Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-30 10:43:00
DİM prezident təqaüdçüləri haqqında ümumi məlumat yayıb 

2020-ci il oktyabrın 29-da 2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb.

 

AzEdu.az xəbər verir ki, hər il tələbə qəbulu müsabiqəsində xüsusilə fərqlənərək, ən yüksək nəticə əldə edənlər gəncliyimizin intellektual elitasını təmsil edirlər. Onların təcrübəsi həm cəmiyyətdə, həm də məktəblərdə güclü təsirə malik örnək, nümunə rolunu oynayır. Bilik öncüllərinə qayğı göstərmək, onları həvəsləndirmək, inkişaflarına və potensial imkanlarının gerçəkləşməsinə kömək etmək, şərait yaratmaq dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.

 

Məlum olduğu kimi, hələ 2001-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman vermişdi. Həmin Fərmana uyğun olaraq, o vaxtdan hər il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş gənclərimiz Prezident təqaüdünə layiq görülür. Çox fərəhli haldır ki, Prezident İlham Əliyevin 2004-cü ildə verdiyi Sərəncamla Prezident təqaüdçülərinin sayı və onlara verilən təqaüdlərin məbləği daha da artırılmışdı. Təqaüdün məbləği sonradan bir neçə dəfə də artırılıb.

 

Azərbaycan gəncliyinin intellektual elitasına göstərilən bu diqqət maddi stimuldan çox güclü mənəvi dəstək, ruhlandırıcı amil rolunu oynayır, təhsildə sağlam yarış mühitinin yaranmasına təsir göstərir.

 

Bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 21 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Təqaüdçülərdən 43 nəfər regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 10 nəfər kənd məktəblərinin məzunlarıdır), 3 nəfər bir valideyni əlil olan ailədən, 1 nəfər bir valideyni olmayan ailədən, eləcə də hərbçi, sürücü, mühafizəçi, aşpaz, usta, bərbər və digər ailələrdən olan məzunlardır. Siyahıda olan 23 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur. 

 

Təqaüdçülərdən 59 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Abşeronda yerləşən məktəblərin məzunlarından 8, Sumqayıtda yerləşən məktəblərin məzunlarından 7, Qəbələdə yerləşən məktəblərin məzunlarından 5, Naxçıvanda yerləşən məktəblərin məzunlarından 4 nəfəri bilik öncüllərini siyahıda görmək olar. Ümumilikdə 5 nəfər isə keçmiş işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır. Hazırda rəşadətli Azərbaycan Ordusu tərəfindən həmin rayonların əksər hissəsi düşməndən azad edilib. 

 

Qeyd edək ki, Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə, 22 nəfər Bakı Ali Neft Məktəbinə, 20 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 8 nəfər ADA Universitetinə, 5 nəfər Dövlət İdarəçilik Akademiyasına, 2 nəfər Azərbaycan Dillər Universitetinə, 2 nəfər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə, 2 nəfər isə xüsusi təyinatlı ali təhsil müəssisəsinə, 1 nəfər Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, qəbul olunub. 

 

2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə buradan tanış ola bilərsiniz.