https://www.zirve.edu.az/ #
2021-11-22 09:51:00
"Dərsdə vulkan püskürtmək istəyirdik, amma sirkəmiz çatmadı” – Müəllimlərin yaşadığı olaylar  

Deyirlər,  müəllim bir şama bənzər, özünü əridərək başqalarına da işıq verər.

 

Bəs görəsən  elm, bilik xəzinəsinin qapısını  insanların üzünə açan şəxslərin müəllimlik  həyatında  nə kimi maraqlı və gülməli əhvalatlar olub?

 

AzEdu.az  bununla bağlı   gənc müəllimlərə müraciət edib:

 

Nuranə Abbaslı - “Müəllimlik həyatımda gülməli əhvalatlarım çox olub. Bir dəfə  şagirdlərimə  tənəffüs zəngi bitənə qədər dərs keçmişəm. O  zaman   digər  ixtisas  müəllim gələrək söylədi ki, artıq çıx mənim dərsimdir. Daha sonra şagirdlər   “ay müəllim, niyə imkan vermədiz ki, tənəffüsə çıxaq”?! Mən isə şagirdlərimə zəngin səsini eşitmədiyimi bildirdim…”

 

Aysel Səfərzadə-“Mən Şəki şəhəri baş Göynük kənd 1 saylı orta məktəbdə müəllim işləyirəm. Kənd məktəbində müəllim olaraq fəaliyyət göstərdiyimdən çoxlu maraqlı və  gülməli əhvalatlarım olub. Bir dəfə sinfə daxil olub,  jurnalda siyahıya baxaraq  şagirdlərə söylədim ki, aralarında biri yoxdur, hardadır?! Şagirdlər isə söylədi ki, həmin şagird yerdədir. Məndə yerə əyilərək baxıram ki, şagird yoxdur. Sonra məlum oldu ki,  şagirdlər həmin uşağın  məktəbin həyətində olduğunu söyləyiblər.

 

Müəllim işlədiyim ilk vaxtlarda şagirdlərimin biri “saat” sözünü dəfələrlə təkrar edirdi. Elə bilmişəm ki, şagirdim saata baxmaq istəyib  mən də söylədim ki, saatı alıb sındıracam. Daha sonra şagirdlər gülməyə başladı . Sonda məlum oldu ki,  oğlan şagirdimin adı Saat imiş…”

 

Aysel Alıcanova- “Tətil gününə sayılı günlər qalmışdı, şagirdlərimə söylədim ki, tətilə  buraxılırsınız,  gəlməyin.  Şagirdimlərimdən birinin  valideyni evdə övladına söyləyib ki, sabah dərsdir. Səhər dərsə gəldiyim zaman gördüm ki, tətil olmasına baxmayaraq  şagirdim dərsdədir.  Sonda ona  məlum olub ki, tətildir”. 

 

Zəminə Qarayeva-  “Müəllim kimi başıma gələn  ən maraqlı hadisə.... Bir dəfə şagirdlərimi  Şəhidlər Xiyabanına aparmışdım. Orada  şeir deyib, məlumatları söyləyib, şəhidlərimizin xatirəsini yad etdik Xiyabandan qayıtdığımız zaman şagirdin   biri bir sual verdi: Müəllim, bizim əsgərlərimiz vətənimizin azadlığı uğrunda canlarından keçib Şəhid adı qazanıblar... Bəs düşmənlərin əsgərləri bizim vətən uğrunda döyüşüb öləndə ona nə ad verirlər? ”Məni hələ də bu sual düşündürür”.

 

Araz Hacıyev- “Yardımlı rayon Dağüzü kəndində ilk müəllimlik fəaliyyətinə başlayırdım, 2012-ci il idi.   Yeni ortam, kollektiv, tanımadığım  insanlar sanki yeni mədəniyyət, adət-ənənə idi. Hər şey maraqlı olduğu qədər də həyəcanlı idi. İlk günlərdə həyəcanlı olduğum dərslərdən biri idi. 5-ci sinifdə “Ata yurdu” ( Azərbaycan tarixi ) dərsində idim. Gördüm şagirdlərdən biri yanında olan parta yoldaşı  ilə nəsə danışır və hiss edirəm ki, məndən gizlətmək istəyirlər. Məsələyə aydınlıq gətirmək üçün ayağa qaldırıb nə baş verdiyini soruşdum. Çox utancaq biri olduğu üçün  dolayı  yolla nə baş verdiyini çətinliklə öyrəndim.  Mən o kəndə yeni gedəndə ilk günlərdə məlum məsələ valideynlər müəllim haqda övladlarından necə olduğunu  soruşublar. Uşaq evdə məni təsvir edəndə boyumun balaca olduğunu da söyləyib, atasıda deyib ki, (uşağın dilindən ) a bala müəllimin boyu balacadırsa və birdə bax gör eynək taxırsa savadlı müəllimdir. Uşaqda atasına deyib ki " ata eynəyi yoxdu amma boyu balacadı, yəqin çox da savadlı deyil ". Eynəyi olsaydı,  savadlı olardı. Mən o zaman çox gülmüşdüm…”

 

Səltənət Quliyeva-  “İlk dərs günümdə maraqlı bir hadisə baş vermişdi. İlk dərsim 4 il bundan öncə   11-ci sinifdə idi. Sinfə girdiyim zaman çox həyəcanlı idim. Şagirdlərlə tanış oldum  və mənə suallar verməyə  başladılar.  Suallara  cavab vermək istəyirdim ki,  qolum çox möhkəm  ağrımağa başladı.  O zaman nə baş verdiyini anlamadım, uşaqlar üzümə baxır , mən isə onlar anlamasın deyə səsimi çıxara bilmirdim.  Qolumu  stoldan qaldırdım və arının   məni   sancdığını  gördüm. Elə bu ağrı  ilə də dərsə  davam etdim. Şagirdlərimə bu barədə heç bir şey demədim. Zəng vuruldu arının iynəsini çıxartdım qolum  çox şişmişdi. Ən maraqlısı  isə ömrümdə  ilk dəfə idi ki,  məni arı sancırdı. Həm də ilk dərs günümdə…”

 

Tural Topçuyev-“Mən şagirdlərim ilə hər gün gülürəm.  Bir dəfə şagirdlərimizlə  təcrübə olaraq vulkan maketi hazırlayıb, onu püskürtməli idik.  Vulkanı püskürtmək üçün hər şey hazır idi.  Lakin Aytac adlı  bir şagirdim sirkəni az gətirdiyi üçün  vulkan püskürmədi. Vəziyyətdən çıxmaq üçün  dedim ki,  uşaqlar  çökmə süxur  qalın olduğu üçün vulkan sönmüş çıxdı. Bu da şagirdlərdə  bir təbəssüm  yarandı və böyük  gülüşə  səbəb oldu…”