Vətən sevgisi insanın xarakterində sonradan formalaşan bir hiss deyil, o, uşağın qəlbinə erkən yaşlardan yeridilən, tədricən böyüyən, kök salan bir duyğudur. Bu sevginin təməli isə məhz ibtidai sinifdə, uşağın dünyanı dərk etməyə, dəyərləri anlamaya başladığı ilk pillədə qoyulur. İbtidai sinif müəllimi şagirdin ilk müəllimi olmaqla yanaşı, həm də onun Vətənə baxışının formalaşmasında ən mühüm rolu oynayır.
Bu fikirləri 124 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, "Örnək müəllim" Ülviyyə Ələkbərova AzEdu.az-a danışarkən deyib.

"Uşaq ilk dəfə məktəbə gələndə onun üçün Vətən anlayışı çox sadədir: məktəb, bayraq, müəllim, dostları… Amma biz müəllimlər bu sadə anlayışın içərisində dərin mənalar gizlədirik. Biz öyrədirik ki, Vətən yalnız xəritədəki bir torpaq parçası deyil. O, sənin nəfəs aldığın hava, içdiyin su, səni qoruyan əsgər, səni böyüdən ana və səni öyrədən müəllimdir.
İbtidai siniflərdə uşaqların Vətənlə ilk emosional bağları yaranır. Onlar ilk dəfə şəhidlərimizin adlarını eşidir, üçrəngli bayrağımızı qürurla sevməyi öyrənirlər. Müəllimin səsi, dərsdə oxunan bir şeir, bayramlarda səsləndirilən bir mahnı, sinifin divarındakı bir şəhid şəkli onların qəlbində unudulmaz izlər buraxır. Hər dəfə “Vətən” sözünü sevgi ilə deyən bir müəllim əslində onlarla gələcəyin vətəndaşını yetişdirir.
Vətənə sevgi təkcə vətənpərvərlik şüarları ilə deyil, gündəlik davranışlarda, münasibətlərdə formalaşır. Şagird məktəbin həyətində bir ağac əkərkən, onu qorumağı öyrənərkən, əslində Vətəni sevməyi öyrənir. Sinifdə dostuna yardım edən uşaq həmrəylik, mərhəmət, insanlıq kimi dəyərlərlə böyüyür. Bu dəyərlər də vətənə sədaqətin təməlidir.
Müəllim sinifdə təkcə fənn keçmir, o, sevgi bəxş edir. O sevgi tədricən uşağın qəlbində “Mən bu torpağı sevirəm” hissinə çevrilir. Məhz bu hiss böyüdükcə, uşaq sabah cəmiyyət üçün dəyərli bir vətəndaş, vətəni üçün çalışan bir insan olur.
Zəfər Gününü qeyd etdiyimiz bu günlərdə bir daha anlayırıq ki, 44 günlük müharibədə canını fəda edən igidlərimizin hər biri vaxtilə bir müəllimin yetişdirdiyi şagird idi. Onların qəlbindəki vətən sevgisi, mərdlik və qürur hissi uşaq yaşlarından formalaşmışdı. Bu, ibtidai təhsilin, müəllim əməyinin nə qədər müqəddəs və məsuliyyətli olduğunu bir daha göstərir.
Vətənə sevginin təməli məhz o ilk partada, ilk yazılan hərfdə, ilk oxunan şeirdə qoyulur. Uşaq bu duyğuların içində həm sevgi, həm inam, həm də Vətənə aidlik duyur.
Bu səbəbdən ibtidai sinif müəlliminin işi sadəcə dərs keçmək deyil, gələcəyin Vətənpərvər vətəndaşını formalaşdırmaq, balaca qəlblərə sevgini, insanlığı, milli dəyərləri yeritməkdir. Hər bir müəllim bilməlidir ki, sinifdə oturan hər uşaq sabah bu torpağın gələcəyidir. Biz onlara yalnız bilik deyil, həm də mənəvi güc, Vətən sevgisi və qürur hissi verməklə millətin sabahına yön veririk.
Vətənə sevginin təməli ibtidai sinifdən qoyulur, çünki bu mərhələdə uşağın qəlbi hələ safdır, sevgi və mərhəmət üçün genişdir, inamla doludur. O qəlbi düzgün istiqamətə yönəltmək isə bizim borcumuzdur".