https://www.zirve.edu.az/
21.01.2020 16:05
MİQ müsabiqəsində mühüm dəyişiklər, saxta diplomlu direktorun ifşası, tarixi uğur- Həftənin icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Ötən həftə Müəllimlərin İşə Qəbul müsabiqəsində çoxdan gözlənilən dəyişikliklərlə yaddı qaldı

Növbəti tədris ili (2020-2021) üçün dövlət ümumi təhsil müəsisələrinə müəllimlərin işə qəbulu (MİQ) qaydalarına bir sıra dəyişiklər edilir.

 Belə ki, test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq (cəmi-60 sual). İmtahan proqramına məntiq üzrə test tapşırıqları daxil edilməyəcək.

Ötən həftədə həm də  Təhsil naziri saxta diplomlu direktoru işdən çıxardı

Sosial şəbəkələrdə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizovanın diplomunun saxta olması ilə bağlı məlumat yayılıb.

Bildirilir ki, Xalidə Əzizovanın Kirovabad Pedoqoji İnstitutu tərəfindən verilən diplomu saxta çıxıb. 

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova ilə əmək müqaviləsinə 15 yanvar 2020-ci il tarixdə xitam verilib.

Azərbaycan məktəbliləri  informatikadan ilk qızıl medal qazandı

8-15 yanvar 2020-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) məktəblilərimiz informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla ümumilikdə 8 medal qazanıblar.

 Müəllimlərin sertifaktlaşdırılması keçiriləcək

Azərbaycan Respublikası  “Təhsil haqqında Qanun”-una edilmiş əlavələrə əsasən dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər.

 MİQ müsabiqəsinin nəticəsinə əsasən, işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından MİQ müsabiqəsində də dəyişiklik edilib.

 AMEA-da yeni təyinatlar…  

AMEA-nın Yüksək Texnologiyalar Parkının müavinləri təyin edilib.

AMEA prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamlarına əsasən, Akademiyanın Yüksək Texnologiyalar Parkında (YT Park) yeni vəzifə təyinatları olub.

Belə ki, Elyar Kərimov YT Parkının investisiya, kommersiya və istehsalat, Məmməd Bağır-zadə ümumi və strateji inkişaf üzrə baş direktor müavinləri təyin olunublar.

Digər bir sərəncamla isə Jalə Cabbarova qurumun Maliyyə və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 Jurnalistikanın magistr pilləsinə qəbul Təhsil Nazirliyi ilə razılaşdırılacaq

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na dəyişiklik edib.

Hazırda magistraturaya qəbul imtahanları iki mərhələdə aparılır. İmtahanın I mərhələsində ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi, II mərhələdə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi həyata keçirilir.

Qaydalara edilən yeni dəyişikliklərdə beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulur.

 Peşə təhsili müəssisələri üzrə psixoloqların bilik və bacarıqları qiymətləndirilib

Peşə təhsili müəssisələri üzrə psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələri açıqlanıb.

Diaqnostik qiymətləndirilmədə 58 namizəd iştirak edib. Qiymətləndirilmə proqram təminatı vasitəsilə test üsulu ilə həyata keçirilib. Namizədlərə praktiki psixologiya üzrə 35, nəzəri psixologiya üzrə 25 olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunub. Hər düzgün cavab 1 balla qiymətləndirilib.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları