https://www.zirve.edu.az/
12.12.2018 14:15
“Alimlərimiz bacarıqlarını beynəlxalq arenada göstərə bilmirlər” – Vahid Əhmədov  

AzEdu.az-ın “Amma və lakin…” rubrikasında qonaqlarımız onlara təqdim olunan cümlələri tamamlayırlar.

Çünki həyatda hər şeyin bir əmması var... Təhsildə də bu gün bir çox uğurlu işlərin şahidi oluruq... Amma və lakin...

Bunu  rubrikanın növbəti qonağı - Milli Məclisin deputatı  Vahid Əhmədovdan eşidək:

-Vahid müəllim, yeni qərara əsasən, orta məktəblərin sahibkarlıqla məşğul olması müsbət nəticə verə bilər. Amma və lakin...

-Bu, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına çox da ciddi təsir göstərməyəcək. Çünki orta məktəb daha çox dərs, elmlə məşğul olmalıdır.

-Kurikulum metodlu tədris orta məktəb şagirdlərində sərbəst fikir bildirmək bacarığını bir qədər inkişaf etdirib. Amma və lakin...

Tədrisin inkişafında müəyyən irəliləyişlər olsa da, bu, hələ o demək deyil ki, biz ona nail olmuşuq. Müəyyən əlavə  islahatlarla buna nail olmaq olar.

-Dövlət ali təhsil müəssisələri dünya universitetlərinin reytinqində elmmetrik bazada təmsil olunur. Amma və lakin...

-Bizim elə universitetlərimiz var ki, yaxşı işləsələr, daha yüksək reytinq ala bilərlər. Məsələn, Azərbaycan Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Dövlət Universiteti və s.

-Elm adamlarının xarici ölkələrə üz tutması Azərbaycan elminin təbliği baxımından müsbət haldır. Amma və lakin...

Son vaxtlar Azərbaycan dövlət başçısı onlar üçün çox münbit şərait yaradıb. Yaxşı olardı ki, Azərbaycana daha çox xeyir versinlər.

-Deyilənə görə, AMEA mütəxəssisləri arasında dünya elminə töhvə verə biləcək alimlər çoxdur. Amma və lakin...

-Öz bacarıqlarını beynəlxalq arenada göstərə bilmirlər. Doğrudan da bizim bacarıqlı akademiklərimiz həddən artıqdır.

-Özəl universitetlər xarici təcrübənin tətbiqinə cəhd etdiklərinə görə, digər ali təhsil müəssisələri ilə müqayisədə daha müasirdirlər. Amma və lakin...

- Deməzdim...  Reytinq cədvəlində onlardan da irəlidə olan dövlət universitetləri  var.

-Azərbaycanda valideynlər övladlarının təhsilli gələcəyi üçün çox çalışırlar. Amma və lakin...

Son vaxtlar təhsildə yaranan müəyyən problemlərlə əlaqədar övladlarının xaricdə təhsil alması üçün daha çox çalışırlar.

-Elm və yaradıcılıqda plagiatlıq hallarına qarşı haqlı olaraq sərt mövqe tutan alimlərimiz var. Amma və lakin...

Nə qədər sərt mövqe tutsalar da, bizim orijinal alimlərimiz də az deyil.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları