Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-30 10:24:00
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün sentyabrın 30-dan oktyabrın 4-ü saat 23:59 dək DİM-in internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.

 

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılır.

 

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

 

Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib.

 

Bu nömrədə, həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2020-ci ildə rezidenturaya qəbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid balları da təqdim olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. Jurnalın elektron versiyasını isə (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.