Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-03 11:54:00
Yaponiya səfirliyi sloqan və loqo müsabiqəsinin qaliblərini mükafatlandırıb 

 

 

Yaponiyanın Azərbaycandakı səfirliyi 2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirməyi planlaşdırır. Səfirlik “2022-ci il Yaponiya-Azərbaycan Dostluq İli”nin planlaşdırılmasında artıq ilkin addımları ataraq, həmin ili təcəssüm etdirəcək sloqan və loqo yarışmasını həyata keçirib.

 

AzEdu.az  xəbər verir ki, “Dostluq İli”nin əsas atributları olacaq sloqan və loqo təsdiqlənib və bu münasibətlə qaliblər təltif edilib.

 

Sloqan müsabiqəsinin qalibi Ramazan Ağayev və loqo müsabiqəsinin qalibi Macarıstan Szeged Universitetinin tələbəsi Tofiq Sarıyevə Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi tərəfindən sertifikat təqdim olunub.

 

Görüş zamanı səfir hər iki qalibi təbrik edib və “Dostluq İli” layihəsinə əvəzsiz töhfələri üçün minnətdarlığını bildirib. Vada Cüniçi hər iki qalibdən bundan sonra da ikitərəfli münasibətlərin daha da inkişafı üçün “Dostluq İli” ilə bağlı tədbirlərin təbliğ olunması və tədbirlərdə aktiv iştiraklarını gözlədiyini bildirib.

 

Qeyd edək ki, seçilmiş sloqan və loqo bu ildən başlayaraq 2022-ci ilin sonunadək iki ölkə arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaq. (Oxu.az)