Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-18 14:21:00
Gənc alimlər ilkə imza atdılar – “Fənn gecələri” bərpa olundu  

Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurası Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində vacib addım atıb.

AMEA-nın gənclərdən təşkil olunan şurası məktəbliləri elmə cəlb etmək üçün hələ Sovet vaxtında keçirilən “Fənn gecələrini” yenidən bərpa ediblər.

Şuranın sədri fəlsəfə doktoru ƏfsunŞuvayev AzEdu.az-a açıqlamasında bu barədə ətraflı məlumat verib. 

“Akademik Akif Əlizadənin tövsiyəsi ilə Gənc Alim və Mütəxəssislər Şurası olaraq AMEA-nın adına yazılan daha bir ilkə imza atdıq. Məqsədimiz hələ sovet dövründə istedadlı gənclərin elmə gəlməsində mühüm rol oynamış "Fənn gecələri"nin (başlanğıc üçün gündüzlər təşkil edirik, sonra adına uyğun şəkildə axşamlar keçiriləcək) bərpası idi.

İlk olaraq "Kimya gecəsi", getdiyimiz ünvan isə heç də paytaxtın dillər əzbəri olan hər hansı lisey və ya kompleksi deyil, nisbətən mərkəzdən bir qədər aralı Aygün xanımın məktəbi idi. Təbii ki, adlı-sanlı məktəblər indiyədək bu adda bu və digər səviyyədə "fənn gecələri" təşkil edirlər. Lakin akademik qurum olaraq biz bir qədər fərqli yanaşmağa çalışdıq və məktəb kollektivi və ən əsası da şagirdlərin razılıqla qarşılamaları düzgün yolda olduğumuzu təsdiq etdi.

Tədbir çərçivəsində istər şagirdlərin iştirakı ilə və onların başa düşəcəyi kimya və tibb sahəsinin aktual problemləri mövzusunda təqdimat, şagirdlərlə aparılan birgə müzakirələr, onlara bu təbiət elmini sevdirmək üçün elementar biliklərini test etdiyimiz "Kimyanı məntiqlə düşün" müsabiqəsi və əyləncəli-öyrədici təcrübələr böyük marağa səbəb oldu. Hətta başqa fənlərə maraq göstərən şagirdlərin dilindən "bəs deyirdilərkimya çox qəlizdir, onu asan öyrənmək olmur, əslində ən maraqlı fənndir, daha tez başa düşmək olurmuş" fikirlərini eşitmək necə də xoş idi. Şura olaraq heç bir maddi qarşılıq gözləmədən elmin təbliğinə sidqi-ürəkdən könül verən, böyük əmək sərf edən böyük elmin könüllüsü olan gənc alim həmkarlarımıza təşəkkür edirik, akademik elmimizin gələcəyinin etibarlı əllərdə olacağına tam əminlik ifadə etmək istəyirik.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları