Bir anlıq ətrafınıza baxın. Tələsmədən insanları dinləyin, onların sözlərinə diqqət etməyin, reaksiyalarına fikir verin.
Görəcəksiniz ki, hamı kütlədən narazıdır; hamı onun kütbeyinliyindən, düşüncəsizliyindən, sürü psixologiyasından şikayət edir. Hamı kütləni söyür.
Çox qəribədir e…
Bu qədər kütlə düşməni varsa, bəs kütlənin özü hardadır?
Fərd olaraq kimsə özünü kütlə hesab etmir. Hər kəs özünü ondan yuxarıda görür. Kimə desən ki, sən kütlə kimi düşünürsən, dərhal etiraz edər. Deyər ki, nə danışırsan, mən heç vaxt kütlə düşüncəli olmamışam, olmayacağam da.
Bəli, hamı özlüyündə ağıllıdır, hətta guya fərqlidir. Nəticə isə dəyişmir, kütlə var və hökm edir.
Bu yerdə adamın yolunu bir sual kəsir, hamı kütlədən şikayət edirsə, bəs kütlə kimdir, yaxud nədir, haradadır, onun neçə yaşı var?
Cavab bizi qane edəcək, ya etməyəcək, bunu son göstərəcək. Amma kütləni və özümüzü daha yaxından tanımaq istəyiriksə, yazını sonadək oxuyaq.
Əziz dost, kütlə göydən düşmür, heç vaxt da düşməyib. Vallah o bizim içimizdən çıxır. Yaranışdan onun sadə bir diaqnozu var və indiyə qədər də dəyişməyib. Kütlə öz fikri olmayanların toplusudur.
Kütlə düşünə bimir, araşdırmır, dəqiqləşdirmək marağında deyil, di gəl ki, reaksiya verir, tərəf tutur, hətta hökm çıxarır.
Kütlə elə bir məkandır ki, orada hamı danışır, heç kim eşitmir və məsuliyyət daşımır. Hamı qışqırır, heç kim cavab vermir. Hamı günahlandırır, heç kim özünə baxmır.
Bəzən adama elə gəlir ki, zamanla kütlə də qocalır. Amma bu illüziyadır. Gerçək odur ki, kütlə həmişə eyni yaşdadır. O, böyümür. Ağlı artmır. Olanlardan nəticə çıxarmır.
Ona görə də qocalmır.
Əziz dost, qocalmaq üçün əvvəl yaşamaq lazımdır, düşünmək lazımdır. Kütlə ancaq təkrarlayır, onun yaşamaq halı yoxdur.
Pessimist olmayın, kütlə tək bizdə deyil, dünyanın hər yerindədir. Adı dəyişir, dili dəyişir, amma mahiyyəti qalır.
Səs-küy, şayiə, qaraguruh, şirin yalan kütlənin sevdikləridir.
Kütlə yalanı Məcnun kimi sevir. Leylinin harada olması, neynəməsi onun üçün maraqlı deyil.
Kütlə meduza kimidir. Onu külək aparır, hava axını yönləndirir. Soruşmaq, yoxlamaq, şübhə etmək, düşünmək bacarığı yoxdur. Dünən dediyini bu gün inkar edir, bu gün daşladığını sabah alqışlayır.
Kütlənin işi təkrarlamaqdır, birinin dediyini min dəfə deyir, birinin göstərdiyi yerə min dəfə baxır.
Kütlədə utanmaq hissi yoxdur. Kütlə nankordur. Bir anın içində səni həm göylərə qaldırar, həm də yerlə bir edər. Onun çox yekə iddiası var, hesab edir ki, hər zaman haqlıdır...
Bir neçə vaxtdır kütlədə hicab məsələsi müzakirə olunur. Bir qisim qışqırır ki, hicab azadlıqdır, digərləri bağırır ki, gerilikdir...
Siz heç gördünüzmü ki, kimsə azyaşlı hicablı qızın nə düşündüyü ilə maraqlansın... Balaca bu qərarı niyə verib, onun seçim haqqı varmı?
Kütlə üçün fərdin düşüncəsi maraqlı deyil. Kütlə simvollarla düşünür. Parça görür, hökm verir. Baş örtüyünü görür, insanı silir.
İnanın, hicab kütlə üçün nə inancdır, nə seçim, qıcıq doğuran obyektidir. Kütləyə müzakirə yox, dava lazımdır.
Bir gün öncə "İdrak" liseyində hadisə baş verən kimi kütlə dərhal işə düşdü. Kimi müəllimi müqəddəsləşdirdi, kimi şagirdi şeytanlaşdırdı. Kimisi məktəbi söydü, kimi ailəni, kimi də dövləti...
Sual verən oldumu ki, bu uşağın psixoloji durumu nə idi? Bu gərginlik haradan yığılıb? Bu silah ora necə gəlib, faciənin sosial səbəbləri nədir?
Kütlə faciəni düşünmür, istehlak edir. Bir az yalandan ağlayır, bir az yalandan söyür, bir az görünmək üçün paylaşır, sonra növbəti mövzuya keçir. Sabah başqa bir hadisə olacaq, bu unudulacaq.
Çünki kütlənin yaddaş başı yoxdur.
Kütlənin ən təhlükəli tərəfi şüursuzluğudur, o, bilmədiyini də bilmir.
İnsan özünü tanımaq istəyirsə, bir suala dürüst cavab verməlidir, “Mən düşünürəm, yoxsa təkrarlayıram?”
Bu sualın cavabı bizim yerimizi göstərəcək, ya kütlənin yemik, ya da öz yerimizdəyik.
Kütlə ağıllıları, savadlıları sevmir. Kütlə özü səviyyəsində olanları xoşlayır. Qışqıra-qışqıra danışanları, göz görə-görə yalan deyənləri, maska taxıb şou göstərənləri qəhrəman edir.
Heç görmüsünüzmü kütlə dünya şöhrətli bir alimi sevsin, bir qəhrəmanı sağlığında göylərə qaldırsın...
Əziz dost, kütlənin dilini bilmək, onunla oynamaq da bir bacarıqdır. Allah kəssin bu bacarığı, amma bacarıqdı...
Bu gün siyasətdə, mediada, mədəniyyətdə, ədəbiyyatda və bütün sahələrdə “uğur qazananların” çoxu məhz bunu edir. Kütləyə oynayır, onu aldadır, zəif yerlərini basırlar.
Kütlə səs-küy, asan cavab, günahkar istəyir...
Kütlə düşünmək istəmir, məsuliyyət, həqiqət istəmir.
Son sadə, amma çox acıdır...
Dünya kütlə ilə oynayanlarındır.
Amma ironiyaya bax ki, onlar da mahiyyətcə kütlənin özüdür.
Onlar utanmırlar, maskalıdırlar.
Kütlə və kütlə ilə oynayanlar gücgüyə baxmaq istəmirlər. Çünki orada özlərini görəcəklər. Kütlə görə bilmədiyi tərəfə, kütləylə oynayanlar kütləyə baxır.
Biz güzgüdə özümüzə baxaq. O zaman kütlə olmayacağıq.