XƏBƏRLƏR

23.08.2019 11:01
Empatiya və yaradıcı düşüncə  

Gələcəyin insanı süni intellektlə rəqabətdə bu iki amil hesabına öndə olacaq

Təhsilin əsas missiyası gələcək üçün kadrların hazırlanmasıdır. Bu proses təbii ki, kor-koranə həyata keçirilməməlidir. Əgər ötən əsrin sonlarınadək kadr hazırlığı dövlətin ehtiyac və tələblərinə uyğun planlı şəkildə həyata keçirilirdisə, informasiya əsrinin gəlişi ilə “sifarişçi”lərin sayı dəyişikliyə uğrayıb. Qərbin qabaqcıl cəmiyyətlərində ali məktəblər məzun buraxılışını maksimum şəkildə iri korporasiyaların cəmləşdiyi “Silikon vadisi”ndən gələn siqnallara uyğunlaşdırmağa çalışırlar. Dünya iqtisadiyyatının ürəyi bu gün burada döyünür. Yox, nə birjalar “Silikon vadisi”ndə cəmləşib, nə də iş mərkəzləri. İqtisadi proseslərin əsas işçi qüvvəsinə çevrilməkdə olan süni intellektə dair inqilabi yeniliklər məhz burada baş verir. Deməli, universitetlər məzunlarına elə peşələri öyrətməlidirlər ki, gənc nəsil “vadi”dən gələn yenilənmə dalğasının altında qalmasın.

Robotlar gəlir

Avtomatlaşdırmaya sənaye inqilabının başlanğıcından start verilib. Ancaq proses qlobal bəhrələrini yaxın gələcəkdə görəcək. Bu, təbii ki, süni intellekt texnologiyalarının sürətlə inkişafı ilə bağlıdır. Hazırda insanın rutin əmək prosesindən sıxışdırılması baş verir. Bu proses onunla yekunlaşacaq ki, milyonlarla insan iş yerlərini itirəcəklər. “McKinsey”in ekspertlərinin proqnozlarına görə, 2030-cu ilədək dünya üzrə təqribən 400 milyon nəfər işindən olacaq. Ya peşəsi aktuallığını itirəcək, ya da yerini robota təhvil verəcək. Məsələn, Azərbaycana ərazicə ən yaxın iri iqtisadi oyunçu olan Rusiyada təqribən 40 milyon iş yerinin süni intellektə həvalə ediləcəyi gözlənilir. “McKinsey”in hazırladığı ssenarilərdən birinə görə, 2055-ci ilədək insanın professional fəaliyyət sferalarının 50%-i avtomatlaşdırılacaq.

İstehsalat kiberistehsalatla əvəzlənir. Logistika prosesi 99% halda insansız idarə olunacaq. “Amazon” artıq indidən anbarlarını tam olaraq avtomatlaşdırıb, burada proses avtopilot rejimində həyata keçirilir. “Barclay Capitals”ın analitiklərinə görə, yaxın 25 ildə robot-maşınlar adi avtomobilləri tam sıxışdırıb rəqabətdən çıxarmağa müvəffəq olacaq. Vaxtilə necə avtomobil at arabalarını tarixin uzaq küncünə atmışdı, indi özü də həmin marşrut ilə hərəkət etməli olacaq. Bir sıra futuroloqlar daha da irəli gedərək düşünürlər ki, elə vaxt gələcək sürücüləri olan avtomobillərin yola çıxmalarına qadağa qoyulacaq.

Təhlükə tək fiziki əməyə münasibətdə deyil. Robotlar intellektual işin bir qismini də öz üzərlərinə götürəcəklər. “Bloomberg” informasiya agentliyində artıq 3 ildir hava və idman xəbərlərini, birja yeniliklərini robotlar yazır. “Reuters AI Tracer”də quraşdırılmış sistemə görə, süni intellekt toplanan məlumatların gerçək və ya feyk olduğunu müəyyən edə bilir. “Amazon”nun brend seçimlərini robotlar həyata keçirir. İsveçin aparıcı bankı - “Nordea Bank AB” 6 min işçisini ixtisara salıb robotlarla əvəzləməyi planlaşdırır.

Düzdür, indidən hansı sahələrin avtomatlaşdırılacağını tam dəqiqliklə proqnozlaşdırmaq asan iş deyil. Ancaq bilirik ki, istənilən bacarığın əsasında standart hərəkətlər durur, onları isə avtomatlaşdırmaq ən asan işlərdən biridir. Başqa sözlə, nəyi avtomatlaşdırmaq mümkündür, avtomatlaşdırılacaq. Robotlar insanları əvəzləyəcək, iqtisadiyyatda böyük işsiz kütləsi peyda olacaq.

Hansı işin “qulp”undan yapışaq?

Yuxarıda qeyd edildiyi kimi, təhsilin başlıca sifarişçisi iqtisadiyyat olub. İqtisadiyyat onun aparıcı qüvvəsi olan insanla “vidalaşıb” işi robotlara etibar etməkdə qərarlıdır. Belə bir vəziyyətdə insanın işsiz qalmaması və rəqabətə tab gətirməsi çox vacibdir. Nə etməli? Yeni nəsli hansı istiqamətdə təhsil almağa yönəltməli?

1. Proqramlaşdırma. Yaxın gələcəkdə insan üçün ən vacib iş proqramlaşdırma bacarıqlarına yiyələnmək olacaq. Özü də tək iş üçün yox - proqramlaşdırmasız adi məişətdə də keçinmək mümkün olmayacaq. İnanmırsınız? Evinizə göz gəzdirin: mənzildə “səyahət” edən tozsoran, smartfon vasitəsilə işə düşən elektrik çaydanlar. “Əşyalar interneti” inkişaf etdikcə, “ev robotları”nızın sayı da artacaq. İnanmayacaqsınız, ancaq bu yaxınlarda elə ağıllı soyuducular və ayaqqabılar dövriyyəyə buraxılacaq ki, birlikdə sizin çəkinizə nəzarət edəcəklər. Ayaqqabı soyuducuya insanların ağırlığı barədə məlumat “ötürəcək”, o da öz növbəsində qapısını üzümüzə yalnız dietik məhsullar üçün açacaq. Ac qalan, getsin restorana!

2. Tənqidi düşüncə. Dünyada böyük miqdarda informasiya saxlanılır. İDC-nin hesablamalarına görə, 2010-cu ildə bu məlumatın həcmi 1 zettabayt olub. 2020-ci ildə bu göstərici 44 zettabayta bərabər olacaq. “Experian”da düşünürlər ki, 2025-ci ildə söhbət 163 zettabaytdan gedəcək. Ən maraqlısı isə budur ki, insan planetimizin istənilən nöqtəsindən bu qədər informasiyanı əldə edə bilmək imkanlarına malik olacaq. Bu, nə deməkdir? İlk növbədə beyinlərin “azadlığı”. Bilmək istəyirsiniz filan dağın hündürlüyü nə qədərdir? Bunu əzbərləyib beyni yükləməyə nə ehtiyac var? Sualı axtarışa daxil et, cavabı gəlsin! 

Bununla belə, informasiya ilə işləməyi, hansı məlumatın vacib və ikinci dərəcəli olduğunu ayırmağı bacarmaq lazımdır. Hər görülənə və eşidilənə etibar etmək olmaz, informasiyaya və onun mənbəyinə tənqidi yanaşmaq çox vacibdir. 

3. Yüngül bacarıqlar. XXI əsrin keyslərində proqramlaşdırma lazım olan cəhətlər sırasında yalnız üçüncü yeri tutur. Təsəvvür edirsiniz? Ətrafımız avtomatlaşır,  robotlar işimizi əlimizdən alır, proqramlaşdırmada isə bizə lazım olanlardan yalnız üçüncüdür! Bəs ən vacib olanı nədir? Soft-bacarıqlar! Yəni yüngül bacarıqlar. “Yüngül” o mənada ki, daha çox humanitar və idarəetmə xarakterli bacarıqlardan söhbət gedir. Fikir verin: xarizma və ətrafında səninlə eyni düşünən insanları toplamaq bacarığı. Unutmayın: təkbaşına kompüter arxasında oturan şəxs nadir hallarda uğurlu məhsul yarada bilər. Bunun üçün bacarıqlı komandaya ehtiyac var. Onu toplamaq isə hər kəsin işi deyil. Tək toplamaq deyil, komandanı arxanca inandırıb apara da bilməlisən! 

Bu gün bizə ən lazım olan cəhətlər emosional intellekt və empatiyadır. Empatiya effektiv kommunikasiya qurmaq, özünü və ətrafını aydın şəkildə anlaya bilmək bacarığıdır. Güzəştə gedə bilməlisən, həyəcanlanmağı bacarmalısan, ümumi məqsəd və amalı qərəzdən üstün tutmalısan. Empatiya ilə yanaşı, yaradıcı düşüncəni də qeyd etməliyik. Elmi və idarəçilik yaradıcılığı insanın dünyaya bəxş etdiyi tövfələrdir. Robotlar çox işi bacara bilərlər, ancaq innovasiyalar sırf insana məxsus fəaliyyət sahəsidir. 

Yaradıcı düşüncəni hər bir insanda inkişaf etdirmək mümkündür. Bu baxımdan, gələcək üçün çox vacibdir ki, həm təhsil, həm də iş prosesində maksimum yaradıcılıq olsun, insan dünyaya, yeniliklərə uyğunlaşmağa qorxmasın. 

Empatiya və yaradıcılıq robotlara yad amillərdir. Məhz buna görə də gələcəkdə rəqabətə dözümlü olmaq üçün bu iki cəhəti xüsusilə inkişaf etdirmək lazımdır. Kütləvi robotlaşma fonunda insan iştirakı ilə kommunikasiya qurmaq, ünsiyyətdə olmaq münasibətlərin qurulması prosesində professional mühit tərəfindən çox ciddi qiymətləndiriləcək. 

İnkişaf etmiş empatiyalı və güclü yaradıcılığa malik insanlar hər zaman öndə olacaqlar.(muellim.edu.az)

Rüstəm QARAXANLI

İlin gənc müəllimi-Müraciət formu