Azedu.az

60 bal toplayan müəllim: "İmtahanda ağlayan müəllim sinfi necə idarə edib?"

Sertifikasiya

19 May 2026, 14:05
60 bal toplayan müəllim: "İmtahanda ağlayan müəllim sinfi necə idarə edib?"

Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsi yekunlaşıb.

Belə ki, imtahanda maksimum (60 bal) nəticə göstərənlərdən biri də Şərur rayon Gümüşlü kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Nərmin Bağırovadır.

AzEdu.az bu münasibətlə Nərmin Bağırova ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

Əvvəlki sertifikasiya imtahanında müəllimlər üçün əsas məqsəd sadəcə “keçmək” idi, amma bu dəfə yanaşma fərqli oldu:

"Bu, mənim sertifikasiya imtahanında ikinci iştirakım idi. İlk dəfə 2021-ci ildə imtahan vermişdim və o vaxt 34 bal toplamışdım. Həmin dövrdə ümumi nəticələr də ürəkaçan deyildi, çünki bir çox müəllim imtahana ciddi hazırlaşmırdı və əsas məqsəd sadəcə “keçmək” idi.

Bu dəfə isə yanaşmam tam fərqli oldu. Maddi və mənəvi rifahımızı yüksəltmək, həm də müəllim adını daha layiqli şəkildə təmsil etmək məqsədilə qarşıma daha yüksək hədəf qoymuşdum. 55 baldan yuxarı nəticə əldə etməyi planlaşdırırdım və nəticədə 60 bal topladım.

Müsahibə mərhələsində də maksimum nəticə - 40 bal almağı və ümumilikdə 100 balı tamamlamağı hədəfləyirəm. Sualların səviyyəsi ümumilikdə normal idi, çox çətin deyildi. Asan və orta səviyyəli suallar üstünlük təşkil edirdi, bəzi suallar isə Azərbaycan dili, riyaziyyat və kurikulum üzrə daha çox diqqət və düşünmə tələb edirdi.

İmtahana özüm hazırlaşmışdım. Kurikulum üzrə müstəqil şəkildə çalışmışam, ixtisas fənnim üzrə isə akademiya vasitəsilə hazırlaşmışam. Uzun müddət bəzi mövzuları tədris etmədiyim üçün unudulmuş hissələri yenidən təkrarlamağa ehtiyac duydum".

Özünü idarə edə bilməyən müəllimin 25-30 şagirdin olduğu sinfi idarə etməsi mənə sual doğurur:

“Mən bu siyasəti həqiqətən çox bəyənirəm. Çünki müəllim öz üzərində işləyir, nəyi bildiyini və nəyi bilmədiyini müəyyənləşdirir, yəni “nəyi bilirəm, nəyi bilmirəm” sualına aydınlıq gətirir. Eyni zamanda özündə məsuliyyət hissi formalaşır, özünü idarə etməyi, həyəcanını və emosiyalarını tənzimləməyi öyrənir.

Məsələn, imtahanda ağlayan müəllimlər gördüm, özlərini idarə edə bilmirdilər, hisslərini cilovlaya bilmirdilər. Mənə qəribə gəlir ki, belə bir insan 25-30 uşağa dərs deyəndə sinfi necə idarə edə bilər? Bu baxımdan imtahan bir çox şeyi öyrədir. Üstəlik, maddi rifahın yüksəlməsinə də təsir edir. Həqiqətən çox yaxşı bir haldır”.

İmtahana hazırlıq prosesi insanı sanki sıfırdan öyrədir, abituriyent kimi hər şeyi detallı şəkildə mənimsəməyə kömək edir:

“Yüksək nəticə əldə etmək istəyənlərə tövsiyəm odur ki, əvvəlcədən hazırlaşsınlar. Yəni son 3-4 aya qalmış “hazırlaşım, elə-belə oxuyum, təkrar edim” yanaşması ilə nəticə əldə etmək çətindir. Bu hazırlıq prosesi insanı sanki sıfırdan öyrədir, abituriyent kimi hər şeyi detallı şəkildə mənimsəməyə kömək edir.

Bu zaman insan daha rahat olur, sinfə girəndə “mən bilmədiyim mövzu yoxdur” düşüncəsi formalaşır və şagirdlərin qarşısında çətin vəziyyətə düşmür. Ona görə də ən vacib məqam hər şeyi detallı öyrənmək, ən azı bir il əvvəldən planlı və məqsədli şəkildə hazırlaşmaqdır. “Bu gün oxuyum, sabah oxumayım” prinsipi ilə yox, sistemli yanaşmaq lazımdır”.

Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox