https://www.zirve.edu.az/
13.01.2020 11:15
Təhsil nazirinin əmri, rektorun Azərbaycan elmində ilkə imza atması, AMEA-da ixtisarlar - Həftənin icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Ötən həftədə rektor Mustafa Babanlı Azərbaycan elmində ilkə imza atdı

 Dünyanın məşhur “World Scientific” nəşriyyatının 2019 ildə nəşr etdiyi kitablar içərisində “TOP-10”  kitablar siyahısında Azərbaycan alimi, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru,  professor Mustafa Babanlının  müəllifi olduğu “Fuzzy Logic-Based Material Selection and Synthesis” kitabı da var.

Bu, Azərbaycan elmində ilk və şərəf gətirən bir hadisədir.

Ötən həftədə həm də Təhsil naziri Ceyhun Bayramov əmr verdi

Təhsil Nazirliyinə yeni təyinatlar olub.

Bu barədə Təhsil naziri Ceyhun Bayramov müvafiq əmrlər imzalayıb.

Nazirin əmri ilə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov Təhsil İnstitutunun direktor müavini təyin edilib. Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsinə isə bundan əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun direktoru vəzifəsində çalışan Vəfa Yaqublu təyin olunub.

Bundan əlavə, Təhsil nazirinin əmri ilə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışan Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.

Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsi isə bu şöbənin müdir müavini vəzifəsində çalışan Nərminə Hüseynovaya həvalə olunub.

Geridə buraxdığımız həftə həm də AMEA-da kadr dəyişikliyi ilə yadda qaldı

 Yanvarın 9-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Belə ki, akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika elmləri doktoru Ayaz Bayramov həmin institutun innovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov isə həmin institutun elmi katibi vəzifələrinə, riyaziyyat elmləri doktoru Ədalət Axundov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə,fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü isə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru  vəzifəsinə təyin ediliblər.

 Ötən həftə həm də Yevlax məktəbində baş verən partlayış hadisəsi ilə də yadda qaldı

 Yanvarın 10-da  gecə saatlarında Yevlax rayonunda orta məktəbdə partlayış baş verib. Məlumata görə, hadisə 1 saylı orta məktəbin qazanxanasında yaşanıb. Nəticədə məktəbin gözətçisi Ramiz Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirildi

Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında məktəblilərin respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçirilib.

Bilik yarışının ilkin mərhələsində bu il təxminən 35 min şagirdin iştirakı nəzərdə tutulub. 

Həftənin təhsil informasiyaları

 Təhsil Nazirliyinin Apellyasiya Şurasının yeni tərkibi təsdiq edildi

Bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzaladı.

Əmrə əsasən, nazirliyin Apellyasiya Şurası aşağıdakı tərkibdə təsdiq edilib:

Apellyasiya Şurasının sədri:

Firudin Qurbanov – Təhsil nazirinin müavini;

Apellyasiya Şurasının üzvləri:

Muxtar Məmmədov – Aparat rəhbəri;

Fərzəli Qədirov – Aparat rəhbərinin müavini;

Anar Cəfərov – Nazirin müşaviri, Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən;

Eşqi Bağırov – İnsan resursları şöbəsinin müdiri;

Amil Əlili – Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini;

Bəhruz Müslümov – Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri

Təhsil Nazirliyi: 20 məktəbdə peşə təmayüllü sinif yaradılıb

Ölkəmiz üzrə 20 ümumtəhsil məktəbində 20 peşə təmayüllü sinif yaradılıb.

Həmin siniflərdə ümumilikdə 420 şagird təhsil alır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları