Azedu.az

Yaşlı müəllimdən gənclərə sertifikasiya dərsi - "Heç bir hazırlıq keçmədim"

Sertifikasiya

11 May 2026, 15:12
Yaşlı müəllimdən gənclərə sertifikasiya dərsi - "Heç bir hazırlıq keçmədim"

Ötən günlərdə Naxçıvan Muxtar Respublikasında  dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin ikinci mərhələsi üzrə test imtahanları keçirlib. 

Sertifikasiya imatahnında könüllü şəkildə iştirak edən bir neçə müəllim yüksək nəticə əldə ediblər. 

Onlardan biri də Naxçıvan Şəhər 16 nömrəli tam orta məktəb Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Allahverdiyevadır. 

O, sertifikasiya imahanından 55 bal toplayıb. 

AzEdu.az bu münasibətlə Təranə müəllimin təəssüratlarını bölüşüb. 

Birinci sertifikasiya imtahanında 41 bal topladığını deyən 63 yaşlı müəllim bildirib ki, ikinci imtahanda nəticəsinin yüksəlməsinin əsas səbəbi məsuliyyətli hazırlaşması olub.

Onun sözlərinə görə, ilk imtahan zamanı sertifikasiyanın mahiyyətini tam dərk etməyiblər:

“Birinci dəfə biz tam anlamırdıq ki, bu imtahan nədir, niyə keçirilir. Amma bu dəfə çox məsuliyyətlə hazırlaşdıq. Həm də həmin vaxtdan 5 il keçib. Bu müddətdə öz üzərimizdə daha çox işlədik. Suallar çox yaxşı hazırlanmışdı. İlk 15 suala yaxın hissə daha asan idi, sonra isə orta səviyyəli suallar gəlirdi.

Heç kimdən dəstək almamışam, özüm hazırlaşmışam. Kurikuluma çox diqqət ayırmadım, əsasən ixtisasa önəm verdim. İmtahandan, düzü, 55 bal gözləmirdim. Təxminən 45 bal olacağını düşünürdüm”.

Sertifikasiya imtahanında keçid balını toplaya bilməyən müəllimlərlə bağlı fikirlərini bölüşən müəllim hesab edir ki, əsas məsələ insanın öz üzərində işləməsidir:

“Məncə, öz üzərlərində işləmirlər. Həqiqətən çalışan müəllim həmin balı toplaya bilər, hətta daha yüksək nəticə göstərə bilər.

Könüllü şəkildə sertifikasiya imtahanında iştirak etməyimin səbəbi təhsilə, işimə olan marağım oldu. Mən oxumağa həvəsli insanam. İndi də oxuyuram.

Bütün dost-tanış deyir ki, 60 yaşdan yuxarı müəllimin imtahana girməsinə nə ehtiyac var? Amma mən oxumağı sevirəm. Kəsilsəm də, kəsilməsəm də, bu mənim nəticəmdir. Gələcəkdə yenidən sertifikasiya imtahanında iştirak etmə şansım olsa, mütləq bunu dəyərləndirərəm.

Sertifikasiya imtahanının keçirilməsini ümumilikdə müsbət qiymətləndirirəm. Bu proses müəllimləri daha məsuliyyətli olmağa və öz üzərlərində işləməyə sövq edir. Müəllimlik elə bir peşədir ki, insan daim özünü yoxlamalı və biliyini yeniləməlidir. Məncə, sertifikasiya bu baxımdan vacib bir mərhələdir. Çünki həm ixtisas, həm də metodika bilikləri məktəb proqramı çərçivəsində olur və normal hazırlaşan müəllim üçün əlçatandır.

Hər şey insanın çalışma əzmindən asılıdır. Yaş artdıqca bəzən yaddaş zəifləyə bilər, oxuduqlarını unutmaq halları ola bilər. Amma əsas məsələ insanın özündən asılıdır. Çalışmaq və öz üzərində işləmək lazımdır. Əgər insan öz üzərində işləməyi bacarırsa, yaxşı nəticələr əldə edə bilər. Mənim qənaətim belədir”.

Gənc müəllimlərin uğursuzluqların səbəbi isə daha çox yeniliklərdən uzaq qalmaqla bağlıdır:

“Mən aşağı siniflərdə işləyirəm, amma yuxarı siniflərdə çalışan müəllimlərin də təcrübəsindən xəbərim var. Bəzən aşağı siniflərdə keçilən mövzuların yuxarı siniflərdə nə qədər vacib olduğunu bilmirik, ya da əksinə. Elə olur ki, müəllimlər oxumağa, araşdırmağa, öz üzərlərində işləməyə o qədər də maraq göstərmirlər. Halbuki kim çalışsa, kim öz üzərində işləsə, mütləq yaxşı nəticə əldə edir.

Gənc müəllimlərə və imtahana hazırlaşan abituriyentlərə tövsiyəm odur ki, həmişə yenilikləri öyrənsinlər, öyrənməkdən çəkinməsinlər. Bilmədiklərini təcrübəli müəllimlərdən soruşsunlar, öyrənsinlər. Soruşmağa utanmasınlar. Bəzən belə bir düşüncə olur ki, soruşsam, deyəcəklər ki, bilmir. Amma bu fikirdən uzaq olmaq lazımdır. İnsan daim öz üzərində işləməlidir. O zaman hər şey daha uğurlu olar”.

Ermənistanı boşamaq istəmirik! - Rusiyadan şok açıqlama
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox