçirmək istəyirlər. Onlar hər şeyi qısa müddətdə əldə etmək, varlanmaq, hətta milyarder olmaq arzusundadırlar. Bu məcrada müəyyən qarmaqarışıqlıq yaranır. Bəzi yeniyetmələr özlərini başqaları üzərində avtoritet kimi aparır, qəribə tərzdə davranırlar, hətta ''oğruların'' qulaq asdığı mahnılara qulaq asırlar.

Bütün bunlar onların əvvəlki nəsillərdən fərqləndiyini göstərir. Saç, görünüş, geyim stili və davranışları fərqlidir, valideynə və müəllimə münasibətləri isə çox vaxt gərgindir. Bu gün baş verən xəbər də buna örnəkdir, 10-cu sinif şagirdi İdrak liseyində müəllimini güllələyib. Bu hadisə göstərir ki, valideynlər uşaqların aqressiyasına vaxtında diqqət yetirməyiblər, onları psixoloqa aparmayıblar və problemi vaxtında aşkar etməyiblər. Yalnız pul xərcləyərək yaxşı liseydə oxutdurmaq yetərli deyil.

Bəzən valideynlər övladlarına yaxşı məktəb, avtomobil, ev təmin edirlər, amma onlara kifayət qədər qayğı, sevgi və diqqət vermirlər. Nəticədə övlad yetkinlik yaşına çatanda ailəsinə qarşı aqressiya və hətta cinayət davranışları göstərə bilir. Əhmədin anası buna yaxşı nümunədir: övladını yaxşı liseylərə qoyub, ona avtomobil və ev təmin edib, amma onu düzgün insan kimi tərbiyə edə bilməyib. Nəticədə övladı yalnız ona deyil, bütün ailəsinə qarşı cinayət törədib.

Məsələ buradadır ki, valideynlər övladlarının yaxşı yaşamasını istəyir, özlərini oda-közə atır, bütün günü çalışırlar, amma övladlarına yetəri qədər diqqət, qayğı və sevgi vermədikdə, bütün bu proseslər axırda belə nəticəyə gətirir".

""Bizim məktəbdə problemli uşaq yoxdur" deyib həqiqətdən boyun qaçırmaq cinayətə şərik olmaqdır. Müəllimin güllələndiyi yerdə birinci günahkar valideyn, ikincisi isə vəziyyəti gizlədən məktəbdir:

"Biz valideyn olaraq övladımıza diqqət, qayğı və sevgi verməliyik, onun maraq dairəsini, nəyə həqiqətən marağı olduğunu aydınlaşdırmalıyıq. Yeniyetmələr üçün orta məktəblərdə psixoloq xidməti demək olar ki, yoxdur və psixoloqlara ciddi yanaşmırlar. Onları sadəcə davamiyyət yoxlayan, qapıda duran, tədbirə uşaq aparıb-gətirən biri kimi təqdim edirlər. Amma bu doğru deyil. Psixoloqun öz işi var və o, bu işi yerinə yetirməlidir.

Məktəblər və liseylər problemli uşaqları mütləq hüquq-mühafizə orqanlarına bildirməlidirlər. Bu iş üzrə yeniyetmələrə aid inspektorlar var və onlara məlumat verilməlidir. “Bizim məktəbdə belə uşaq yoxdur” deyərək boyun qaçırmaq düzgün deyil. Bugün bir uşaq müəllimini güllələyirsə, birinci günahkar valideyndir, ikinci günahkar isə məktəbdir ki, bu vəziyyətləri bildirməyib. Bu səbəbdən belə hallar bu qədər irəliləyib və cəmiyyət üçün ciddi təhlükəyə çevrilib".

Valideynlərin övladlarındakı emosional boşluğu maddi vasitələrlə doldurmağa çalışması böyük bir yanlışdır. Çünki heç bir bahalı hədiyyə ruhdakı sevgi və diqqət ehtiyacını əvəz edə bilməz.

''Bu cür faciələrin baş verməməsi üçün biz övladlarımızı dövlətin pulsuz psixoloji yardımı olan yerlərə yönləndirməliyik. Psixi Sağlamlıq Mərkəzləri, dispanserlər fəaliyyət göstərir və bu qurumlara müraciət etmək mümkündür. Özəl sektor bahadır, amma pulsuz xidmət göstərən yerlər var, oraya müraciət etmək lazımdır.

Valideynlər tez-tez bu emosional boşluğu hədiyyə, səyahət, paltar, telefon və ya gəzməklə doldurmağa çalışırlar. Amma bu, düzgün deyil. Övladınıza sevgi verin, diqqət göstərin, qayğı və mərhəmət öyrədin. İndiki yeniyetmələr bəzən dostlarını döyür və ya hətta öldürür. Bu davranışın doğru olmadığını anlamalıyıq".

AzEdu.az mövzu ilə bağlı psixoloq Nizami Orucovdan da açıqlama alıb.

Biz uşağın aqressiyasını "ərköyünlük" adlandırıb səhvə yol veririk. Əslində isə o aqressiya, uşağın içindəki eşidilməyən qorxunun, dəyərsizliyin və 'məni görün' fəryadının səsidir.

"Müasir dövrdə uşaqlar zorakılığa baxaraq böyüyür: oyunlar, videolar, seriallar. Davamlı zorakılıq görüntüləri beyində həssaslığı azaldır, buna dezensitizasiya deyirik. Uşaq üçün ölüm, qan, silah artıq “real” yox, “səhnə” kimi qəbul olunur. Əgər bunun üzərinə evdə emosional əlaqə yoxdursa, yəni uşaq kədərləndikdə, qəzəbləndikdə onunla danışılmırsa, bu iki faktor birləşib çox təhlükəli zəmin yaradır. Belə halda yeniyetmə insanı yox, “obyekti” hədəf alır.

Əsas səhvimiz odur ki, davranışa baxırıq, amma hissi görmürük. Uşağın aqressiyasını “ərköyünlük”, “tənbəllik”, “hörmətsizlik” kimi etiketləyirik. Halbuki aqressiya çox vaxt ifadə olunmamış qorxu, utanc, dəyərsizlik hissinin səsidir. Uşaq özünü eşidilməyən hiss etdikdə, qarşısındakı insanı düşmən kimi kodlaşdıra bilir."

Məktəblərdə psixoloji xidmət hələ də formal səviyyədədir

"Valideynlər və məktəblər çox vaxt müəyyən siqnalları ciddiyə almırlar. Məsələn, uşağın kəskin şəkildə içinə qapanması və ya ani partlayışlar göstərməsi, zorakılıq mövzularına həddindən artıq maraq göstərməsi, empatiyasız danışması “Haqlı idi”, “Layiq idi” kimi ifadələr işlətməsi, özünü daima alçaldılmış və hədəf alınmış hiss etməsi, yaxud “Məni heç kim anlamır” düşüncəsini daşıması. Təəssüf ki, bu siqnallar çox vaxt “keçər”, “yeniyetməlikdir” deyə ötürülür və nəticədə risk daha da artır.

Ən böyük problem odur ki, məktəblərdə psixoloji xidmət hələ də formal səviyyədədir. Real dəyişiklik üçün məktəb psixoloqları yalnız sənəd işi ilə məşğul olmamalı, aktiv risk izləmə sistemi qurmalıdır. Aqressiv və qapalı şagirdlər cəza ilə deyil, fərdi psixoloji müşayiətlə izlənməlidir. Eyni zamanda valideyn, məktəb və psixoloq arasında davamlı əməkdaşlıq olmalıdır. Psixoloji yardım isə yalnız “problem olanda” deyil, profilaktik olaraq verilməlidir.

Nəticə olaraq demək olar ki, bu cür faciələr tək bir fərdin problemi deyil. Bu, emosional laqeydliyin, nəzarətsiz rəqəmsal mühitin və gecikmiş psixoloji müdaxilənin birgə nəticəsidir. Uşaqları qorumağın yolu onları qorxutmaq deyil, onları vaxtında görmək, eşitmək və ciddiyə almaqdır".

Dünən b*ıçaqlanma, bugün g*üllələnmə - Ölkədə nə baş verir?!
Son xəbərlərDaha çox