Bu gün sizə Sabirabad rayonunda yaşayan 14 yaşlı Muniradan bəhs edəcəyik.
Onu bizə müəllimi yönləndirib və bildirib ki, Munira həm savadlı, həm də yaxşı şeir yazan bir şagirddir.
AzEdu.az Munira ilə əlaqə saxlayaraq onunla həmsöhbət olub.
Munira Hüseynova 2010-cu ildə Sabirabad rayonunda doğulub.
O, hazırda Sabirabad şəhəri N. Nərimanov adına 2 nömrəli beynəlmiləl təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin rus bölməsi üzrə 9-cu sinif şagirdidir.
Muniranın ən böyük hobbisi şeir yazmaqdır. Şeir yazmağa isə hələ kiçik yaşlarından başlayıb.
Müsahibəni təqdim edirik:
- Munira, şeir yazmağa marağın necə yarandı?
- Şeir yazmağa 5-ci sinifdən başlamışam. Hətta ibtidai siniflərdə belə ədəbiyyata və fəlsəfəyə çox həvəsim vardı. Müəllimimiz sinif yoldaşlarıma dörd sətir şeir verəndə mən 7-8 sətir şeir yazıb təqdim edirdim və deyirdi ki, “sən ürəklə öyrənirsən”.
Artıq 3-4 ildir ki, belə şeirlər yazıram, amma əvvəl onları vərəqə almağa çox utanırdım. Son iki ildə isə düşündüm ki, artıq kifayət qədər söz bazam var, əgər bacarıramsa, özümü tanıtdırmalıyam.
Onu da qeyd edim ki, Baba Vəziroğlu və Elxan Elatlı ilə görüşüm olub. Onlar da mənim şeirlərimi bəyəniblər və deyiblər ki, “dayanma, davam et, yavaş-yavaş tanınacaqsan".
- Şeir yazmaq təxminən nə qədər vaxtını alır? Dərslərinə mane olmur ki?
- 9-cu sinif imtahanını verdiyim üçün dərslərlə hazırda çox məşğul olmuram. Daha çox vaxtımı şeirə ayırıram. Məktəbdən saat 2-də gəlirəm, evə çatdıqdan sonra xəstəxanaya - fizioterapiyaya gedirəm. Ondan sonra isə artıq şeir yazmağa başlayıram.
Şeiri necə yazıram? Məsələn, bir sətir yazıram, sonra onun davamını düşünürəm. Bəzən axşam saat 7-8-ə, hətta 10-a qədər fikirləşirəm. Bir şeiri tamamlamaq üçün 2-3 gün vaxt sərf edirəm.
Bəzən şeiri yazıb bitirirəm, sonra isə deyirəm ki, yox, bu sözün yerinə başqa bir söz olsaydı, daha yaxşı alınardı.
- Ən çox hansı şair və yazıçının əsərlərini bəyənirsən?
- Əslində mən rus bölməsində oxuduğum üçün Azərbaycan şairləri ilə bağlı çox dərs keçmirik. Amma ən sevdiyim şairlər Mikayıl Müşfiq, Aleksandr Puşkin və Sergey Yesenindir.
- Şeirlərini rus dilində yazırsan?
- Xeyr, Azərbaycan dilində yazıram.
- Munira, şeirlərini hansı mövzuda yazırsan? Nələrə, kimə həsr edirsən?
- Yaxın günlərdə atam rəhmətə gedib... Ondan sonra şeirlərimi atama, zamana və darıxmaq kimi mövzulara həsr edirəm.
- Allah səbir versin... Sən dedin ki, lap uşaq vaxtından şeir yazmağa başlamısan. Bəs özünü ilk dəfə necə kəşf etdin? İlk şeirini xatırlayırsan? Nə haqqında yazmışdın?
- İlk yazdığım şeiri tam olaraq əzbərləməmişəm, amma yadımdadır ki, 5-ci sinifdə oxuyurdum. O vaxt məktəbimizdə tez-tez tədbirlər olurdu və mən aparıcılıq etməyə başladım. Sonra düşündüm ki, əgər belə aparıcılıq edə bilirəmsə, bəlkə şeir yazmağı da sınayım.
Düzdür, o vaxt yazdıqlarım tam şeir kimi deyildi, misralar və sözlər bir-birini tam tamamlamırdı. Sonradan həmin şeirləri dərsdə müəllimlərimə oxuyurdum. Daha sonra valideynlərim narazılıq etdilər ki, vaxtımı dərslərə sərf edim. Bununla da bir ildən çox şeir yazmadım, həvəsdən düşdüm.
Amma bir gün əmim dedi ki, “niyə şeir yazmırsan? Sənə şairlər də deyiblər ki, davam et". Bundan sonra yenidən həvəsim artdı və yazmağa başladım. Lakin imtahan dövründə yenə ara verdim. Çünki şeir yazmaq təkcə qələmi əlinə almaq deyil, gərək ürəyin və beynin də rahat olsun ki, sözləri sətirlərə düzgün yerləşdirə biləsən.
İndi imtahanlardan sonra yenidən yazmağa davam edirəm.
- Səncə, yaxşı şeir yazmaq üçün vacib olan nədir?
- Yaxşı şeir yazmaq üçün bədii ədəbiyyatı çox oxumaq lazımdır. Təkcə kitab oxumaq yox, həm də Azərbaycan filmlərinə baxmaq vacibdir ki, söz bazası genişlənsin. Yəni gündəlik istifadə etdiyimiz şablon sözlərlə yaxşı şeir yazmaq olmur. Neologizmlərdən və köhnəlmiş sözlərdən istifadə şeiri daha axıcı, elə bil daha ürəkdən gələn edir.
- Gələcəkdə hansı ixtisasa yiyələnmək istəyirsən?
- III ixtisas qrupuna hazırlaşmağı düşünürəm. Doğrusu, əvvəllər hüquqşünaslıq ixtisasına yiyələnmək istəyirdim. Ancaq indi düşünürəm ki, jurnalistika ixtisası tam mənlikdir.
- Nə gözəl, demək həmkarımız olacaqsan.
- İnşallah, amma valideyinlərim razı deyil bu ixtisası seçməyimə...
- Nəyə görə?
- Çünki, ailəmdən hər kəs tibb təhsili alıb. Məni də həmin sahədə görmək istəyirlər.
- Sən hansı ixtisası seçmək istəyirsənsə, ona hazırlaş.
Maraqlıdır, indiyə qədər təxminən neçə kitab oxumusan?
- Mən 5-ci sinifdən kitablar oxuyuram. Dəqiq deyə bilmərəm, amma bu illər ərzində 500-dən çox kitab oxumuşam. Çünki həm dərslik ədəbiyyatını oxuyurdum, həm də əlavə kitablar götürürdüm.
- Bəs, şair Muniranın məktəbdə ən çox sevdiyi fənn hansıdır?
- Sözsüz ki, Azərbaycan dili və ədəbiyyat.
- Sonuncu dəfə hansı kitabı oxumusan?
- Anton Çexovun "6 nömrəli palata" kitabı.
- Hansı janr kitabları oxumağı sevirsən?
- Daha çox psixoloji və dramı sevirəm.
- Şeir yazmaq sənin gələcək həyatında hansı yeri tutacaq? Bu hobbi olaraq qalacaq, yoxsa daha ciddi şəkildə davam etdirmək istəyirsən?
- Daha ciddi davam etdirəcəyəm. Çünki ətrafımda olan insanların da üzərimdə böyük dəstəyi var. Gələcəkdə yazdığım şeirləri kitab şəklində də çap etdirmək istəyirəm. Bu səbəbdən bu gün var gücümlə daha çox şeir yazıram ki, tezliklə arzumı reallaşdıra bilim.

