http://azeduacademy.com/az/categories/41 http://www.position.az/ https://www.zirve.edu.az/
2021-11-16 14:54:00
Peşə təhsili pilləsində təqaüdlər təhsil nəticələrinə əsasən veriləcək

Azərbaycanda peşə təhsil sistemində 23 mindən çox tələbə təhsil alır, onların da 80 faizinə təqaüd verilir.

 

Bu barədə AzEdu.az-a  Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, 2021/2022-ci tədris ilindən başlayaraq peşə təhsili pilləsində təqaüdlər təhsil nəticələrinə əsasən veriləcək. Belə ki, indiyədək peşə məktəblərində dövlət hesabına təhsil alan tələbələrə təhsil müddətində vahid məbləğdə, yəni aylıq olaraq 50 manat məbləğində təqaüd ödənilirdi.

 

“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Prezidentin 2021-ci il 11 noyabr tarixli Sərəncamına əsasən peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manat, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manat, akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manat müəyyənləşdirilib.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda da dəyişiklik edilib.

 

Qanunvericilik aktlarına edilmiş dəyişikliklər peşə məktəblərində təhsilin keyfiyyətinin yüksəlməsinə, tədris prosesində tələbələrin fəallığının artırmasına və onların təhsilə marağının stimullaşdırmasına müsbət təsir edəcək. Peşə təhsilində tələbənin təhsil nəticələrinə əsaslanan diferensiallaşmış təqaüd sistemi dövlət sifarişi ilə təhsil alan tələbələrlə yanaşı ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil ediləcək. Bundan sonra təqaüdün verilməsində yeganə göstərici təhsil nəticələri olacaq. Bu yanaşmanın tətbiqi peşə təhsilinə akademik göstəriciləri daha yaxşı olan abituriyentlərin marağının artmasına şərait yaradacaq.

 

Təhsil müəssisələrinə yeni qəbul olunan tələbələr birinci tədris ilinin birinci yarımilində müvafiq fənlər üzrə attestat qiymətlərinin orta göstəricisindən və ümumi orta və tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında əldə etdikləri nəticələrdən asılı olaraq difensiallaşdırılmış təqaüd alacaqlar.