Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-10 10:48:00
Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunda Azərbaycan alimləri ilə görüş olub

Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunda Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovla görüş keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə institutun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

İnstitutun prorektoru Nadir Abdullayev Ramiz Əskərin elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. O deyib ki, alim türkdilli xalqların ədəbiyyatını Azərbaycan dilinə tərcümə edir. Özbək ədəbiyyatına dair 10 tərcümə kitabının müəllifidir. Zəhirəddin Məhəmməd Baburun “Baburnamə” və “Seçilmiş əsərləri” kitabları, Sultan Hüseyn Bayqaranın “Divan”ı, “XX əsr özbək şeiri antalogiyası” nəşri bunların arasındadır. Böyük özbək şairi Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsini isə bu yaxınlarda bitirib.

Ramiz Əskər elmi, pedaqoji və tərcüməçilik fəaliyyəti haqqında söhbət açıb, “Xəmsə”nin tərcüməsi üzərindəki işindən danışıb.

Elçin İbrahimov deyib ki, o həm də AMEA-nın nəşri olan “Türkologiya” jurnalının məsul katibidir və jurnala Özbəkistandan daha çox məqalə göndərilməsini arzulayıb.

Xatırladırıq ki, Azərbaycan alimləri Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində keçirilən “Əlişir Nəvai və XXI əsr” adlı beynəlxalq konfransda iştirak etmək üçün Özbəkistana gəlib.