Azedu.az

BMU-da Beynəlxalq Tələbələr Klubu yaradıldı

Universitetlər

9 Aprel 2026, 17:25
BMU-da Beynəlxalq Tələbələr Klubu yaradıldı

Bakı Mühəndislik Universitetində (BMU) Beynəlxalq Tələbələr Klubu təsis olunub. 

AzEdu.az xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev vurğulayıb ki, son illər universitetdə təhsil alan əcnəbi tələbələrin sayı və coğrafiyası nəzərəçarpacaq dərəcədə genişlənib. Hazırda BMU-da 40 ölkədən tələbələr təhsil alır ki, bu da əvvəlki illərlə müqayisədə təmsil olunan dövlətlərin, habelə tələbə sayının təxminən iki dəfədən çox artdığını göstərir. Bu dinamika universitetin qlobal təhsil məkanına inteqrasiyasının və beynəlxalq mühitdə artan nüfuzunun göstəricisi olmaqla yanaşı, əcnəbi tələbələrin akademik, sosial inteqrasiyasını daha sistemli şəkildə təmin edəcək institusional mexanizmlərin yaradılmasını zərurətə çevirir.

Hazırda BMU-da ümumilikdə 20-dən artıq tələbə klubunun fəaliyyət göstərdiyini, onların sırasına əcnəbi tələbələrdən ibarət yeni klubun qoşulmasının təqdirəlayiq hal olduğunu deyən Yaqub Piriyev, eyni zamanda bu addımın multikulturalizm prinsiplərinin ali təhsil mühitində təşviqi baxımından önəminə diqqət çəkib. Qeyd edib ki, müxtəlif mədəni və sosial mühitlərdən olan xarici tələbələrin belə bir platformada birləşməsi dialoqun, tolerantlığın formalaşmasına, fərqli dəyərlərin qarşılıqlı zənginləşməsinə mühüm töhfə verəcək. Yeni sosial layihələrin, ideyaların həyata keçirilməsində klub üzvlərini  fəal olmağa çağıran, onlara fəaliyyətlərində uğurlar arzulayan rektor bildirib ki, görülən işlər nəticə etibarilə tələbələrin liderlik və kommunikasiya bacarıqlarının inkişafına da müsbət təsir göstərəcək.

Digər çıxışların ardınca klubun sədri seçilən, “Sənaye mühəndisliyi” ixtisasının Keniyadan olan tələbəsi Peter Malale gələcək fəaliyyətlə bağlı məlumatları nəzərə çatdırıb. Qeyd olunub ki, klubun fəaliyyət çərçivəsinə tələbəyönümlü tədbirlərin, o cümlədən akademik seminarlar, mədəniyyət günləri, inteqrasiya proqramları və müxtəlif sosial layihələrin həyata keçirilməsi daxildir. Göstərilən etimada görə təşəkkürünü dilə gətirən Peter Malale tələbələrin öz potensiallarını reallaşdırmaq üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. 

Sonra tədbirdə çıxış edən əcnəbi tələbələr müxtəlif təkliflər irəli sürüblər. Eyni zamanda vurğulayıblar ki, Beynəlxalq Tələbələr Klubu onların təşəbbüslərini reallaşdırmaq, özlərini təqdim etmək və universitet həyatına daha fəal qoşulmaq üçün geniş imkanlar açacaq.

SON DƏQİQƏ! Çeçen ordusu İran'a mı girecek? - Şok açıqlama
Son xəbərlərDaha çox