Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-08 15:04:00
Gözəl və zəngin kitabxanası olan evlər niyə çox deyil?!

Sovet uşaqlarına “Oxumaq! Oxumaq! Oxumaq!” - deyirdilər. Bu gərəkli nida nəsillərin şüuruna əmr kimi yox, bəşəriyyətə, insana aid hər sirrə vaqif olmanın açarı kimi yerimişdi.

Bu tövsiyənin cazibəsi ilə rus klassikası, Qərb ədəbiyyatı, milli ədəbi nümunələr, hətta ən kasıb evlərdə belə, iri kitabxanalara çevrildi, həmin kitablar zaman-zaman bahalı əntiq əşyalar kimi qorundu, çoxsaylı müsbət və mənfi personajlar hafizələrdə öz yerini daimilik  möhkəmləndirdi...

O nəsil oxuduğu kitabların qoxusunu sevirdi.  Hər dəfə toxunanda həyəcanlanırdı. Hər səhifənin, ən maraqlı epizodun, fraqmentin yerini təxmin edə bilir, abzasları tanıyırdı. Çünki kitab, kitab oxumaq xatirinə ələ götürülmürdü, kitab bir dəb məsələsi, məcburiyyət deyildi, KİTAB bir SEVGİ idi! Ən GÖZƏL ƏYLƏNCƏ  idi! Əvəzolunmaz istirahət idi!

Ən gözəl duyğuları kitab yaşadırdı. EŞQİN SİRRİNİ, SEVGİNİN HƏYƏCANINI  bədii ədəbiyyat öyrədirdi. Ona görə də gecələr balışın altında anadan-atadan gizli saxlanılırdı. Tarixi ədəbiyyatlarda səhifələrə qələmlə işarələr çəkilir, o faktlara kilidlənmək üçün - beləcə, oraya oxucu kimi öz “ləpir”imiz qoyulurdu.

Bəs indiki gənclik?

Əslində, hər zaman ona da “Oxumaq! Oxumaq! Oxumaq!” tövsiyəsi var: məktəbdə müəllim, evdə ana-ata, nənə-baba. Amma böyük əksəriyyəti sanki Sokratdır; Aristoteldən də çox bilir. Elə ki, “əlavə kitablar oxu!” deyirsən, elə bilir, hər şeydən xəbərdardır; elə bilir, ona əmr verirsən, hər dəfə aldığı mütaliə nəsihətini özünə cəza, ağır yük kimi qəbul edir.

 Bədii ədəbiyyatdan uzaq düşüb. Halbuki maraqlı nə qədər desən, ədəbiyyat var. Markes, Şekspir, Hüqo, Drayzer, Tolstoy, Cek London... klassika olduğundan, ona köhnə ədəbiyyat, arxada qalmış, dəbini itirmiş ədəbiyyat damğası vurmaq olmur; o, hər zaman DƏBDƏDİR, bu gün həm də bir neçə dildə, gəncliyin ixtiyarında.

 Nə qədər desən, kitab mağazası, satış yarmarkası var. Təbliğat da var. Oxumağa zaman da var-elə hər ilin 3 ay yay tətili.  Bəs mütaliə həvəssizliyinə səbəb nədir?

 Telefon kitabdan öndədir; seriallar mütaliədən qabaqdadır; şou-proqramlar romandan, povestdən “təsirli”dir-ona görə. Oxuyanda da elektron kitablara qaçır. Yenə də  şükür! Amma ələ alınmayan,  KAĞIZ QOXUSU hiss edilməyən kitab kitab deyil, oxumaq deyil, gözün cihazın şüasından yorulmasıdır, vəssalam! Orda səhifələrə yaddaş xətləri qoya bilirsənmi? Yox! Rahat qoltuqda oturub, bütün fikrini bədii ədəbiyyatdakı mövzu, obrazlar üzərinə cəmləyə bilirsənmi? Yox!..

 Əslində, problemin kökü də elə buradan başlayır. Yeni informasiya və əyləncə vasitələrinə-kompüterə, çeşidli məzmunda disklərə, hər otağa qoyulan televizorlara ayrılan ailə büdcəsinin nə qədəri yeni ədəbiyyat insanlarının əsərləri, köhnə ədəbiyyatın latın qrafikalı variantları, müxtəlif bilgilərin məcmusu olan yeni ensiklopediyaların  əldə olunmasına xərclənir?

 Az qisim bu sarıdan nümunəvi ailədir. Övladı üçün tərbiyəvi səhnə, mükəmməl mühit, gərəkli örnək yarada bilir. Əlinin altına, gözünün qabağına kitab alıb qoyur!  Təəssüf, çoxluq çağdaş zamanı kitab dövrü yox, texnologiya dövrü sayır. Ona görə müasir evlərdə hər cür əşya, gözəl mebellər var, amma GÖZƏL və ZƏNGİN KİTABXANASI  olan evlər çox deyil. Çünki amansız dəb insanı ağuşuna alıb elə aparır ki, müasir texnologiya köhnə “dünya”sında, bir az mühafizəkar baxışlarında ayağını yerə möhkəm basmaq istəyəni də rahatca öz əsirinə çevirir. Fəqət əksəriyyət dərindən düşünmək istəmir ki, təkcə orta məktəb bazası ilə insan mükəmməlləşmir. Müasir gəncliyin mənəvi zənginliyini, intellektual keyfiyyətini yaradan əsas xəzinəni-mütaliə vərdişini, həvəsini ona verə bilmək, təbliğ etmək üçün durmadan cəhd göstərmək lazım!  

“Oxutmuram əl çəkin” hikkəsi ilə yaşayan cəmiyyəti uzaq əyyamlarda buraxsaq da, kitaba möhkəm sarılan cəmiyyətdən də qopub kompüter avadanlığından, sayı-hesabı bilinməyən televiziya kanallarından asılı vəziyyətə düşən bir toplum halına gəlmişik. Yeni nəslin mütaliə həvəssizliyinin kökü burda deyilmi? İnsanlarda KİTAB “ACGÖZ”LÜYÜ bu səbəbdən yoxdur-elə deyilmi? Bəzən heyifsilənirsən: kitablar “makulatura”ya çevrilir. 

 Əslində, statistik olaraq, durum o qədər faciəli də deyil;  kitablar az-çox satılır, kitab ticarəti axsamır. Üstəlik, bukinistlərin ünvanını axtaranlar, KÖHNƏ KİTABLARA SAHİB ÇIXANLAR da var.

 Son zamanlar açıq havada kitab satışı formatı kitab nəşriyyatlarına az da olsa, iqtisadi qazanc gətirir. Bu format həm də yaxşı bir piar modelidir.  Bəlkə də heç kitab mağazalarının qapısı günlərlə açılmır, alıcı görmür. Amma açıq havada ticarət KİTABSEVƏR insanları alıcı olaraq fəallaşdırır. Yeni mövzular, yeni yanaşmalar, yeni müəlliflərlə tanış edir. Üstəlik, açıq havada kitab ticarəti  mülayim havalarda parklarda, yaşıl qazon üzərində vaxtını kitab oxumaqla, istirahətini mütaliə ilə keçirmək istəyən gənclərə də həvəs verir və nə gözəl ki,  belə hallar da var.  

 Amma əsas məsələ bu həvəsi, KİTABA TÜKƏNMƏYƏN EŞQİ KÜTLƏVİLƏŞDİRMƏKdir. Bir də odur ki, oxumaq xatirinə oxumayasan; Saxtakar oxucu olmayasan, yəni. Çünki kitab hafizəsi möhkəm oxucu istəyir; kitab oxuma eşqi olanları sevir,  OXUDUĞUNDAN NƏTİCƏ ÇIXARANLARI SEVİR.

 Kitab oxumaq kiməsə hesabat vermək deyil. Kiminsə qarşısında savadlı görünmək də deyil. Kitabda sosial-ictimai problemlərin qoyuluşuna, əsərin leytmotivinə diqqətli olmaq,  gözlərin sətirlərə tökdüyü zəhməti ağlın gücü ilə qavrayıb, analiz edə bilmək önəmlidir. Burada İDEAL OXUCU məsələsi önə çıxır. Kitab oxuyanların neçə faizi ideal oxucudur-artıq onu da bilmək çətindir...

 Bircə bu bəllidir ki, yaxşı cəhətin də, pis cəhətin də özülü birinci AİLƏDƏ qoyulur. Bu baxımdan, təhsil sektoru ilə ailə institutunun koordinasiyalı işləməsinə hər zaman ciddi ehtiyac var. Çağdaş nəsli kitabsevərlik ovqatına kökləməyin, müasir insanla kitab arasında GÜCLÜ BAĞ yaratmağın yolları birlikdə axtarılıb tapılmalıdır.

 Vəfa ALLAHVERDİYEVA ( Azərbaycan müəllimi)