XƏBƏRLƏR

04.02.2019 09:30
Lütfi Zadə üçün gecikmiş təbrik – “Uzaqdakı yaxınlıq” nəzəriyyəsi-ANIM GÜNÜ

 

Öncə təbrik

Bu gün dünyanın elm nəhənglərindən olan, əslən azərbaycanlı alim (elə vətəndə də dəfn edilən –red.)  Lütfi Zadənin  anadan olmasının 98-ci ildönümüdür.

AZEdu.az-ın hazırladığı bu yazı həm də bir növ,  həmin münasibətlə yazılmış bir təbrikdir...

Alim  hamıdan uzaqda öz elminin içində məskən salır. O hamıdan uzaq öz dünyasına qərq olaraq başqa dünyaların fövqündə qərar tutur. Orda yaşayır və orda yaradır. Alim ideyalarında dünyaları bir-birilə qarşılaşdırır, onların sintezini yaradır və xüsusi müqayisələr aparır. Yaranan hər nəzəriyyə də bu dünyalara yeni baxış formasını əmələ gətirir. 

Uzaq yerlərin Lütfi Zadəsi...

Alimin böyüklüyü həm də onun insanlara yaxınlığı və uzaqlığı ilə ölçülür. O insanlara yaxındır. Çünki mənəvi yaşantılar, sevgi, humanizm kimi ideyalar alim – insan rabitəsini qurur. O həm də insanlardan  uzaqdadır, xeyli uzaqda. Bəlkə də onun alimliyinin dərəcəsi məhz bu uzaqlığın məsafəsi ilə ölçülür. Uzaqlıq onu Elm dünyasına yaxınlaşdırır. O hamıdan və hər şeydən uzaqda bir dünyanın içində alimdir. Hamıyla olanda hamıya aid olanda isə insandır.   

Dünyanın ən böyük alimlərindən olan Eynşteyn və Nyutonla bir sıraya qoyulan Lütfi Zadənin bu gün 98 yaşı tamam olur. Dünyanın inkişaf ritmini tamamilə dəyişən, məkana çox çalarlı baxış sistemini yaradan Zadəyə baxış da o cür rəngarəngdir. Berkli Universitetinin ömürlük professoru seçilən , 6 mühüm nəzəriyyəsi ilə dünyanın bütün təfəkkür sistemini dəyişən alim bu gün də 98 yaşında olmasına baxmayaraq elm üçün çalışır və elmə töhfələr verir. Əslində bu gün bəlkə də Zadənin ad günü deyil. Zadə kimilərin nə məkanı olur,  nə də zamanı . Belə ki, o elmə qərq olmaqla bütün məkanların fövqünə varır. Məkan tanımaz. Elmə bürünməklə zamanın da fövqünə çıxır. Yaşı bilinməz. Sadəcə olaraq uzaqlarda 98 yaşlı bir insanın olmasını sezilir.

98 yaşlı Uzaqlıq doğum günün mübarək!

Daha sonra DOSYE... Amma çox qısa...

Modern dünya elminin inqilabçısı sayılan Lütfi Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakı şəhərində anadan olub.
Lütfi ilk təhsilinə Bakıdakı 16 saylı məktəbdə başlayıb. Lakin 1932-ci ildə rejimim güney azərbaycanlılarla bağlı qəbul etdiyi qərara görə, onlar iki yoldan birini seçməli idilər: ya bu tayda qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi İrana geri qayıtmaq qərarına gəlir. Bir çoxları, xüsusilə də yaxın qohumları bu addımın gələcəkdə Lütfi Zadə fenomeninin formalaşmasında böyük rolu olduğunu qeyd edirlər. Çünki o illərdə SSRİ-də kibernetika, informatika  kimi elmlərə qarşı mənfi münasibət var idi və çətin ki, belə mühitdə Lütfi Zadə öz elmi ilə irəli gedə bilərdi.
Beləcə, o, 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edir. Balaca Lütfi o vaxt Bakıda rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Maraqlısı budur ki, Bakıda üç sinif oxuyana qədər dünya ədəbiyyatının, xüsusən də rus ədəbiyyatının tanınmış yazarlarının hamısının əsərlərini mütaliə etmişdi. Tehrana köçdükdən sonra təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə ilk dəfə olaraq Amerika elmi və mədəniyyəti haqqında məlumat əldə edib. Orada elmin inkişafı üçün yaradılan şərait onu hələ məktəb illərindən Amerikaya çəkib.
Süni-intellekt nəzəriyyəsinin banisi sayılan Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilib.

Bakı: xatirələr və şəhər...

Lütfi Zadənin Azərbaycanla bağlı duyğuları həmişə kimlər tərəfindənsə səhv  istiqamətə  yozulub. Lütfi Rəhim oğlu Ələsgərzadə qısaca olaraq Lütfi Zadə anadan olduğu və uşaqlığını keçirdiyi Bakını həmişə xoş duyğularla xatırlayır. 12 yaşına kimi Bakıda yaşayan və burda məktəbə gedən  böyük alim  atasının kitabxanasında olan rus klassikləri və digər dahilərdən 3000 - ə yaxın kitabın hamısını  oxuyub bitirmişdi. Hər dəfə də Bakıya və digər MDB şəhərlərində olanda özünün intellektual inkişafından danışarkən bildirirdi: “Mən Bakıda XIX əsr rus ədəbiyyatının təsiri altında böyümüşəm.”  Bu cümlə həm Bakının intellektual imicinin, həm də Zadənin Azərbaycana olan sevgisinin göstəricisi idi. Dünya şöhrətli alimin yaxın dostu və elmi varisi olan akademik Rafiq Əliyev onun Azərbaycan sevgisini bu cür şərh edir:

“Uşaqlıq illərini, köhnə Bakını, evlərini və oxuduğu məktəbi çox şirin nostalgiya ilə xatırlayır: “Rafiq, evimizin yaxınlığında kiçik bir köşk var idi. Atamın hər dəfə məni ora “Vışka” qəzeti almağa göndərərdi. Onda mənim 9 yaşım var idi”. Rafiq Əliyev başqa məqamlardan da danışdı. Zadənin dərs dediyi universitetin yaxınlığında böyük bir kafe var. Mütəmadi olaraq orda nahar etdiyi üçün oranı Zadə kafesi kimi tanıyırlar. Bu həm də o kafe üçün əlavə bir reklam idi. Kafenin divarlarında Azərbaycana aid  çoxlu portretlər var. Neft buruqları , təbii mənzərələr , Bakını təsvir edən görüntülər və s.  İnanın, Zadə bunu ancaq və ancaq Azərbaycan sevgisi və PiaR-ı naminə edirdi. Hər gün o kafeye girən adam sanki Azərbaycanla qarşılaşır.

Bir dəfə xarici ölkələrin birində elmi konfrans təşkil olunmuşdu. Süni-intellekt nəzəriyyəsi barədə idi. Konfransa rəhbərliyi Zadə edirdi. Dünyanın həddindən artıq nəhəng alimləri orada iştirak edirdi. Aralarında Nobel mükafatı laureatları da var idi. Necə oldusa mən və bir-iki alim yoldaşlar konfransa gecikdik. İçəri daxil olanda Zadə danışırdı. Sakit-sakit içəri keçib arxada əyləşdik.   Zadə mətni çox diqqətlə oxuyurdu. Hamımız elə bilirdik ki, o heç biiz görmədi.   Bir də gördük ki, konfransın sonunda Zadə danışdı : “Konfransda süni intellekt nəzəriyyəsinin böyük alimi Rafiq Əliyev də iştirak edir. O, bu gün aramızda olmaqla Azərbaycanı da təmsil etmiş olur”. Özümü itirmiş kimi oldum. Elə bilirdim ki, o heç məni görməyib. Lakin mən sonradan anladım ki, Zadə mənim adımı çəkməklə dünya alimləri qarşısında Azərbaycan imicini qaldırmaq fikrində imiş.

Bir dəfə də Amerikada növbəti elmi konfrans keçirilirdi. Orda da çox böyük alimlər  var idi. Sədr yenə də Lütfi Zadə idi. Orda mənə yanaşdı və bildirdi ki dördüncü sən çıxış edəcəksən. Baxmayaraq ki, orda böyük ölkələrin nümayəndələrin də var idi. Amma o çıxış  haqqını mənə verməklə bir növ Azərbaycan təəssübkeşliyini qorumuş oldu.

Bir dəfə məşhur jurnalistlərdən biri Lütfi Zadədən müsahibə almaq üçün məndən kömək istədi. Lütfi Zadə ilə əlaqə saxlayaraq onu razı saldım. Jurnalist vaxtları səhv tutuşdurub. Amerikada gecə olarkən gedib ora. Elə gecə ikən də Zadəyə zəng vurub. Zadə yuxulu ikən nə vəziyyəti , nə də,  onun dediyini tam anlamayaraq  telefonu söndürüb. Bir də gördüm jurnalist zəng edib deyir ki, Rafiq müəllim siz axı onu razı salmışdız? O saat hiss etdim ki, vaxtsız zəng ediblər. Bunlardan sonra Zadə ilə əlaqə saxladım. Dedi , axşam mənə kimsə zəng vurmuşdu. Tam başa düşmədim. Amma hiss etdim ki Bakı ləhcəsidir. Beləcə bəlkə də Bakı ləhcəsinin şirinliyinə görə o jurnalisti qəbul edir...“