Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Qazaxıstanın Şərqi Qazaxıstan Texniki Universiteti və Atrau Neft və Qaz Universitetinin nümayəndələri ilə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, görüşdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, Şərqi Qazaxıstan Texniki Universitetinin rektoru Saulə Rahmatullina, Atrau Neft və Qaz Universitetinin prorektoru Sabit Mukhanov və hər üç universitetin nümayəndə heyətləri iştirak ediblər.
Rektor professor Gülçöhrə Məmmədova çıxışında Qazaxıstan universitetləri ilə mövcud olan faydalı əməkdaşlıqları vurğulayıb. O, türk dövlətləri arasında əlaqələrin daha da gücləndirildiyini, xüsusilə Orhun mübadilə proqramının buna yeni imkanlar yaratdığını qeyd edib.
Rektor ulu öndər Heydər Əliyevin uzaqgörənliyi ilə əsası qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanın yerləşdiyi regionun lider ölkəsinə çevrildiyini bildirib və qazandığı böyük zəfərindən söz açıb. Azad olunmuş ərazilərimizdə aparılan sürətli tikinti-quruculuq işlərinə diqqət çəkən rektor bu prosesdə AzMİU məzunlarının aktiv iştirakını qürurla qeyd edib.
Şərqi Qazaxıstan Texniki Universitetinin rektoru Saulə Rahmatullina Azərbaycanda və AzMİU-da olmaqdan duyduğu məmnuniyyəti ifadə edib. O, universitetlər arasında birgə əməkdaşlığın yeni imkanlar yaradacağını söyləyərək gələcəkdə reallaşa biləcək ortaq layihələr haqqında fikir mübadiləsi aparıb.
Atrau Neft və Qaz Universitetinin prorektoru Sabit Mukhanov AzMİU ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, AzMİU-da aparılan elmi tədqiqatlar ilə maraqlandıqlarını, qarşılıqlı tədqiqat mübadiləsinin mümkünlüyünü dilə gətirib və birgə əməkdaşlığın yaradacağı yeni imkanlar barədə danışıb.