II və III ixtisas qrupları üzrə imtahan nəticələri elan edildi. II ixtisas qrupu üzrə ən yüksək nəticə 397 bal, III ixtisas qrupu üzrə isə 3 nəfər 400 bal toplasa da, hələlik 700 ballıq nəticə qeydə alınmayıb.
Maraqlıdır, görəsən, 700 bal I və ya IV ixtisas qrupundan gələ bilərmi? Nəzərə alsaq ki, I və IV qrupların abituriyentləri imtahanın daha çətin keçdiyini vurğulamışdılar.
Bu baxımdan, 700 ballıq nəticənin məhz həmin qruplardan çıxıb-çıxmayacağı maraq doğurur.
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Vüsət Əzizov bildirib ki, bu vəziyyət ümumilikdə 300 bal toplayanların sayının ötən illə müqayisədə aşağı olması ilə birbaşa bağlıdır:
"Dövlət İmtahan Mərkəzi tərəfindən 24 mart tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə blok imtahanının nəticələri artıq elan olunub. Təəssüf ki, III ixtisas qrupu üzrə 3 nəfər maksimal balı yəni 400 balı toplamağı bacarsa da, onlar buraxılış imtahanında 300 tam bal yığa bilmədikləri üçün builki imtahanda hələ ki 700 ballıq bir nəticə qeydə alınmayıb.
Mənə elə gəlir ki, bu vəziyyət ümumilikdə 300 bal toplayanların sayının ötən illə müqayisədə aşağı olması ilə birbaşa bağlıdır. Rəqəmlərə baxsaq, 2026-cı ildə cəmi 13 nəfər buraxılış imtahanında 300 bal toplayıb. Müqayisə üçün deyim ki, 2025-ci ildə bu göstərici 45 nəfər idi və həmin 45 nəfərin arasından 2 nəfər 700 tam bal toplamağa müvəffəq olmuşdu. Bu il isə 300 bal toplayanların sayı 13 nəfərdir. Amma ümid edirəm ki, qarşıda gələn I və IV ixtisas qrupları üzrə imtahanlarda 700 bal toplayan abituriyentlərimiz olacaq".
IV qrup abituriyentlərinin arasından 700 ballıq bir nəticənin çıxacağını təxmin edirəm:
"Ötən il də IV ixtisas qrupu üzrə 2 nəfər maksimum bal toplamışdı. Odur ki, bu il də məhz IV qrup abituriyentlərinin arasından 700 ballıq bir nəticənin çıxacağını təxmin edirəm. Hər bir halda, buraxılış imtahanındakı nəticələrin bir qədər ürəkaçan olmaması, zəncirvari şəkildə blok imtahanının ümumi göstəricilərinə də öz mənfi təsirini göstərmiş oldu.
Məlum olduğu kimi, 2019-cu ildən etibarən ölkəmizdə buraxılış və blok imtahanlarını əhatə edən yeni imtahan modelinə keçid edilmişdir. Bu yeni modelin tətbiqindən sonra 700 maksimal bal toplayan abituriyentlərin sayında kəskin şəkildə azalma müşahidə olunmağa başlamışdır.
Əgər biz yeni modelin tətbiq olunduğu 2019-cu ildən 2025-ci ilə qədər olan dövrün statistik göstəricilərinə nəzər salsaq, açıq şəkildə görərik ki, son illərdə bu yüksək nəticəni göstərənlərin sayı olduqca məhduddur. Belə ki, qeyd olunan illər ərzində (2019-2025-ci illər arasında) respublika üzrə cəmi 7 nəfər maksimal nəticə göstərərək 700 tam bal toplamağa müvəffəq olmuşdur. Bu statistik rəqəmlər bir daha sübut edir ki, yeni imtahan mexanizmi abituriyentlərdən daha dərindən hazırlıq və fərqli yanaşma tələb edir".
Yeni imtahan modelinin tətbiqindən bəri keçən müddət ərzində cəmi 7 nəfər maksimum nəticə əldə etməyə qadir olub:
"Azərbaycanda 1992-ci ildən etibarən ali təhsil müəssisələrinə qəbul imtahanları test üsulu ilə keçirilməyə başlanmışdır. Həmin tarixdən, yəni 1992-ci ildən 2025-ci ilə qədər olan dövr ərzində ümumilikdə 118 nəfər abituriyent imtahanlarda maksimal nəticə göstərərək 700 tam bal toplamağa müvəffəq olmuşdur.
Maraqlı və diqqətçəkən məqam ondan ibarətdir ki, bu illər ərzində qeydə alınmış cəmi 118 nəfər 700 ballıq nəticənin 7-si məhz 2019-cu ildən 2025-ci ilə qədər olan son dövrün payına düşür. Bu da o deməkdir ki, yeni imtahan modelinin tətbiqindən bəri keçən müddət ərzində cəmi 7 nəfər ən yüksək zirvəni fəth edə bilmişdir".