Azedu.az

Şagirdlər niyə dərsi yox, tənəffüsü gözləyir? - müəllimlər həll yollarından DANIŞDI

Müəllimlər və elm adamları

28 Aprel 2026, 09:11
Şagirdlər niyə dərsi yox, tənəffüsü gözləyir? - müəllimlər həll yollarından DANIŞDI

Bu gün təhsil mühitində ən çox müzakirə olunan məsələlərdən biri şagirdlərin dərsə münasibətidir. Bəzi hallarda onların öyrənməkdən çox dərsin bitməsini gözləməsi motivasiya probleminin mövcudluğuna işarə edir. Bu isə problemin yalnız bir amillə deyil, daha geniş - müəllim, tədris proqramı və ümumi təhsil mühiti kontekstində qiymətləndirilməsini zəruri edir.

Niyə şagirdlər dərsə deyil, dərsin bitməsinə sevinirlər? Motivasiya problemi müəllimdən, proqramdan, yoxsa mühitdən qaynaqlanır?

AzEdu.az Təhsil Portalı mövzu ilə bağlı “Örnək müəllim”lərin fikirlərini öyrənib.

Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, "Örnək müəllim" Fəridə Balayeva qeyd edib ki, bu gün təhsil mühitində ən çox müzakirə olunan məsələlərdən biri şagirdlərin dərsə münasibətidir:

182020

“Bu, tez-tez rast gəldiyimiz bir mənzərədir: şagirdlər dərsi maraqla izləmək əvəzinə, saatın tamamlanmasını gözləyirlər. Bu hal isə “uşaqlar oxumaq istəmir” kimi sadə izahla açıqlanacaq qədər səthi deyil. Əslində, bu, motivasiya problemidir və onun kökləri müəllimdən tutmuş tədris proqramına, hətta ümumi təhsil mühitinə qədər uzanır.

İlk sual budur: niyə şagird dərsə deyil, dərsin bitməsinə sevinir? Bunun əsas səbəblərindən biri dərsin şagird üçün mənalı olmamasıdır. Şagird öyrəndiyi biliklərin real həyatda harada və necə istifadə olunacağını anlamadıqda, dərs onun üçün sadəcə məcburi prosesə çevrilir.

Dərs yalnız məlumat ötürülməsi üzərində qurulduqda, şagird passiv dinləyici rolunda qalır və bu da marağın tədricən azalmasına gətirib çıxarır. Digər tərəfdən, həddindən artıq yüklənmiş proqram, davamlı qiymətləndirmə təzyiqi və səhv etməyə qarşı mənfi münasibət də şagirdin dərsdən uzaqlaşmasına səbəb olur. Belə olduqda, şagird üçün əsas məqsəd öyrənmək deyil, sadəcə dərsi başa vurmaq olur.

Motivasiya probleminin mənbəyinə gəldikdə isə, burada tək bir səbəb göstərmək düzgün olmaz. Bu, bir neçə amilin qarşılıqlı təsiri nəticəsində yaranan kompleks vəziyyətdir.

Müəllim amili bu məsələdə mühüm rol oynayır. Müəllimin dərsi təqdim etmə üsulu, şagirdlərlə ünsiyyəti, mövzunu nə dərəcədə maraqlı və anlaşılan şəkildə izah etməsi motivasiyaya birbaşa təsir edir. Eyni zamanda, tədris proqramının quruluşu da bu prosesə təsirsiz deyil. Əgər proqram həddindən artıq nəzəri və sıxdırsa, şagirdin onu mənimsəməsi çətinləşir və maraq azalır.

Bundan əlavə, məktəb və ailə mühiti də şagirdin öyrənməyə münasibətini formalaşdırır. Dəstəkləyici və anlayışlı mühit motivasiyanı artırdığı halda, təzyiq və davamlı müqayisə şagirdin daxili istəklərini zəiflədir.

Bəs şagirddə öyrənmək istəyi necə formalaşdırılmalıdır? Ən vacib məqam öyrənməyə məna qazandırmaqdır. Şagird öyrəndiyi biliklərin həyatla əlaqəsini görməlidir. Dərslər real nümunələr, gündəlik həyatla bağlı situasiyalar və praktik tətbiqlərlə zənginləşdirilməlidir.

Bununla yanaşı, şagirdlərin dərsdə aktiv iştirakı təmin olunmalıdır. Müzakirələr, qrup işləri və layihələr onların dərsə cəlb olunmasına kömək edir. Digər vacib amil isə seçim imkanının yaradılmasıdır. Şagirdə müəyyən seçimlər təqdim edildikdə, o, özünü daha məsuliyyətli və maraqlı hiss edir.

Həmçinin, şagirddə uğur hissi yaratmaq motivasiyanın əsas şərtlərindən biridir. Tapşırıqlar nə çox çətin, nə də həddindən artıq asan olmalıdır. Şagird öz bacarığını hiss etdikcə öyrənməyə daha həvəslə yanaşır. Səhvlərə münasibət də xüsusi əhəmiyyət daşıyır: səhv etmək qorxusu aradan qaldırılmalı, əksinə, bu proses öyrənmənin təbii hissəsi kimi qəbul edilməlidir.

Nəhayət, müəllim və şagird arasında qurulan münasibət motivasiyanın təməlini təşkil edir. Şagird müəllimlə emosional bağ qurduqda, onun dərsə münasibəti də müsbət istiqamətdə dəyişir.

Nəticə olaraq demək olar ki, şagirdin dərsə maraq göstərməməsi onun istəksizliyindən çox, təhsil prosesinin necə təşkil olunması ilə bağlıdır. Motivasiya tək bir amilin deyil, ümumi öyrənmə mühitinin məhsuludur. Bu mühit düzgün qurulduqda, şagirdlər dərsin bitməsini gözləmək əvəzinə, öyrənmənin özündən zövq almağa başlayırlar".

Gəncə şəhər, M.Füzuli adına 22 nömrəli tam orta məktəbin Riyaziyyat müəllimi, “Örnək müəllim” Humay Quliyeva bildirib ki, şagirdlərin dərsin başlamasına yox, bitməsinə sevinməsi  halını yalnız şagirdin istəksizliyi kimi qiymətləndirmək düzgün olmaz:

182021

“Əslində, bu məsələ dərsin şagird üçün nə qədər mənalı və maraqlı qurulması ilə bağlıdır. Əgər şagird öyrəndiyinin həyatla əlaqəsini görmürsə, dərsdə aktiv iştirak etmirsə, passiv dinləyici olaraq qalırsa və ya özünü uğurlu hiss etmirsə, təbii olaraq diqqəti dərsin bitməsinə yönəlir.

Mən hesab edirəm ki, dərs həm şagird, həm də müəllim üçün sadəcə vaxt keçirmə deyil, kəşf və öyrənmə prosesi olmalıdır. Və nə qədər qəbul etmək istəməsək də, şagirdlər yaş və sinif xüsusiyyətlərindən asılı olaraq, uzun müddət qapalı mühitdə, “dörd divar arasında” oturmağı sevmirlər.

Motivasiya problemini isə tək bir səbəblə izah etmək düzgün olmaz. Burada həm müəllimin rolu var, həm tədris proqramının, həm də ümumi mühitin. Bəzən proqram həddindən artıq sıx və çətin olur, bəzən isə şagirdlər özlərini rahat hiss etmirlər. Amma müəllim olaraq bizim rolumuz xüsusilə böyükdür.

Eyni mövzunu fərqli şəkildə təqdim etdikdə, şagirdlərin reaksiyasının necə dəyişdiyini aydın görmək olur. Məncə, müəllim yalnız bilik ötürən deyil, eyni zamanda motivasiya yaradan şəxs olmalıdır. Bu səbəbdən məsələyə kompleks yanaşmaq vacibdir. Təcrübəmə əsasən deyə bilərəm ki, şagirdlər mövzunu real həyatda istifadə edə biləcəkləri konkret situasiyalar içində gördükdə, ona daha böyük maraq göstərirlər.

Şagirddə öyrənmə istəyinin formalaşdırılması ilə bağlı isə qeyd edə bilərəm ki, uşaqlar maraqlı olanı sevirlər. Dərsi müəyyən qədər oyunlaşdırdıqda, sual-cavab təşkil etdikdə, qrup işləri verdikdə onların aktivliyi artır. Bir vacib məqam da var: uşağa hiss etdirmək lazımdır ki, səhv etmək normaldır. Qorxu aradan qalxdıqda, öyrənmə prosesi daha effektiv olur".

Öyrənmək istəyi hazır verilmir, o, düzgün yanaşma ilə formalaşdırılır:

“Dərslərimdə çalışıram ki, şagirdlər passiv dinləyici deyil, aktiv iştirakçı olsunlar. Dərsi maraqlı sual və ya problem situasiyası ilə başlamaq, qrup işlərinə yer vermək və hər şagirdin, kiçik də olsa, uğur hissi yaşamasını təmin etmək mənim üçün çox önəmlidir.

Eyni zamanda, öyrənilən mövzuların real həyatla əlaqəsini göstərmək şagirdlərdə marağı artırır. Mənim üçün əsas məqsəd yalnız mövzunu izah etmək deyil, şagirddə öyrənməyə qarşı müsbət münasibət formalaşdırmaqdır.

Əsas hədəfim şagirdlərə sadəcə bilik ötürmək yox, onlarda düşünmək, araşdırmaq və öyrənməyə maraq oyatmaqdır. Hesab edirəm ki, həqiqi təhsil şagirdin “niyə?” sualını verməsi ilə başlayır".

Qobustan rayon, Göydərə kənd ümumi orta ümumtəhsil məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, “Örnək müəllim” Zümrüd Bədəlovanın sözlərinə görə, öyrənmək istəyini aşağı siniflərdə formalaşdırmaq daha rahatdır:

182022

“Məsələn, 5-ci, 6-cı və 7-ci siniflərdə bu prosesi həyata keçirmək nisbətən daha asandır, hətta 8-ci sinifdə də müəyyən qədər mümkündür. Amma 7-8-ci sinifdən sonra, yəni 9-cu, 10-cu və 11-ci siniflərdə bu proses xeyli çətinləşir.

Bunun əsas səbəblərindən biri imtahanların erkən keçirilməsidir. Məsələn, imtahan mart ayında baş tutur, halbuki tədris ili iyuna qədər davam edir. Şagird imtahanı verdikdən sonra dərsə marağını itirir, məktəbə davamiyyəti azalır. Üstəlik, imtahanların çoxluğu və yaratdığı stress şagirdin dərsdə diqqətini toplamasına da mənfi təsir göstərir.

Digər mühüm məsələ isə şagirdlərin həddindən artıq yüklənməsidir. Mən özüm də şagirdlərlə çalışan biri kimi bunu aydın müşahidə edirəm. Yuxarı sinif şagirdləri məktəbə gəldikdə artıq istirahət etmək istəyirlər. Çünki repetitorlar, hazırlıq kursları və əlavə dərslər onları ciddi şəkildə yorur.

Bu səbəbdən dərs zamanı onların diqqətini toplamaq və motivasiya etmək daha da çətinləşir. Nəticədə, şagirddə daxili uyğunsuzluq yaranır və diqqəti tez-tez dağılır".

Bundan əlavə, imtahanlarda tələb olunan biliklərlə məktəb proqramı arasında tam uyğunluq yoxdur:

“Bu da əsas problemlərdən biridir. Halbuki məktəblərdə kifayət qədər peşəkar və savadlı müəllimlər fəaliyyət göstərir. Lakin hazırlığa gedən şagirdi məktəb dərslərinə cəlb etmək çox çətin olur. Nəticədə, şagirdin diqqəti parçalanır və o, müxtəlif istiqamətlər arasında qalır.

Digər tərəfdən, mühit faktorunu da nəzərə almaq vacibdir. Şagird məktəbdə bir mühitdə olur, məktəbdən kənarda başqa bir mühitə düşür, evdə isə tam fərqli yanaşma ilə qarşılaşır. Bu uyğunsuzluq onun düşüncəsinə və davranışına birbaşa təsir edir.

Əsas problemlərdən biri də valideyn-məktəb əlaqəsinin zəif olmasıdır. Məktəbdə şagirdə verilən tərbiyə və yanaşma evdə davam etdirilmir. Bəzən valideynlərin müəllimə, məktəbə və ümumilikdə təhsilə münasibəti fərqli olur və bu da ziddiyyət yaradır. Nəticədə ortaq mövqe formalaşmır.

Bundan əlavə, müəllimin cəmiyyətdəki nüfuzu əvvəlki səviyyədə deyil. Bu acınacaqlı olsa da, reallıqdır. Müəllim, valideyn və cəmiyyət arasında əvvəlki uzlaşma zəifləyib. Müəllim fikrini çatdırmaqda çətinlik çəkir, çünki ona qarşı bəzən əvvəlcədən formalaşmış mənfi yanaşmalar mövcud olur. Halbuki əvvəllər müəllimin dedikləri daha çox qəbul edilirdi, indi isə bu münasibət xeyli dəyişib.

Sonda qeyd etmək lazımdır ki, müəllimin səlahiyyətlərinin azalması da bu prosesə təsir göstərir. Şagird artıq müəllimi öyrənmə və maraq obyekti kimi qəbul etmir. Müəllimə münasibət dəyişdikcə, şagirdin dərsə yanaşması da dəyişir.

Ümumilikdə, bu problemlər çoxşaxəlidir və burada onların yalnız bir qismi qeyd olundu. Bu mövzu ətrafında daha geniş müzakirələr aparmaq mümkündür".

Şəmkir rayon Kimya-biologiya təmayüllü lisey Biologiya müəllimi, “Örnək müəllim” Samirə Məsimova söyləyib ki, şagird öyrəndiyini real həyatda tətbiq edə bilmədiyini hiss edəndə dərs onun üçün sadəcə “bitməli prosesə” çevrilir:

182023

“Həmçinin uzun və interaktiv olmayan dərslər də yoruculuq yaradır. Motivasiya problemi daha çox müəllimdən, proqramdan, yoxsa mühitdən qaynaqlanır? Əslində, bu amillər bir-biri ilə sıx bağlıdır. Müəllim dərsi maraqlı və interaktiv təşkil edə bilmirsə, proqram nə qədər yaxşı olsa da, effekt azalır. Eyni zamanda, proqram ağır və ya şagird səviyyəsinə uyğun deyilsə, bu da müəllimin işini çətinləşdirir.

Digər tərəfdən, ailə və məktəb mühiti də şagirdin dərsə münasibətinə ciddi təsir göstərir. Bəs şagirdlərdə öyrənmək istəyi necə formalaşdırılmalıdır? Dərslər real həyatla əlaqələndirilməli, şagirdlər aktiv iştirak etməli və sual verməyə təşviq olunmalıdır. Hətta kiçik uğurlar belə qeyd edilməli və bu, motivasiya vasitəsinə çevrilməlidir.

Ən vacib məqamlardan biri isə odur ki, təzyiq deyil, maraq və həvəs ön planda olsun. Şagird dərsdən zövq aldıqda və özünü bu prosesin bir hissəsi kimi hiss etdikdə, artıq dərsin bitməsini deyil, davam etməsini istəyir. Motivasiya düzgün qurulduqda, dərsin gedişi də daha maraqlı və səmərəli olur".

Rusiyada güclü partlayışlar - Bu şəhərlərə kütləvi HÜCUM BAŞLADI!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox