Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-14 13:39:00
220 nömrəli məktəb-liseydə “Son zəng” tədbiri keçirilib

İyunun 14-də Bakı şəhərində yerləşən 220 nömrəli məktəb-liseydə “Son zəng” qeyd olunub.

AzEdu.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Məktəb-liseyin direktoru Lətifə Əzimova diqqətə çatdırıb ki, 2020-2021-ci tədris ili pandemiya səbəbindən tam əyani formada təşkil oluna bilmədi. Buna baxmayaraq onlayn platformalar vasitəsilə dərslər təşkil olundu. Bu tədris ili də öz uğurları ilə yadda qaldı: “Məktəb-liseyin 7 şagirdi Respublika Fənn Olimpiadalarının qalibi oldu. Məktəb üzrə 124 şagird məzun olur. Onlardan 52 nəfəri buraxılış imtahanlarında 200-dən çox bal toplayıb. Arzu edirəm ki, şagirdlərimiz valideynləri üçün gözəl övlad, ölkəmiz üçün layiqli vətəndaşlar olsunlar”.
Təhsil nazirinin müavini Muxtar Məmmədov qeyd edib ki, 2020-2021-ci tədris ili digər tədris illərindən fərqli keçdi. Tədris ili pandemiya ilə bağlı olaraq tam əyani şəklidə başlamadı, tədris ilinin ilk ayında Vətən müharibəsi başladı və Zəfərlə başa çatdı. Təhsil Nazirliyi tədrisin davamlılığının təmin olunması istiqamətində mühüm addımlar atdı. Şagirdlərin təhsil ala bilməsi üçün tədris məsafədən təşkil olundu. Tədrisə dəstək məqsədilə teledərslərin yayımı davam etdirildi. Şagirdlərimizin yerli və beynəlxalq olimpiadalarda, bilik yarışlarında əldə etdiyi nəticələr göstərir ki, tədris ili uğurları ilə yadda qalıb.

“Son zəng”də tədris ilində uğurlu nəticələr göstərən şagirdlərə sertifikatlar təqdim olunub.
Sonra 220 nömrəli məktəb-liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.
Xatırladaq ki, 2020-2021-ci tədris ilində respublikanın ümumi təhsil məktəblərinin XI siniflərini 84 min 69 nəfər şagird bitirir. Onlardan 38 min 461 nəfəri qız, 45 min 608 nəfəri oğlandır. Tədris ilində respublika üzrə ümumi təhsil məktəblərində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 min 580 nəfər uşaq başa vurub.

2021-2022-ci tədris ilində respublika üzrə 158 min 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.