Azedu.az

Məktəblə qəbul tələbləri üst-üstə düşmür - şagirdlər itirir…

Müəllimlər və elm adamları

25 Aprel 2026, 12:10
Məktəblə qəbul tələbləri üst-üstə düşmür - şagirdlər itirir…

“Hazırda bizim təhsil sistemində, xüsusilə orta məktəb tədrisində qarşıya qoyulmuş məqsədlərlə ali və orta ixtisas təhsili mərhələlərində tələb olunan bilik, bacarıq və vərdişlər arasında ciddi ziddiyyət mövcuddur”.

Bu fikri AzEdu.az-a açıqlamasında Qəbələ rayonu, Məmmədağalı kənd tam orta ümumtəhsil məktəbinin tarix müəllimi, “Örnək müəllim” Elşad Abdurəhmanov qeyd edib.

182013

Müəllim bildirib ki, məktəblərdə şagirdyönümlü tədris modelini tətbiqi müasir yanaşma kimi müsbət haldır:

“Lakin ali məktəblərə qəbul mərhələsində şagirdlərdən daha çox bilikyönümlü nəticələr tələb olunur. Bu iki yanaşma arasında uyğunsuzluq yaranır və nəticədə şagirdlər nə tam olaraq bir sistemə, nə də digərinə uyğunlaşa bilirlər. Bu isə onların həm akademik nəticələrinə, həm də motivasiyasına mənfi təsir göstərir.

Eyni zamanda, hazırlanmış kurikulum proqramları üzərində müəyyən işlər aparılsa da, bu proqramların real həyatla uyğunlaşdırılması tam şəkildə təmin olunmayıb. Təhsil daha çox təcrübəyə əsaslanmalıdır. Şagird yalnız nəzəri biliklərlə deyil, həmin bilikləri praktikada tətbiq etmə bacarığı ilə formalaşmalıdır.

Təəssüf ki, mövcud proqramlarda və dərsliklərdə elə materiallar yer alır ki, onlar nə şagirdin gələcək həyatında, nə də ümumilikdə vətəndaş kimi formalaşmasında əhəmiyyətli rol oynamır. Bu cür artıq və lazımsız məlumatların öyrədilməsi şagirdlərdə yorğunluq yaradır və motivasiyanı aşağı salır”.

“Digər vacib məqamlardan biri şagird maraqlarının nəzərə alınmamasıdır”,- deyə həmsöhbətimiz fikrinə əlavə edib:

“Aşağı siniflərdə ümumi bilik və bacarıqların verilməsi təbii və zəruridir. Lakin müəyyən bir mərhələdən sonra, xüsusilə VIII–IX siniflərdən etibarən şagirdlərin maraq dairəsinə uyğun istiqamətləndirmə aparılmalıdır. Hazırda tətbiq olunan ixtisas qrupları sistemi mövcuddur, lakin bu sistemin daha da təkmilləşdirilməsinə ehtiyac var. Şagirdin marağı olmayan sahəni ona məcburi şəkildə öyrətmək effektiv nəticə vermir. Məsələn, texniki sahələrə marağı olan bir şagirdin humanitar fənlərə eyni səviyyədə cəlb olunması onun motivasiyasını azaldır. Bu səbəbdən tədris daha fərdiləşdirilmiş və maraqlara uyğun qurulmalıdır.

Bununla yanaşı, peşə və ixtisas seçimi ilə bağlı maarifləndirmə işləri demək olar ki, kifayət qədər deyil. Şagirdlərə müxtəlif peşələr, ixtisaslar, əmək bazarının tələbləri haqqında sistemli və əlçatan məlumatlar təqdim olunmur. Nə dərsliklərdə, nə də məktəbdaxili fəaliyyətlərdə bu istiqamətdə ciddi işlər aparılır. Hətta müvafiq qurumların vəsaitlərində belə bu məlumatlar ya çox məhduddur, ya da sistemsiz şəkildə təqdim olunur. Halbuki şagirdlər erkən yaşlardan etibarən gələcək planlarını formalaşdırmağa başlamalı və bu prosesdə düzgün istiqamətləndirilməlidirlər.

Valideyn amili də bu məsələdə xüsusi əhəmiyyət daşıyır. Bəzi hallarda valideynlərin savad səviyyəsinin aşağı olması, dünyagörüşünün məhdudluğu və ya övladlarına qarşı düzgün yanaşma sərgiləyə bilməməsi şagirdlərin motivasiyasına mənfi təsir edir. Uşaq kiçik yaşlarından müxtəlif sahələrə maraq göstərir və bu maraqların düzgün istiqamətləndirilməsi məhz valideynin üzərinə düşür. Lakin bir çox hallarda valideynlər bu məsuliyyəti yerinə yetirə bilmirlər və nəticədə uşaqlar məqsədsiz şəkildə böyüyürlər”.

E.Abdurəhmanovin sözlərinə görə, müasir dövrdə informasiya texnologiyalarının geniş yayılması da bu prosesə həm müsbət, həm də mənfi təsir göstərir:

“İnternet, mobil telefonlar və digər rəqəmsal vasitələr bilik əldə etmək üçün geniş imkanlar yaratsa da, eyni zamanda zərərli və yaşa uyğun olmayan məzmunların əlçatan olması ciddi problemlər yaradır. Şagirdlər bu cür məlumatlara erkən yaşda məruz qalır və bu da onların diqqətini təhsildən yayındırır. Nəticədə təhsil ikinci plana keçir və şagirdlər daha çox əyləncə və qeyri-faydalı fəaliyyətlərə yönəlirlər.

Ailə tərbiyəsində müşahidə olunan digər bir problem isə uşaqların həddindən artıq ərköyün böyüdülməsidir. Müasir ailə modellərində adətən az sayda uşaq olur və valideynlər onların bütün istəklərini yerinə yetirməyə çalışırlar. Bu isə uşaqlarda məsuliyyət hissinin formalaşmasına mane olur. Ərköyün böyümüş uşaq məktəbdə qaydalara riayət etməkdə, müəllimləri dinləməkdə və ümumiyyətlə, təhsil prosesinə uyğunlaşmaqda çətinlik çəkir.

Müəllim amili isə bu sistemin ən əsas sütunlarından biridir. Müəllimlərin peşəkarlığı, dərs keçmə metodları və şagirdlərlə ünsiyyət bacarıqları motivasiyanın formalaşmasında həlledici rol oynayır. Baxmayaraq ki, müəllimlərin bilik səviyyəsinin yoxlanılması üçün müxtəlif imtahanlar və sertifikasiya prosesləri həyata keçirilir, lakin bu, hər zaman keyfiyyətli tədris demək deyil. Bir çox hallarda dərslər monoton və eyni üsulla keçirilir ki, bu da şagirdlərdə maraqsızlıq yaradır. Halbuki fəal təlim üsullarından istifadə edilməsi dərslərin daha maraqlı və effektiv olmasına şərait yarada bilər”.

Bundan əlavə, məktəblərdə kişi müəllimlərin sayının az olması da müəyyən psixoloji balansın pozulmasına səbəb olur:

“Kişi və qadın müəllimlərin fərqli yanaşma tərzi şagirdlərin inkişafına müxtəlif istiqamətlərdə təsir göstərir və bu balansın qorunması vacibdir. Buna görə də müəllimlik peşəsinə marağın artırılması və xüsusilə kişilərin bu sahəyə cəlb olunması üçün əlavə tədbirlər görülməlidir.

Qiymətləndirmə sistemi də təkmilləşdirilməyə ehtiyac duyur. Əgər qiymətləndirmə formal xarakter daşıyırsa və şagird üçün heç bir motivasiya yaratmırsa, bu sistem effektiv hesab oluna bilməz. Qiymətləndirmə şagirdin inkişafını stimullaşdırmalı və onu daha yaxşı nəticələr əldə etməyə təşviq etməlidir.

Nəticə etibarilə, təhsil sistemində mövcud problemlər kompleks yanaşma tələb edir. Bu problemlərin həlli üçün tədris proqramlarının yenilənməsi, müəllimlərin peşəkar inkişafının təmin edilməsi, valideynlərin maarifləndirilməsi, şagird maraqlarının nəzərə alınması və müasir texnologiyaların düzgün istiqamətdə istifadəsi vacibdir. Yalnız bu halda daha effektiv və motivasiyaedici təhsil mühiti formalaşdırmaq mümkün olacaqdır”.

Zelenski-Əliyev görüşündə kritik mesaj - Vahid Əhmədovla Gündəm Masada
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox