Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-25 11:54:33
300-ə yaxın erkən evliliyin qarşısı alınıb

2022-ci ildə respublikada erkən evlilik hallarının göstəricilərində artım müşahidə olunub.

 

AzEdu.az-ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatına əksini tapıb.

 

Qeyd edilib ki, bu nəticə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasəndir. Bakı şəhərinin 12 rayonu üzrə şəhər icra hakimiyyətlərinə erkən evliliklə bağlı 34 müraciət daxil olub. Nikah yaşının 1 il azaldılmasına görə 12 rayon üzrə 23 müraciətə baxılıb, hamiləlik, uşağın doğulması və digər üzürlü hesab oluna biləcək səbəblər araşdırılıb. Müvafiq sənədlər tələb olunub. Araşdırmaların nəticəsi olaraq 5 müraciət üzrə (Qaradağ rayonu-1, Suraxanı rayonu-1, Sabunçu rayonu-2, Binəqədi rayonu-1) nikah yaşının 1 il azaldılmasına sərəncam verilib.

 

Yerli rayon icra hakimiyyətlərindən alınan məlumata görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısı alınıb. Qazax-Tovuz (68 erkən evlilik) və Lənkəran-Astara (57 erkən evlilik) iqtisadi rayonlarının göstəricilərinə əsasən, bu ərazilərdə daha çox erkən evlilik faktı müəyyən edilib.

 

Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzrlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Qazax-Tovuz (59) və Mərkəzi Aran (40) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir.