Azedu.az

Şəhid anası: “O məni şəhadətinə hazırlayırmış...”

Xəbərlər

3 Aprel 2026, 12:19
Şəhid anası: “O məni şəhadətinə hazırlayırmış...”

Aprel döyüşləri Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi kimi yadda qalıb. Vətən uğrunda canlarından keçən igidlər yalnız bir ailənin deyil, bütün xalqın qüruruna çevrildilər. Onların həyatı və xatirələri isə ən çox analarının yaddaşında yaşayır.

Əbdülməcid AxundovMüşviq Orucov da bu qəhrəmanlardan biridir. Onların uşaqlıqdan formalaşan xarakterləri və Vətənə bağlılıqları bu gün də yaddaşlarda qalır.

AzEdu.az şəhid anaları ilə həmsöhbət olub, övladları ilə bağlı xatirələrini və illər keçsə də unudulmayan ağrı ilə yanaşı yaşadıqları qürur hisslərini öyrənib.

Şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım deyib ki, oğlu kiçik yaşlarından hamının sevimlisi idi.

180482

"Allah ona xüsusi gözəllik, şirinlik və cazibə vermişdi. Uşaqlıq illərində o qədər mehriban və yaraşıqlı idi ki, hər kəs onu sevirdi. Ailədə, qohumlar, qonşular və hətta bağçada müəllimlərinin sevimlisinə çevrilmişdi. Bağçada qrupu dəyişəndə müəlliməsi onu əlindən buraxmaq istəmirdi.

Əbdülməcid sakit uşaq deyildi, nadinc və çılğın idi; enerjisi və özünəməxsus şıltaqlığı onu daha da sevimli edirdi. Uşaqlıqdan Azərbaycan bayrağına xüsusi sevgisi vardı və kiçik bayrağını həmişə çantasında daşıyırdı. Məktəbdə müəllimləri onu sinifdə saxlamağı tövsiyə etsələr də, o deyirdi: “Bu mənim bayrağımdır, mən özümlə aparacam”. Bu, onun vətən sevgisinin ilk təzahürü idi.

Məktəbə ilk gün də anasının yaddaşındadır: maddi vəziyyət ağır olduğundan ona gül ala bilməmişdi, amma uşağının gələcəyini düşünərək onu vaxtından əvvəl məktəbə aparmışdı.

2011-ci ildə universitetə qəbul oldu. Birinci kursda hərbi xidmətə getmək istədiyini desə də, anası razı olmadı. Universiteti bitirdikdən sonra 2015-ci ilin iyulunda hərbi xidmətə yola düşdü, qısa müddətdə hörmət qazandı, çavuş rütbəsi aldı və manqa komandiri oldu.

180479

2016-cı ilin yanvarında məzuniyyətə gəldi. Onu görəndə tanımadım. Artıq o, arıq uşaq deyildi, enlikürək, güclü, kişi cüssəli bir gənc olmuşdu. Onu qucaqlayanda sanki ürəyim doldu. Fevralın 2-də yenidən xidmətə qayıtdı. Martın 13-də son dəfə onu görməyə getdik. Dedi ki, bayramda gəlməyin, tez gəlin. Elə bil nəyisə hiss edirdi".

Son telefon danışığımız aprelin 1-də oldu

"Qardaşını təbrik edərkən səsi tələsik idi. İlk başda anlamadım, elə bildim telefonla danışmağa icazə vermirlər. Sonradan başa düşdüm ki, bu, bizimlə son vidalaşması imiş.

Aprelin 2-də döyüşlər başladı və onunla əlaqə kəsildi. Günlərlə xəbər ala bilmədik, axtardıq, soraqladıq. Nəhayət, aprelin 8-də şəhid olduğu xəbəri gəldi. Bir ana üçün bu xəbər sözlə ifadə olunmayacaq qədər ağırdır.

Aprelin 9-da Sumqayıt Şəhidlər Xiyabanında böyük izdihamla dəfn olundu. Onun oxuduğu məktəbin qarşısında izdiham dayandırıldı və böyük ehtiramla yola salındı.

180480

Əbdülməcid çox fədakar idi. Məktəbdə belə başqalarının günahını öz üzərinə götürərdi. Bir dəfə pəncərənin şüşəsi qırılmışdı, o isə günahı öz boynuna almışdı. Halbuki bunu o etməmişdi. Sadəcə istəmirdi ki, məsələ uzansın və kimsə çətin vəziyyətdə qalsın.Tarix fənnini çox sevirdi, hərbiyə böyük marağı vardı. Amma mən onun bu istiqamətdə getməsini istəmədim, texniki sahəyə yönəltdim. Sonradan başa düşdüm ki, bəlkə də səhv etmişəm. Çünki o, həmişə öz yolunu seçmək istəyirdi".

Ceyran xanımın sözlərinə görə, o, şəhidliyi arzulayırdı:

"Mübariz İbrahimov haqqında videolara baxırdı və deyirdi ki, bir gün onu da bayrağa büküb gətirəcəklər. Mən bunu zarafat kimi qəbul edirdim, amma o məni öz şəhadətinə hazırlayırmış. Bu gün Əbdülməcid təkcə mənim oğlum deyil, xalqın oğludur. Mən onun anası kimi tanınıram və bu mənim üçün böyük qürurdur. Amma yenə də bir ana kimi deyirəm: kaş balam yanımda olaydı.

180481

Hazırda həyatımı şəhidlərin xatirəsini yaşatmağa həsr etmişəm. “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədriyəm və bu yolda çalışıram. Məni təsəlli edən odur ki, torpaqlarımız azad olundu, şəhidlərimizin qisası alındı. Bu, ürəyimdəki nisgili bir qədər azaltdı.

180478

Aprelin 1-i bir oğlumun doğum günü, aprelin 2-si isə digər oğlumun şəhadət günüdür. Bu, bir ana üçün çox ağırdır. Amma bütün ağrılara baxmayaraq ayaqdayam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Vətənimizi qorusun. Bir daha şəhid xəbəri gəlməsin".

Şəhid Müşviq Orucovun anası Aygün xanım söyləyib ki, Müşfiq sakit təbiətli, tərbiyəli, məsuliyyətli və bir qədər utancaq uşaq idi:

"“Xatırlamaq” demək bəlkə də azdır. Onun uşaqlığı heç vaxt gözümün önündən getmir. Kiçik yaşlarından təmkini, ağıllı davranışı ilə hamının rəğbətini qazanmışdı. Böyük-kiçik yerini bilən, sözə baxan, qayğıkeş bir övlad idi.

Uşaqlıqda şahmat və nərd oynayardı, amma ən çox sevdiyi futbol idi. Televizorda izləməyi yox, özü oynamağa üstünlük verirdi. Həyətdə və məktəbdə dostları ilə futzal oynamağa xüsusi vaxt ayırırdı.

2000-ci il sentyabrın 1-də birinci sinfə getdi. Məktəb illəri boyunca böyüyüb ağıllı və məsuliyyətli bir uşaq kimi bizi qürurlandırdı. Ailədə hamının sevimlisi, sirdaşı olmuş, azyaşından böyük ağsaqqal düşüncəsi ilə fərqlənirdi".

Həqiqətən möcüzə bir uşaq idi:

180483

"Birinci sinifdən doqquzuncu sinfə qədər əlaçı olub. Xüsusilə dəqiq elmləri sevirdi, bütün dərslərinə məsuliyyətlə yanaşırdı və heç vaxt hazırlıqsız məktəbə gəlməzdi. Tənqidi qəbul etməyi sevmir, hər işi düzgün etməyə çalışırdı.

10-11-ci siniflərdə artıq ixtisas istiqamətini seçmişdi və riyaziyyat, fizika, kimya, ingilis dili kimi fənlərə üstünlük verirdi. Bədii ədəbiyyat oxumağı çox sevməsə də, ana israrı ilə bəzi kitabları oxuyurdu. Müəllimlərinin sevimlisi, sinif yoldaşları ilə mehriban və dostluqda sədaqətli idi.

Məktəb illərində fənn olimpiadalarında iştirak edib hər il fəxri fərmanlarla təltif olunub. “Şahin” hərbi-idman oyunlarında üç il iştirak edərək mükafatlar qazanıb. Musiqi məktəbində tar və piano çalıb, qırmızı diplom alıb. Çox danışmasa da hər işə maraq göstərir, ailədə hər işdə kömək edirdi. İxtisas seçərkən bizimlə məsləhətləşərək kompüter elmlərini seçdi, proqramçı olmaq istəyirdi.

180485

Biz müəllim ailəsi idik və maddi vəziyyətimiz elə də yaxşı deyildi, o bunu hiss edirdi. Buna görə də gələcəkdə çətinlik yaşamamaq üçün proqramlaşdırma sahəsini seçmişdi. Tələbə vaxtı əlavə kurslara gedir, proqramlaşdırma öyrənir, dərsdən sonra restoranlarda ofisiant işləyirdi ki, öz xərclərini qarşılasın, bizə yük olmasın.

Uşaqlıqdan onu müxtəlif tədbirlərə, teatrlara, kinoya və Şəhidlər Xiyabanına aparmışam. O da Vətən uğrunda canlarını verən insanlara hörmət ruhunda böyüyüb. Tələbə olanda deyirdi: “Ana, biz böyümüşük, özümüz gedəcəyik”, amma mən onu daim diqqətdə saxlayırdım.

Onu hər şeydən qoruyurdum - dənizə getməyindən, maşın sürməyindən. Amma əsgərliyə gələndə könüllü getdi. 2015-ci il iyunun 26-da onu yola saldıq; vağzalda qohum, dost və tələbə yoldaşları onun üçün toplaşmışdı. Bu da onun necə sevilən və hörmətli bir insan olduğunu göstərirdi".

Əsgərliyini bitirməyə üç ay qalmış Aprel döyüşləri başladı:

180484

"Televizorda xəbərləri izləyir, gecələr dua edirdim. Amma heç vaxt ağlıma gəlməzdi ki, bu acı xəbər bizə də gələcək. İllər keçsə də, o günlər sanki dünən olub. Bu ağrı çox ağırdır. Amma eyni zamanda qürurvericidir. Çünki bu, Vətən uğrunda verilən ən şərəfli ölümdür.

Torpaqlarımız azad olunanda bir qədər təsəlli tapdım. Həmişə deyirdim ki, onların qanı yerdə qalmasın. Bu arzum gerçəkləşdi.Bu gün geriyə baxanda “kaş” demirəm. Çünki onun üçün əlimdən gələn hər şeyi etmişəm. Ona görə bir qədər təsəlli tapıram.

180487

Onun xatirəsini yaşatmaq üçün müxtəlif tədbirlər keçirilir. 30 illiyi Nizami Kino Mərkəzində qeyd olunub. Oxuduğu 270 nömrəli məktəbdə və digər məktəblərdə onun adına siniflər yaradılıb. Həyatı haqqında iki sənədli film çəkilib, uşaqlıqdan bu günə qədər olan videolarını toplamışıq. Kitab yazdırmaq istəsəm də, bunu həyata keçirə bilmədim.

Döyüşlərdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı ilə təltif olunub. Amma bir valideyn olaraq istəyərdim ki, ona əlavə olaraq başqa mükafatlar da verilsin. Bu, mənim bir arzum olaraq qalır. Küçəyə, məktəbə adının verilməsini də istəmişik, amma bu da mümkün olmayıb.

Bütün bunlara baxmayaraq, bu gün biz onun adı ilə qürur duyuruq. Bu qürur bizim təsəllimizdir. Allah razı olsun sizdən".

180486

Nəticə etibarilə, Aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızın həyat yolu göstərir ki, vətənpərvərlik, mərdlik və fədakarlıq təsadüfi deyil. Bu keyfiyyətlər onların uşaqlıqdan formalaşan xarakterlərinin ayrılmaz hissəsi olub. Əbdülməcid Axundov və Müşviq Orucov kimi igidlərin xatirələri yalnız ailələrinin deyil, bütün xalqın yaddaşında yaşayır.

Şəhid analarının dilindən səslənən bu xatirələr həm böyük bir itkinin ağrısını, həm də övladları ilə duyduqları sonsuz qüruru əks etdirir. Onların həyat hekayələri bir daha sübut edir ki, Vətən uğrunda canından keçənlər heç zaman unudulmur, əksinə, nəsildən-nəslə ötürülən bir qəhrəmanlıq nümunəsinə çevrilir.

Bu gün həmin igidlərin ruhu qarşısında baş əyir, onların əziz xatirəsini ehtiramla yad edirik. Onların adı, keçdiyi yol və göstərdiyi şücaət Azərbaycan tarixində daim yaşayacaq".

İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı
Son xəbərlərDaha çox