XƏBƏRLƏR

24.06.2019 09:19
Elçibəyin elmi fəaliyyəti,  Azərbaycanla bağlı aşkarladığı tarixi gizlinlər - ARAŞDIRMA  

Bu gün Azərbaycanın sabiq prezidentlərindən biri  Əbülfəz Elçibəyin doğum günüdür.

 Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (ADU) Şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misirdə tərcüməçi kimi çalışıb, Bakıya qayıtdıqdan sonra ADU-da müəllim işləyib. 1975-1976-cı illərdə antisovet fəaliyyətinə görə həbsdə olub. İlyarımlıq həbsdən sonra Azərbaycan Elmlər Akademiyasının  Əlyazmalar  İnstitutunda çalışmağa başlayıb. O, 1988-ci ildə Azərbaycanda başlayan milli azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsini yaradanlardan olub.

 AzEdu.az  təqdim  edəcəyi yazıda bu gün 80 yaşı tamam olan  Əbülfəz Elçibəyin elmi fəaliyyəti haqqında danışacaq.

Elçibəy hər şeydən əvvəl bir alim idi və ömrünün sonunda Kələkidə yaşayarkən bütün həyatı, fəaliyyəti üçün məhz buna minnətdar olacaqdı.

Tələbə, tərcüməçi və elmi işçi

24 iyun 1938-də Naxçıvanda, Ordubad rayonunun Kələki kəndində doğulan Əbülfəz Qədirqulu oğlu Əliyev əvvəlcə Unus kənd 7 illik məktəbini bitirir. Daha sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini başa vurur və 1957-də Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olur. 1962-ci ildə buranı bitirir, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyir. Birləşmiş Ərəb Respublikasına (Misirə) göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçilik edir.

1965-ci ildə xarici ezamiyyətdən dönərək BDU-da aspiranturaya girən Ə. Əliyev (o vaxt hələ Əliyev idi) oranı uğurla bitirir. 1968-ci ildə “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alır. BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim və baş müəllim işləyib. 1975-in yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğat apardığına görə həbs edib və o, 17 iyul 1976-yadək siyasi dustaq olub, əsasən Qaradağ daş karxanasında ağır işlər görməyə məhkum edilib (Bax, bu andan sonra Əbülfəz Əliyev öz yerini Elçibəyə verir).

Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalsa da 1976-nın dekabrında Əlyazmalar İnstitutuna kiçik elmi işçi göndərilir, sonra böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi işləyir.

Elmi araşdırmalarda axtarılan Azərbaycan

Klassik və müasir ərəb dilini, İslam əsaslarını, Şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən ən ciddi alimlərdən sayılan Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələr üzrə çox dəyərli elmi araşdırmalar aparıb. Onun 40-dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun ”Elmi əsərlə”ində, EA-nın ”Xəbərlə”ində ,”Əlyazmalar xəzinəsi” toplusunda və b. nəşrlərdə çıxan ”Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması” (1967), ”Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dai” (1968), ”9-10-cu əsrlər ərəb-Misir ədəbiyyatı haqqında, (1971),”Tulunilər dövləti və qərmətilər” (1971), ”Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair” (1971), ”9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət” (1972), “Hənəfilik və onun əsas qaydalar” (1986), “Əhməd Tantarani Maraği və onun 'Tantaraniyyə' qəsidəsi”  (1987) və  bir çox maraqlı elmi araşdırmalar aparıb. Araşdırmalarının əsas məqsədi  Şərq fəlsəfi dərinliyindən, türk ruhundan və modern düşüncədən qopan insana mesajlar ötürülür. Xüsusən də, Azərbaycanda yaşayan türklərin soykökünü araşdırmaq və onu türk ruhu və Şərq mənəviyyatı ilə əlaqələndirmək Elçibəyin əsas elmi prinsipi idi:

“Azərbaycan Ulu Tanrının su ilə odun öpüşündən sevə-sevə yaratdığı, Xızır İlyas peyğəmbərin, Qut savçısı Qutay peyğəmbərin, Azər peyğəmbərin, Lut peyğəmbərin, Azərdüşt peyğəmbərin, Yafəs peyğəmbərin və onun oğlu Türkün sevimli, gözəl, görklü yurdudur. Azərbaycan dünyanın qədimdən-qədim insan məskənlərindən və ilkin mədəniyyət mərkəzlərindən biri, varlı təbiətli, əzəli və əbədi bir türk yurdudur. Bu gün Azərbaycanda 40 milyon türk 183 il bundan qabaq rus imperiyası tərəfindən parça-tikə və pay-püş edilmiş ulu yurdlarının birləşdirilməsi istəyi ilə yaşayır. Demək olar ki, bu istək uğrunda mübarizə artıq başlamışdır”.

Göründüyü kimi, Avestadan qidalanaraq Quranla cilalanan və bu cilalanmanın nəticəsində dəyərləndirilən Azər-türk etnosu Elçibəy üçün əsas tədqiq obyekti olub. O, sufi dünyagörüşlü tədqiqatçı olmaqla bərabər həm də millətin gen yaddışını, gen başlanğıcını arayan bir tarixçi idi:

“Dünyada mədəniyyət ilk dəfə burada mərkəzləşmişdir. Daha doğrusu, Doğu Türküstandan Xəzər dənizinin sahillərinədək olan ərazi dünyanın ən qədim mədəniyyət mərkəzi olmuşdur. Buna görə də bir vaxtlar "tarix Şumerdən başlayır" dediyimiz halda, indi "tarix Orta Asiyadan (ya da Turandan) başlayır" deməyi tarix elmi bizdən tələb edir. Heç də təsadüfi deyil ki, dünyanın böyük rəmzlərindən olan səkkizbucaqlı, ya da səkkiz çıxıntılı ulduz, dünyanın bütövlüyünü göstərən baş-ayaq butalar, xaç, svastika və başqalarının ən qədim nümunələri son illərdə aparılan qazıntılar zamanı məhz bu ərazidən tapılmışdır. Bu ilk mədəniyyət mərkəzinin yaranma və varolma tarixi eradan qabaq X-VI minilliklərə aid edilir. Dünyanın ikinci qədim mədəniyyətinin toplandığı mərkəz Xəzərin qərb sahillərindən başlayaraq qərbə doğru Kür-Araz ovalıqları, Qızılüzən boyu və Urmiya gölü ətrafını əhatə edir. Bu mədəniyyətin yaranma və varolma tarixi eradan qabaq VII-II minilliklərə dayanır. Tarix baxımından Şumer üçüncüdür. Dəclə və Fəratın hövzəsi, yuxarı axını, Patağ [(Zaqros)] dağlarının qərb ətəklərindən Ərəbistan səhrasının şimal şərqinədək olan ərazini əhatə edir və eradan öncə IV-II minilliklərə bağlanır. Bu baxımdan Aralıq dənizinin (Ağ dəniz) doğusu və Nil hövzəsi (Misir) dördüncü (eradan qabaq IV-I minilliklər), Quanxe (Xuanxe)-Yançju (Çində) çaylarının arası beşinci (eradan qabaq III-I minilliklər), Hind-Qanq çaylarının ərazisi altıncı (eradan qabaq II-I minilliklər) mərkəz sayılır.

Dünya mədəniyyətinin köçmələri və ya yerdəyişmələri nəzəriyyəsinə dayansaq, bütün sonrakı mədəniyyətlər özündən əvvəlkilərin varisləridir. Orta Asiya, Kür-Araz (Xəzərdən Patağ dağlarınadək) və Şumer mədəniyyətləri daha çox varislik əlaqələri ilə bağlıdır; bunlar bütövlükdə səkkiz min il davam edən böyük bir mədəniyyətin üç böyük mərhələsi kimi də qəbul edilə bilər”.

Elçibəy  bizlərə araşdırmalarında çox maraqlı bir lüğət təqdim edir. Bu, dilçilik lüğətindən götürülmüş sözlər türk etnosunu özünə qaytarmağa qabildir:

Türk - turukku, turuku, turuxi;
Quz (Oğuz) - qus, ğuz, quş, kuş;
Qaz - kass, kas, kassit, kaspi, kasan, kaşan, kaş;
Su - şu, çu, şuv;
Alpərtunqa - Əfrasiyab;
Dəmir - Tamara, Tomiris, Tomris;
İldəniz - Eldəgiz, Eldəgəz.

Namizədlik dissertasiyası olan Tulunilər dövləti də elmi icmada maraqla qarşılanıb. Belə ki, Misir ərazisində cəmi 37 il yaşayan bu dövlətin taleyini Elçibəy maraqlı yanaşmalarla şərh edir.

İlin gənc müəllimi-Müraciət formu