Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-12 09:00:00
DİM-də imtahan cavabları  belə yoxlanılır, bu cür emal edilir -Reportaj - I Hissə  

Artıq buraxılış və blok imtahanlarına çox da vaxt qalmayıb. Ötən ildən tətbiq olunan yeni modelə uyğun imtahanlara hələ də cəmiyyətdə birmənalı fikir formalaşmayıb. İlk tətbiq ilində bircə nəfərin də olsun 700 bal yığa bilməməsi buna əyani sübutdur. 

AzEdu.az  bu marağı nəzərə alaraq, DİM-də imtahan cavablarının  yoxlanması və emalı prosesindən hazırladığı reportajı təqdim edir:

Nəzəri hissə...

DİM sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov yeni test tapşırıqlarının yoxlanılması barədə ətraflı məlumat verərək, cavabların təkcə skanerlə yox, ekspert-markerlərin qiymətləndirilməsilə də aparılacağını bildiriblər.

Yazı işlərinin yoxlanmasında insan faktorunun qiymətləndirməyə hər hansı təsir göstərə bilməyəcəyi xüsusilə vurğulanıb. Qeyd edək ki, qapalı tipli tapşırıqlar optik oxuyucu, yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqlar isə markerlər tərəfindən qiymətləndirilir.

On minlərlə abituriyentin taleyinin həll olunduğu mərtəbəyə doğru…

Direktorlar Şurasının rəhbərliyi ilə sınaq imtahanlarında cavab kartlarının gətirildiyi və nəticələrin emal olunduğu şöbəyə yaxınlaşdıq. Diqqətimizi çəkən əsas məqam, şöbənin qapısının bağlı olması və buraya bir mərtəbə aşağıda çalışan DİM işçisinin belə daxil ola bilməməsi idi. Otaqlara, yalnız xüsusi buraxılış kartına malik işçilər daxil ola bilərlər.

XATIRLATMA: Şöbə ali məktəblərə qəbul imtahanlarında materialların emalı prosesinin aparıldığı yerlərdən biridir.

Otaqların təsviri..

Otağa daxil olduqda, çox sayda bağlı qutularla qarşılaşdıq; hansı ki, bu qutularda sınaq imtahanına qeydiyyatdan keçən 28337 nəfərin “cavab vərəq”ləri (açıq tipli tapşırıqlarının cavabları əks olunan) və cavab kartları var idi.

Qutuların hər birinin üzərində hansı rayon ərazisindən və binadan göndərildiyi qeyd olunmuşdu.

Məleykə Abbaszadənin tapşırığı ilə  xüsusi möhürlə bağlanmış qutular açıldı və imtahan materiallarının emalı İctimai Şuranın üzvlərinin nəzarəti altında start götürdü.

Qutular açıldıqdan sonra dəyirmi masa ətrafında əyləşən çoxsaylı xanım işçi 28 mindən çox “cavab vərəqi”ndən hər dəfə ən azı 1000 ədəd seçərək, onları “scan” olunması üçün hazır vəziyyətə gətirdi.

“Yoxlama otağı...”

Bütün“cavab vərəqi” və cavab kartları bu otaqda “scan olunaraq nəticələr açıqlandıqdan sonra abituriyentlərin “imtahan nəticələrinə dair şəxsi səhifə”lərində əks olunur.

Sözügedən otaqda, eyni zamanda qapalı tipli test tapşırıqları xüsusi skanerlər vasitəsilə oxunaraq yoxlanılır. Bu o deməkdir ki, Azərbaycanda əksər insanın iştirak etdiyi imtahan nəticələri, məhz bu otaqda qiymətləndirilib.

Nəzərinizə çatdıraq ki, qapalı tipli tapşırıqların oxunma prosesi daha sürətlə həyata keçirilir. Cavab kartında hər hansı dəyişiklik və ya zədələnmə baş verərsə, qurğu həmin kartı qəbul etməyərək xüsusi sahəyə ötürür.

Video-müşahidə

Otaqda ümumilikdə bütün görünüş rejimlərini təmin edən 4 kamera quraşdırılıb və burada baş verən ən xırda proses belə fasiləsiz olaraq daim nəzarətdə saxlanılır.

Bu gün materialların “scan” olunub şifrələnməsi yekunlaşacaq və yazı işlərinin proqram vasitəsilə kəsilmə prosesinə başlanılacaq.

AzEdu.azsınaq imtahanlarınınyoxlanılma prosesini yaxından izləyərək hər kəsin marağında olan məqamları silsilə yazılarla təqdim etməyə davam edəcək.... (ardı var)