Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-08 10:47:00
2023-cü il Prezident mükafatçısından gənclərə tövsiyə - AÇIQLAMA

Prezident İlham Əliyev Gənclər Günü münasibətilə bir sıra gəncləri mükafatlandırdı. Onlardan biri də müsahibimiz, “Vətəndaş Cəmiyyətində Debat” İB-nin sədri və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Ülviyyə Axundovadır.

 

O, mükafatlandırmanın təəssüratlarından keçirdiyi hiss və düşüncələrini AzEdu.az-la bölüşüb:

 

 

-2023-cü ilin Prezident mükafatçılarından biri oldunuz, bu haqda nə deyə bilərsiniz?

 

- Ölkə rəhbəri tərəfindən Gənclər Günü münasibəti ilə mükafatlandırılan gənclərdən biri olmaq həqiqətən də qürurvericidir. Bu, biz gənclərə Prezident cənab İlham Əliyev tərəfindən göstərilən etimad və verilən dəyərin göstəricisidir. Qeyd edə bilərəm ki, bu mükafat hər bir gənc üçün dəyərlidir. Eyni zamanda bizim fəaliyyətimizə olan məsuliyyətimizi daha da artırır və bizləri yeni işlər, layihələr həyata keçirməyə daha da həvəsləndirir. Azərbaycan Gəncləri Günü hər il xüsusi şəkildə qeyd edilir, bu günün özü biz gənclərə Ümummilli lider Heydər Əliyev tərəfindən verilən hədiyyə mahiyyəti daşıyır. Bildiyiniz kimi ötən il Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu təşkil olunmuşdu. Mən də həmin Forumun həm iştirakçısı, həm də ölkə başçısına sual ünvanlamaq imkanı əldə edən gənclərdən biri idim. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, Gənclər günü hər il mənim üçün özəl və yaddaqalan olur, həyatımda unudulmaz anların yaşanmasını stimullaşdırır.

 

-Mükafatlandırıldığınızı biləndə nə hisslər keçirdiniz?

 

- 2023-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında adımı görmək olduqca fəxr və sevinc dolu bir hissdir. İlk öyrəndiyim zaman yaşadığım xoş təəssüratları ifadə etmək çətindir. Hətta həyəcandan siyahını bir neçə dəfə nəzərdən keçirdim və sonra sevdiklərimlə bu xəbəri bölüşdüm. Hər zaman düşünmüşəm ki, hansı işlə məşğul olmağımıza baxmayaraq, öhdəmizə götürdüyümüz işi ən yüksək səviyyədə icra etməli və fərqlənməliyik. Buna görə də gördüyümüz hər bir işdə, fəaliyyətlərimizdə əlimizdən gələnin ən yaxşısını etməyə, cəmiyyətə faydalı olmağa və qalib ölkənin gənci ifadəsini doğrultmağa çalışırıq. Bütün bunların nəticəsində seçilmək və bu mükafata layiq görülmək xüsusi bir hadisədir. Ümumilikdə, mənim üçün əvəzolunmaz və təkrarolunmaz bir gün idi deyə bilərəm.

 

-Gələcəkdə bu yöndə hansı işləri görməyi planlaşdırırsınız?

 

- İndiyədək bütün fəaliyyətimizi uğurla davam etdirmişik. İndi isə işimizə verilən dəyər məsuliyyət və diqqətimizi daha da artırıb. Mən “Vətəndaş Cəmiyyətində Debat” İB-nin sədri və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini kimi çalışıram. Sözügedən təşkilatların fəaliyyəti Azərbaycanın gənclər siyasətinin bir hissəsidir. Həmin bu siyasətin yaratdığı imkanlardan, resurslardan daha çox gəncin faydalanmasına, inkişafına dəstək olmağa və bu etimadı bundan sonra da doğrultmağa çalışacağam.  Hazırda rəhbərlik etdiyim “Vətəndaş Cəmiyyətində Debat” İB yerli və beynəlxalq səviyyədə həyata keçirdiyi proqramları (Milli Debat Proqramı, “Youth Inc. Sahibkarlıq Proqramı, “Azerbaijan Public Speaking Competition”, Azərbaycan üçün Öyrət”, Karyera proqramları) ilə üzvü olan hər bir gəncin həyatına təsir etməyə, onun inkişafına dəyər qatmağa davam edir. Hansı ki, mən bu fəaliyyətə könüllü əsaslarla müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak, təmsilçilik vasitəsilə başlamışdım. Zaman keçdikcə əldə olunan təcrübə, mühit və imkanlar artıq proqram, layihələrin təşkilatçısına çevrilməyimə şərait yaratdı. Biz komandamızla birlikdə 2023-cü ildə gənclərin bilik və bacarıqlarının artırılması (burada regionlarımız da xüsusi diqqətdədir), milli, mənəvi dəyərlərimizi qorumaqla yeni çağırışlara hazırlıqlı gənclərin yetişdirilməsi, gənc nəslin sahibkarlıq və məşğulluq problemlərinin həllinə dəstək olunması, gənclər arasında “Heydər Əliyev ili”nin təbliğ olunması, ölkə daxili və xaricində uğurlu təmsilçilik üçün fəaliyyətlərin, proqramların təşkili, ucqar kəndlərdə yaşayan şagird və yeniyetmələrə bərabər təhsil imkanları yaratmaq üçün layihələr həyata keçirməyi planlayırıq.

 

-Son olaraq, gənclərə tövsiyyələriniz nələrdir?

 

- Gənclik insan həyatının ən dəyərli və önəmli illəridir. Bu illərdə atılan addımlar, verilən qərarlar gələcək həyatımıza birbaşa və dolayı yolla təsir göstərir. Ona görə də qarşıya çıxan fürsət və imkanlardan yaxşı istifadə etmək, fərqli təşəbbüslərlə çıxış etmək, hər bir sahədə uğurla fəaliyyət göstərmək lazımdır. Gənclik dövrü bizə bunları etmək üçün vaxt və imkan yaradır. Vaxt isə özü bir investisiyadır, ondan faydalı şəkildə yararlanmaq lazımdır. Gənc dostlarıma və həmkarlarıma gördükləri işi sevməyi, fəaliyyətin növündən asılı olmayaraq ona məsuliyyətlə, həvəslə yanaşmağı, təmkinli olmağı, öz üzərində hər zaman çalışmağı və daima özünəinamlı olmağı tövsiyə edərdim. İnanıram ki, bütün bunlar olduğu zaman uğur qazanmaq da qaçılmazdır. Biz bundan sonra da qalib ölkənin gəncləri olaraq həm ön, həm arxa cəbhədə ən yaxşı şəkildə təmsil olunmağa və bayrağımızı daima yüksəklərə qaldırmağa davam edəcəyik.