Azedu.az

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

Xəbərlər

13 Mart 2025, 14:16
“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

Martın 13-də Bakı Konqres Mərkəzində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatının final görüşü başlayıb.

 

AzEdu.az xəbər verir ki, bu il çempionata 6 region və paytaxtda yerləşən 25 ali təhsil müəssisəsindən 32 komanda qatılıb. Finala vəsiqə qazanmaq üçün 3000-dən çox tələbə ilkin seçim turunda iştirak edib.

 

Tədbirin açılış mərasimində giriş nitqi ilə çıxış edən Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə bildirib ki, intellektual yarışlar gənclərin analitik düşüncə qabiliyyətini artırmaqla yanaşı, onların fərdi və kollektiv bacarıqlarının inkişafına da töhfə verir.

 

Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin Tələbə-gənclərlə işin əlaqələndirilməsi sektorunun müdiri Hilal Salmanov bu cür tədbirlərin tələbələrin elmə və intellektual fəaliyyətə marağını artırmaqla yanaşı, onların təhsil həyatında daha uğurlu olmalarına kömək etdiyini vurğulayıb.

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov da öz növbəsində intellektual yarışların tələbələr arasında dostluq münasibətlərinin inkişafında əhəmiyyətini vurğulayıb və final iştirakçılarının ölkənin ən güclü intellektual komandaları olduğunu bildirib.

 

Çıxışlardan sonra final yarışına start verilib.

 

Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyi, Gənclər Fondu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “3 sual” intellektual oyunlar platforması və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilir.

 

Layihənin əsas məqsədi tələbələrin intellektual potensialını üzə çıxarmaq, onların bilik və məntiqi düşüncə qabiliyyətlərini inkişaf etdirmək və universitetlərarası intellektual mühitin formalaşmasına dəstək olmaqdır. Eyni zamanda, bu cür yarışlar gənclərin komanda şəklində işləmə bacarıqlarını gücləndirir və elmi biliklərini praktik olaraq tətbiq etmələrinə imkan yaradır.

 

TƏCİLİ! İran Ermənistana qoşun yeridir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox