Azedu.az

Videooyun qurbanları: Onları necə xilas etməli?

Xəbərlər

12 Mart 2025, 12:36
Videooyun qurbanları: Onları necə xilas etməli?

Son zamanlar gənclər və yeniyetmələr arasında videooyunlara aludəçilik günü-gündən artmaqdadır. Bu oyunların mobil versiyalarının tətbiqi onu daha rahat şəkildə əldə etməyi asanlaşdıraraq oyunlara maraq göstərənlərin sayını da artırır.

 

Mütəxəssislər hesab edir ki, videooyunlardan asılılıq fiziki aktivliyi azaldır, onu real həyatdan, cəmiyyətdən uzaqlaşdırır, bu da aqressivliyə, davranış pozğunluğuna gətirib çıxarır. Virtual oyunlara alüdəçilik həmçinin yeniyetmələrdə fikir dağınıqlığına, dərslərə marağın azalmasına səbəb olur. Videooyunlar çox zaman uşaqların diqqətini çəkən və onları real həyatdan uzaqlaşdıran əyləncəli, maraqlı məqamlar təqdim edir.

 

Oyunlardakı mükafatlar, hədəflər və səviyyələr, uşaqları oyuna bağlamağa, real həyatdan uzaqlaşdırmağa səbəb olur. Online oyunlar, uşaqların digər oyunçularla əlaqə qurmasına imkan verir. Bu, bəzən uşaqların real dünyadakı sosial münasibətlərindən daha çox virtual dünyada vaxt keçirməyə üstünlük vermələrinə səbəb olur. Bəzi oyunların cəlbedici dizaynı və personajın hədəfləri   uşaqların oyunu uzunmüddət davam etdirməsinə və sonluğa can atmasına səbəb olur. Bu oyunlar tez-tez mükafatlandırma və səviyyə yüksəltmə sistemləri ilə uşaqları cəlb edir. Uzun müddət videooyun oynamaq fiziki fəaliyyətin azalmasına səbəb olur. Bu da piylənmə, göz yorulması, baş ağrıları və digər sağlamlıq problemlərinə yol aça bilər. Həmçinin, hərəkətsizlikdən qaynaqlanan bəzi problemlər (bel və boyun ağrıları) daha çox artmağa başlayır.

 

Uşaqların oyunlara çox vaxt sərf etməsi, dostları və ailələri ilə səmərəli vaxt keçirmələrini məhdudlaşdırır. Onların sosial bacarıqlarının zəifləməsinə, tənhalığa və real dünya ilə əlaqələrinin itirilməsinə səbəb olur.

 

Videooyunlara alüdəçilik onların yetərincə dərslərinə diqqət ayırmamasına və uğursuzluqla üzləşmələrinə gətirib çıxarır.

 

Yeniyetmələrin videooyunlardan asılılığı valideynləri də narahat edən əsas məsələlərdən biridir.

 

Övladında virtual oyun aludəçiliyindən şikəyətlənən valideyn İlhamə Məmmədli bu vəziyyətdən çıxmağn yolunu axtarır. O, orta məktəbdə sonuncu sinifdə təhsil alan oğlunun iki ildir ki, bu bəlaya düçar olduğunu söyləyib: “Əvvəllər ara-bir videooyun oynasa da, sonradan bu daimi hal aldı. Hazırda isə asılılıq halına çevrilib. Oyun oynamasa dayana bilmir, əsəbi olur. Boş vaxt tapanda, hətta gecə gec saatlara kimi oyun oynayır. Dəfələrlə öyüd-nəsihət verməyimizə, videooyunlara baxmağı ona qadağan etməyimizə, hətta cəzalandırmağımıza baxmayaraq, onu bu vərdişdən uzaqlaşdıra bilməmişik”.

 

Valideyn Şəms Zeynalova bildirib ki, övladı gündə 5-6 saat vaxtını oynamağa sərf edir. Bütün fikri ancaq oyunda olur: “Videooyunlara aludəçilik onu ətraf mühitdən və insanlardan təcrid edir. Uşaq insanlarla dialoqdan yayınır, onda diqqətsizlik və fikir dağınıqlığı yaranır. Onun bu davranışları valideyn olaraq məni çox narahat edir. Bütün fikri oyunda olduğu üçün oxuduğu dərslər də yadında qalmır. Qəbul imtahanlarının vaxtına az qalıb. Qorxuram ki, oyuna bu qədər aludəçilik onun imtahanda zəif nəticə göstərməsinə səbəb olacaq. Müxtəlif vasitələrdən həmçinin psixoloq dəstəyindən də istifadə etmişik. Ancaq heç cürə övladım videooyunlardan qopara bilmirik. Müvəqqəti də olsa bunu dayandırsa da, yenidən oynamağa başlayıb”.

 

Videooyun asılılığından əziyyət çəkən uşaqlar üçün peşəkar psixoloji dəstək vacibdir. Mütəxəssislər uşaqların asılılıqlarını aşmalarına və daha sağlam davranışlar inkişaf etdirmələrinə kömək edə bilərlər.

 

Psixoloq Vəfa Əkbərin sözlərinə görə, günümüzün ən böyük psixoloji problemlərini internet, müxtəlif videooyunlar və bəzi sosial şəbəkələr yaradır. Bu şəbəkələrin toruna isə ən çox uşaqlar, yeniyetmə və gənclər düşür. Çünki bu yaş dövründə onların istək və maraqlarınn kontrol edilməsi bir az çətin olur. Virtual aləmə bağlılıq həmçinin internet və videooyun asılılığı demək olar ki, bütün yaş qrupu üçün problem yaradır. Bu əlamət addeksiya adlanır və ciddi fəsadlarla müşahidə olunur: “Həmin insanlarda davranış pozğunluğu, real həyatdan uzaqlaşma halları və uyğunlaşma problemi yaranır. Belə şəxslər davranışlarında özünü idarəetməni itirirlər. Onlarda aktivlik azalır, yuxu və qida problemi yaranır. Virtual bağılıq qida rejiminə də əks təsir göstərir. Həmin şəxslər az yeməyə və ya daha çox yeməyə başlayırlar. Bəzən isə qidadan tamamilə imtina edirlər. Bununla da psixoloji və fiziki asılılıq başlayır. Bu asılılıq nikotin, narkotik və alkoqol vasitələrdəki asılılığa bənzəyir. Baxmayaraq ki, burada heç bir kimyəvi təsir yoxdur. Bu psixoloji bağlılıqdır. Yeniyetmələrdə bu vərdişin yaranmasına səbəb onların ətraf mühitdən qopmaları və həmyaşıdları ilə ünsiyyətdən uzaqlaşmalarıdır. Ünsiyyətə girməyən, asosial və özünəqapanıq uşaqlar hər zaman sosial şəbəkələrə və videooyunlara meyil edirlər. Çünki belə insanlar virtual həyatda özlərini daha konfortlu hiss edirlər”.

 

Vəfa Əkbər bildirib ki, təzə telefon və kompüterin alınması ilk aylarda uşaqları özünə daha sıx bağlı edir. Çünki onlar bu smart cihazlardakı yenilikləri öyrənməya daha çox can atırlar. Əgər, bu maraq bir müddət sonar onlarda azalmasa artıq asılılığın yeni mərhələsi başlayır. Yeniyetmə artıq videooyunlara 2-3 saat, bəzən isə daha çox vaxtını sərf edir. Virtual həyata qapanma uşaqların inkişafına mənfi təsir edir. Bu da onlarda real həyata marağın azalmasına səbəb olur. Tədricən uşaqların davranışlarında emosional gərginlik, neqativ reaksiyalar müşahidə olunur. Növbəti, mərhələdə yeniyetmə özünə nəzarəti itirməyə başlayır. Çox emosional olmaqla yanaşı tez həyəcanlanır, yüksək səslə danışır, valideynlərinə qarşı kobud davranış nümayiş etdirərək aqresiv olur. Onlar dərslərdən geri qalır, oxumağa marağı azalır, fikir dağınıqlığından, özünü ifadə etməkdə çətinlik çəkirlər. Əhval-ruhiyyəsi tez-tez dəyişir. Ən ağır, klinik asılılıq zamanı isə həmin şəxslər vaxtının 16-18 saatını videooyun oynamaqla keçirir. Bu zaman onlarda inpulsivlik itir, isterik davranışlar, özünəqapanma kimi hallar müşahidə olunur”.

 

Psixoloq deyib ki, videooyun asılılığından əziyyət çəkən yeniyetmələr oyun prosesi zamanı özünü idarəetməni itrirlər. Oyuna aludəçilik onlarda vaxta nəzarət mexanizminin itirilməsi ilə nəticələnir. Oyunlara həddən artıq bağlılıq insanların gündəlik həyat və iş fəaliyyətlərinə də mənfi təsir göstərir. Onlar iş vaxtında oyun oynamaqla işdən yayınırlar. Həmçinin bu aludəçilik ailə həyatında da soyuq münasibətlərin yaranmasına səbəb olur.

 

Vəfa Əkbərin dediyinə görə, valideynlər bu kimi halların başverməməsi üçün uşaqlara daim nəzarət etməlidirlər:

 

"Valideynlər övladlarına hər gün nəzarət etməyi unutmamalıdırlar. Onların hansı oyunlar oynadıqlarına mütləq şəkildə diqqət etməlidirlər. Videooyunların mənfi təsirləri barədə uşaqlara məlumatlandırmalıdırlar. Qorxulu, şiddətə meyilli oyunlar qadağan edilməlidir. Mümkün qədər uşaqlarla çox ünsiyyət qurulmalı, onlarla daha çox vaxt keçirmək lazımdır. Uşağın boş vaxtı səmərəli şəkildə dəyərləndirilməlidir. Onlar idmana və ya əyləncəyə yönəldilməlidrlər ki, virtual oyunlara maraq göstərməsinlər. Valideyinlər videooyun alidəçiliyi olan uşaqları isə şiddət tətbiq etmədən normal şəkildə bu yoldan uzaqlaşdırmağa çalışmalıdır”.

 

Nərmin Qarazadə

Ukrayna ordusu geri çəkildi: Bu şəhərdə Rusiya bayrağı qaldırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox