ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Harvard Universitetində qiymətləndirmə sistemində ciddi dəyişikliklərin edilməsi gündəmdədir.
AzEdu.az Təhsil TV-yə istinadən xəbər verir ki, universitet rəhbərliyi son illərdə artan “qiymət inflyasiyası” probleminin qarşısını almaq məqsədilə “A” qiymətlərinə məhdudiyyət tətbiq etməyi planlaşdırır.
Yeni təklifə əsasən, hər bir kurs üzrə tələbələrin maksimum 20%-i “A” qiyməti ala biləcək. Bundan əlavə, tələbələrin akademik göstəricilərini daha obyektiv qiymətləndirmək üçün “orta faiz reytinqi” sisteminin tətbiqi də nəzərdə tutulur.
Universitetin açıqlamasına görə, hazırda qiymətlərin böyük hissəsi yüksək kateqoriyaya daxildir. Belə ki, verilən qiymətlərin təxminən üçdə ikisi “A”, ümumilikdə isə 85%-i “A” diapazonuna aiddir. 2024-2025-ci tədris ilində isə “A” qiymətlərinin payı 60%-ə çataraq əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım göstərib.
Təklif tələbələr arasında narazılıqla qarşılanıb. Aparılan sorğular göstərir ki, tələbələrin 94%-i bu dəyişikliklərin əleyhinədir. Onlar hesab edirlər ki, yeni sistem rəqabəti artıraraq stres səviyyəsini yüksəldəcək. Universitetin mətbuat orqanı da təşəbbüsü tənqid edərək bunu problemin həlli üçün uğursuz yanaşma kimi qiymətləndirib.
Müzakirələrə baxmayaraq, dəyişikliklərin 2027-ci ilin payız semestrindən etibarən qüvvəyə minməsi planlaşdırılır.