XƏBƏRLƏR

23.01.2020 10:47
Tələbələr üçün misilsiz imkanlar yaradan könüllülük proqramı- Birinciliyə aparan “Bir”

“Gələcəklə fəaliyyətimizdə  əsas məqsədimizdən biri  inkluziv könüllülərlə bağlıdır”.

Bu  sözləri AzEdu.az-a açıqlamasında  “Bir” Tələbə-Könüllü Proqramının rəhbəri Canoğlan İlyasov deyib.

Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək  üçün könüllülük fəaliyyətinin xüsusi əhəmiyyəti var. 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edildikdən sonra bu sahəyə diqqət daha da artırıldı.

“Könüllülərimiz proqram çərçivəsində iş imkanları da əldə edirlər”

 

C. İlyasov açıqlamasında proqram çərçivəsində görülən işlərdən də danışır:

“Ölkədə könüllülüyün təbliği istiqamətində 2015-ci ildə Bakı Avropa Oyunları ilə bağlı Təhsil Nazirliyinin təşəbbüsü ilə  “Bir” Tələbə-Könüllü Proqramı yaradıldı.

Bundan sonra ölkədə keçirilən beynəlxalq və dövlət əhəmiyyətli tədbirlərə könüllü dəstəyi verməklə yanaşı, tələbə könüllülərin inkişafı üçün müəyyən proqramlar həyata keçiririk.  Hazırda, Heydər Əliyev Fondu, Gənclər Fondu, Milli Olimpiya Komitəsi, Formula-1, “ASAN” Xidmət, bir sözlə, könüllülüklə bağlı bir çox özəl və dövlət qurumları ilə əməkdaşlığımız var.

Könüllülük tələbələrə çox şey qazandırır; bunu şablon olaraq demirəm. “Bir” Tələbə-Könüllü Proqramı yaradıldıqdan bu yana qarşımızda 6 istiqamət müəyyənləşdirmişik: yaşa, yaşat, öyrən, öyrət, tətbiq et və zövq al. Bütün bu istiqamətlər könüllülərə dostluq münasibətlərinin inkişaf etdirilməsində, təşkilatçılıq bacarıqlarında, gələcək karyeralarında üstünlük qazandırır. Növbəti il  Könüllülərarası Milli Olimpiya Oyunlarını təşkil edəcəyik.

Hazırda konulli.edu.az platformasında  “Bir” Tələbə -Könüllü Proqramı könüllüləri  öz profillərini yaradırlar. Həmin platformada onların könüllülük fəaliyyəti ilə bağlı  məlumatlar yerləşdirilir. Bu fəaliyyətlər əsasında il sonunda ən fəal könüllü seçilir. Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən keçirilən tədbirlərdə iştirak edən könüllülərə sertifikatlar verilir. Onların Əmək kitabçası da formalaşır. 

Könüllülərimiz proqram çərçivəsində iş imkanları da əldə edirlər. “Bir” Tələbə-Könüllü Proqramının üzvləri hazırda özəl və dövlət qurumlarında iş imkanları əldə ediblər”.

“Tələbələrimizin xarici beynəlxalq tədbirlərdə də iştirakını arzulayırıq” 

C.İlyasov söhbət əsnasında proqramın gələcək hədəflərindən də söz açıb:

“2015-ci ildə yarandığı gündən bu yana “Bir” Tələbə-Könüllü proqramı 520-dən çox mühüm dövlət və beynəlxalq  tədbirlərdə iştirak edib. 26 ali, 18 orta ixtisas təhsil müəssisələrindən tələbələr “Bir” Tələbə-Könüllü Proqramına qoşulub. Bu ildən artıq peşə təhsili müəssisələrindən də tələbələr proqrama qoşula biləcəklər. 

Gələcəklə fəaliyyətimizin   əsas istiqamətlərindən biri də inklüziv könüllülərlə bağlı olacaq. İndiyə qədər 50-ə qədər fiziki məhdudiyyətli gənc tələbə sıralarımıza qoşulub. İnklüziv könüllülərin proqrama cəlb edilməsi prioritet hədəflərimizdəndir. Eyni zamanda, beynəlxalq sferaya da keçmək də əsas məqsədlərimizdən biridir. Biz tələbələrimizin xarici beynəlxalq tədbirlərdə də iştirakını istəyirik”.

““Bir” mənə çox şey qazandırdı”

 “Bir” Tələbə- Könüllü Proqramının üzvləri də fəaliyyətləri barəsində danışaraq, könüllülük amilinin üstünlüklərini vurğulayıblar.     

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin III kurs tələbəsi Elnur  Mirzəzadə könüllülük fəaliyyətinin ona qazandırdığı üstünlüklərdən söz açır:

“2017-ci ildə qoşulduğum “Bir” Tələbə-Könüllü Proqramında, bir çox beynəlxalq və yerli tədbirlərdə könüllü olaraq fəaliyyət göstərmişəm. 2019-cu ildə keçirilən Tələbə- Könüllü Forumunda fəaliyyətimlə bağlı Gənclər Fondu tərəfindən mükafata layiq görüldüm. Eyni zamanda, 2019-cu ildən etibarən proqramda menecer kimi çalışıram.

“Bir” proqramı mənə çox  şey qazandırdı; ən əsası da komanda ilə işləmək bacarığı...  24 minlik bir kütlə ilə işləmək heç də asan bir iş deyil. Bu proqram vasitəsilə özümdəki idarəçilik bacarığını aşkar edə bildim. Bundan əlavə, proqram mənə yüksək səviyyədə ingilis dili bacarığı da qazandırdı. Universitetə yeni daxil olanda İngilis dili bölməsini seçsəm də, dil bilgim  o qədər də yaxşı deyildi. Proqram çərçivəsində iştirak etdiyim beynəlxalq tədbirlər mənə ingilis dilini inkişaf etdirməkdə yardımçı oldu.

Könüllülük fəaliyyətimlə yanaşı, təhsilimi də davam etdirməyə çalışıram. Əsas hədəflərimdən biri də magistraturaya qəbul olmaqdır”.

“Bir”Tələbə -Könüllü-Proqramı  bizə müxtəlif sahələrdə təcrübə qazanmaq imkanı yaradır”

Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Mənsurə Məhərrəmova gələcək karyerasını da “Bir” Tələbə - Könüllü Proqramı istiqamətində qurmaq fikrindədir:

“”Bir” Tələbə- Könüllü Proqramındakı fəaliyyətimə bir əvvəl başlamışam. Birinci kursda oxuyarkən universitetdə “Bir” haqqında çox eşidirdim. Proqrama qoşulana qədər elə də əhəmiyyəti olmayan bir rəqəmi mənim üçün say deyil, dəyərə çevrildi. 

Proqramda 2018-ci ildən etibarən fəaliyyət göstərirəm. 2019-cu ildə fəaliyyətimə görə  “İlin könüllüsü” adına da layiq görüldüm. Hazırda ofis nümayəndəsi kimi fəaliyyətimi davam etdirirəm.

“Bir” Tələbə-Könüllü Proqramı mənə çox şey qazandırdı, ən əsası, da möhkəm dostluqlar...

Biz ali məktəbdə müəyyən bir sahə üzrə təhsil alırıq. Lakin “Bir”Tələbə-Könüllü  Proqramı bizə müxtəlif sahələrdə təcrübə qazanmaq imkanı yaradır.

Hazırda Azərbaycan Dillər Universitetində fransız dili müəllimliyi üzrə təhsil alsam da kariyeramı proqram çərçivəsində öyrəndiyim sahələr üzrə davam etdirmək istəyirəm”.