Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-08 13:19:00
Gendər bərabərliyi mövzusu: “...tədrisə başlamaq qüsurlu olacaq”

“Maddi-texniki baza tədrisə aid vəsaitlər və digər zəruri problemlər həll edilməmiş, tədrisə başlamaq qüsurlu olacaq”

 

Xəbər verdiyimiz kimi, 30 dekabr 2023-cü il tarixində  Milli Məclisin iclasında “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

 

Dəyişikliyə əsasən, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi təklif edilib.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil jurnalisti Məzahir Məmmədli bildirib ki, təhsil müəssisələrində gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərlə bağlı mövzuların işıqlandırılması günün tələbləri ilə səsləşir:

 

“Amma düşünürəm ki, məsələnin icrası üçün adı çəkilən təhsil müəssisələrində maddi-texniki baza, tədrisə aid vəsaitlər və bu aspektdən zəruri olan problemlər həll olunmamış, ideanı reallaşdırmaq olmaz. Yəqin ki, məsələnin reallaşdırılması üçün müəyyən vaxt lazımdır. Bu vaxt ərzində lazımi kadr və yəni müəllim heyəti seçilməlidir. Mütləq şəkildə həmin təhsilverənlərin sözügedən mövzularla bağlı bilik səviyyəsi maksimum olmalıdır. Hər kəsə məlumdur ki, Azərbaycanda gender bərabərsizliyi illərlə problemli qalmaqda olan məsələdir. Amma artıq Milli Məclisin özündə, Prezident Administrasiyası və digər strukturlar da bu bərabərliyi qorumağa çalışırlar. Problemin həll olunnmasında təhsil müəssisələrinin böyük rolu olacaq. Lakin burada həmin mövzuları tədris edən müəllimlərin üzərinə yük düşür”, - deyə fikirlərini yekunlaşdırıb.

 

Nigar Nəcəfova