Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 11:11:00
“Seysmologiya” ixtisası üzrə doktorantura yaradıla bilər

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AzEdu.az xəbər verir ki, iclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Akademiyada operativ müşavirənin keçirildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli AMEA əməkdaşlarının zəlzələ və onun səbəbləri, dağıdıcı zəlzələlərin yaratdığı fəsadlar, Azərbaycandakı hazırki seysmik vəziyyətlə bağlı ölkə mediasında davamlı olaraq açıqlamalarla çıxışlar etdiklərini və əhalinin maarifləndirilməsi istiqamətində təbliğat işi apardıqlarını söyləyib.

Sonra AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin “Türkiyədə baş vermiş zəlzələlərin ilkin nəticələri və seysmologiya elminin vəzifələri” mövzusunda məruzəsi dinlənilib. O, Türkiyədəki zəlzələlərin dağıntılarının miqyasının böyük olmasının ilk növbədə yeraltı təkanların ardıcıl iki dəfə təkrar olması və uzun müddətli olması ilə əlaqədar olduğunu bildirib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Həmçinin qeyd edib ki, ölkəmizdə “Seysmologiya” ixtisası üzrə yüksəkixtisaslı kadr hazırlığı işinə diqqət daha da gücləndirilməlidir və bu istiqamətdə doktorantura təhsilinin yaradılmasına da ehtiyac vardır.

Müzakirələrdən sonra Rəyasət Heyəti tərəfindən kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması, mərkəzin maddi-texniki bazasının  və proqram təminatının yenilənməsi və s. haqqında qərarlar qəbul edilib.

Sonra AMEA-nın Ümumi yığıncağına hazırlıq barədə məsələ müzakirə edilib. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın tarixində ilk dəfə olaraq keçmiş SSRİ Elmlər Akademiyasından qalan Ümumi yığıncaqların aprel ayında keçirilməsi ənənəsi ləğv olunub və Rəyasət Heyətinin qərarı ilə Akademiyanın bu il Ümumi yığıncağının mart ayının 16-da keçirilməsinə qərar verilib.